Yuxarı

Böhran neft gəlirlərini "vurur"

Böhran neft gəlirlərini

Böhran neft gəlirlərini

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlərin azalacağı gözlənilir. 

2020-ci ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 606,6 milyon ABŞ dolları və ya 1 milyard 31 milyon manat olması proqnozlaşdırılır. 

Bu da manat ifadəsilə 2018-ci ilin müvafiq icra göstəricisindən 850,2 milyon manat və ya 5,7 dəfə çox, 2019-cu ilin proqnoz göstəricisindən 411,2 milyon manat və ya 29,5 faiz və gözlənilən icra göstəricisindən 1 milyard 519,7 milyon manat və ya 59,6 faiz azdır. 2020-ci il üçün orta illik gəlirlilik göstəricisi 1,45 faiz səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2019-cu ilin proqnoz göstəricisindən (2,14 faiz) 0,69 faiz bəndi, cari ilin 9 aylıq icra göstəricisindən (3,89 faiz) isə 2,44 faiz bəndi azdır. Bu, Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində bildirilib.

Rəydə qeyd edilib ki, Fondun yerləşdirdiyi investisya alətlərində gəlirliliyin əvvəlki illərlə müqayisədə azalması dünya maliyyə bazarlarında ABŞ dollarında olan borc öhdəlikləri və pul bazarları portfelinin gəlirliliyinin 2020-ci ildə cari ilə nisbətən daha aşağı olmasının gözlənilməsi ilə izah oluna bilər. Buna səbəb, ABŞ iqtisadiyyatında son zamanlar müşahidə olunan makroiqtisadi dəyişikliklər, o cümlədən yeni tendensiyaları qeyd etmək olar.

İqtisadçı-ekspert Pərviz Heydərov "Cümhuriyət” qəzetinə bildirib ki, Neft Fondunun 2019-cu ildə neftin dünya bazarlarında proqnoz qiyməti artıq olduğundan gəlirləri yaxşı olub:

"2020-ci ilin axırına qədər neftin dünya bazarlarında proqnoz  qiymətinin yüksək olacağı gözlənilir. Əgər Hesablama Palatası gəlirlərin azalacağı ilə bağlı rəyini Dövlət Neft Fondunun xaricdə yerləşdirilən aktivlərinə əldə edəyəcəyi gəlirlərlə bağlı söyləyibsə, bu, dünya iqtisadiyyatında gözlənilən müəyyən geriləmələrlə əlaqədar ola bilər. Ötən il qlobal iqtisadiyyatda sərt şəkildə olmasa da, müəyyən formada tənəzzül elementləri müşahidə olunub. 2020-ci il üçün Dünya Bankı qlobal iqtisadiyyatda artım tempini 2019-cu ilə nisbətən artacağını bəyan edib. Bundan əlavə, ötən il ABŞ-la Çin arasındakı ticarət müharibəsi böyük müzakirələrə səbəb oldu. Həmçinin Böyük Britaniyanın Avropa Birliyində qalıb-qalmayacağını müəyyən edən nəticənin bəlli olmaması dünya iqtisadiyyatına neqativ təsirlər göstərdi. Ötən il qlobal iqtisadiyyatdakı inkişaf tempinin bu il də davam edəcəyi gözlənilir. Tək Dövlət Neft Fonu deyil, ümumən kiminsə xaricdə daşınmaz əmlakı və ya qiymətli kağızlarda saxlanılan aktivləri varsa, gəlirlilik səviyyəsi aşağı düşməlidir. Amma neftin dünya bazar qiymətlərinə görə, 2020-ci il üçün Neft Fondunun gəlirlərində heç bir azalma gözlənilmir. Hesablama Palatasının məlum rəyində azalmanın nəyə əsasən, gözlənildiyini deyə bilmərəm”.

İqtisadçı hesab edir ki, Neft Fondunun gəlirlərinin azalması OPEC+ dövlətləri arasında hasilatın azalmasına dair əldə olunan razılaşma ilə əlaqəsi yoxdur: 

"Azərbaycanın hasilatın azaldılmasına dair təşəbbüsə qoşulması Neft Fondunun gəlirlərinə ciddi şəkildə təsir göstərə bilməz. Əvvəla, Azərbaycanın təşəbbüslərdən kənarda qalması siyasi baxımdan doğru olmaz. Çünki ölkəmiz maraqlıdır ki, dünya bazarında neftin qiyməti heç olmasa 60 dollar səviyyəsində stabilləşsin. Ötən il dövlət büdcəsində neftin qiyməti 60 dollardan götürülmüşdü, 2020-ci ildə bir az ehtiyatlanaraq 55 dollardan götürüldü. Bu nöqteyi-nəzərdən Azərbaycan da iri hasilatçı ölkələrin təşəbbüsünə qoşulmalıdır. Azərbaycanda il ərzində təxminən 40 milyon ton neft hasil edilir. Yəni ölkəmiz elə də böyük hasilatçı dövlət deyil ki, bu təşəbbüsə qoşulmaqla öz iqtisadi maraqlarına ziyan gətirsin. Əksinə, biz bu təşəbbüslərə qoşulmaqla qiymətin yüksək olmasını saxlayırıq ki, gəlirlər stabil olsun. Ölkəmiz bu təşəbbüsə qoşulmaqla uzunmüddətli xeyir götürür”.

Pərviz Heydərovun qənəatincə, Hesablama Palatasının Neft Fondunun gəlirlərinin azalması ilə bağlı verdiyi rəy başadüşüləndir: 

"Çünki qlobal iqtisadiyyatda geriləmə, müəyyən tənəzzül elementləri var. Amma hələ bunu uzunmüddətli proqnoz etmək olmaz ki, ilin ortasında və ya axırında vəziyyət necə dəyişiləcək. Amma təxmini proqnozlar durğunluğun davam edəcəyi yönündədir. Bu isə o deməkdir ki, xaricdəki aktivlər üzrə gəlirlərimiz azalacaq. Amma neftin qiyməti ilə bağlı heç bir təhlükə gözlənilmir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları