Yuxarı

Yeni sığorta modeli hazırlanır: "Elman Rüstəmovun qayğılarını anlayıram”

Yeni sığorta modeli hazırlanır:

Yeni sığorta modeli hazırlanır:

Azərbaycan Mərkəzi Bankı (AMB) yeni sığorta modeli üzərində düşünür.

AMB-nin sədri Elman Rüstəmov deyib ki, əmanətlərin tam sığortalanması sistemindən yumşaq çıxmaq daha məqsədəuyğundur:

"Yeni sığorta modeli üzərində düşünürük. Bu, sahədə bütün problemlər həll edildikdən sonra olmalıdır, eyni zamanda keçid də yumşaq olmalıdır. Maliyyə sektorunda problemlər hələ həll olunmayıb. Bu gün maliyyə sabitliyi var. Ancaq nöqtəvi problemlər də mövcuddur. AMB olaraq bütün problemləri qısa müddətdə həll etməliyik”.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında təəssüflə bildirib ki, Elman Rüstəmov problemin kökündən danışmayıb:

"Problemin kökündə duran əsas məsələ ondan ibarətdir ki, Əmanətlərin Sığortalanması Fondunda vəsait yoxdur. İlkin olaraq bir neçə bankın bağlanmasından sonra Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna 500 milyon manat kredit vermişdi. Fond bunun hesabına öhdəliklərini yerinə yetirə bildi. İndi bu Fondda vəsait yoxdur və həmin borcu da qaytara bilməyəcək. Yəni sözügedən 500 milyon manatın Mərkəzi Banka qayıtması demək olar ki, mümkün deyil.

Çünki Əmanətlərin Sığortalanması Fondu banklardan aldığı cüzi üzvlük haqları hesabına formalaşır. O Fondun formalaşdırdığı vəsaitlər də gələcəkdə tamamilə əmanətlərin sığortalanmasına yetərli deyil. Azərbaycanın hazırkı bank-maliyyə sistemi elə qurulub ki, bu barədə Mərkəzi Bankın rəhbəri haqlıdır. Əgər sərt çıxış olsa, əmanətlərin sığortalanmasında müxtəlif təkliflər irəli sürülsə, bu zaman əhalinin böyük bir qismi, ümumiyyətlə, əmanətlərini geri çəkəcək. Çünki bank sisteminə inam hələ də tam bərpa olunmayıb. Doğrudur, Prezidentin fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərmanından və "Əmanətlərin tam sığortalanması haqqında” Qanunundan sonra son 2-3 ildə müəyyən dərəcədə irəliləyiş var”.

"Yumşaq keçid əmanətçilərin heç də xoşuna gəlməyəcək”

Analitik hesab edir ki, manatın məzənnəsinin inzibati yolla sabit saxlanması cüzi də olsa, inamı bərpa edib:

"İnsanlar əmanətlərini manatla artırmağa başlayıb. Əgər əmanətlərin total sığortalanması ilə bağlı qərarda dəyişiklik olsa, burada könüllülük prinsipi və yaxud da əmanətçilərin üzərinə sığorta ödənişləri və digər öhdəliklərin qoyulması baş versə, əmanətçilərin böyük bir qismi öz əmanətlərini Azərbaycan banklarından geri çəkə bilərlər. Elman Rüstəmovun qayğılarını anlayıram. Çünki Mərkəzi Bank həmişə donor rolunu oynamaq istəmir. Bir neçə bankda ciddi problemlər var. Çox güman ki, yaxın vaxtlarda həmin banklarda problemlər üzə çıxacaq. Mərkəzi Bank bu yükü öz üzərinə götürmək istəmir ki, hər dəfə hansısa bir bank bağlananda Əmanətlərin Sığortalanması Fonduna növbəti kreditlər versin. Ona görə də yumşaq şəkildə keçiddən danışarkən Mərkəzi Bank tədricən inzibati yolla sığortalanmadan könüllü sığortalanmaya keçidi təklif edir. Bu könüllü sığortalanmada da əmanətçilər könüllü şəkildə əmanətlərini sığorta etdirmək üçün müəyyən ödənişlər etməli olacaqlar. Yəni bu sığorta əmanətçinin öz hesabına həyata keçiriləcək. Hesab edirəm ki, bu da əmanətçilərin heç də xoşuna gəlməyəcək. Ona görə də bu keçid daha ehtiyatla aparılmalı və əmanətçilərə daha ətraflı izah edilməlidir. Nəhayət, Azərbaycanın bank bazarına xarici bankların buraxılmasına və ciddi rəqabətli mühitin yaranmasına ehtiyac var ki, yumşaq keçidin baş tutması üçün institusional təməl yaransın”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları