Yuxarı

Kirayə mənzillər ipoteka kreditini "vurur”?

Kirayə mənzillər ipoteka kreditini

Kirayə mənzillər ipoteka kreditini

2019-cu ildə Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 173,3 milyon manat ipoteka krediti verilib.

Bu, 2018-ci illə müqayisədə 36,4% azdır. Mərkəzi Bankın xəbərinə görə, ötən il Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə 9,8% azalaraq 220,4 milyon manata, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 25% azalaraq 150 milyon manata düşüb. Hesabat dövründə İKZF-yə dövlət büdcəsindən ayrılmış vəsait isə 20% azalaraq 80 milyon manat olub.

Evsizlik problemi aktual olduğu bir vaxtda ipoteka kreditləri niyə azalıb?

Əmlak məsələləri üzrə ekspert Pərviz Qulami "Cümhuriyət” qəzetinə açıqlamasında xatırladıb ki, ötən il Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondu yeni layihənin - kirayə mənzil layihəsinin icrasına başlayıb:

"Satmaq öhdəliyi ilə kirayə mənzillərin alınması Fondun balansı hesabına reallaşıb. Yəni həmin mənzillər nağd vəsaitlər hesabına alınıb. Fondun maliyyə resurslarının bir hissəsi həmin mənzillərin alınmasına yönəlib deyə, birbaşa ayrılan kreditlərin həcmi azalıb”.

Ümumiyyətlə, kirayə mənzil mexanizminin işə düşməsi ipoteka kreditlərinə olan tələbata təsir edibmi?

Ekspert deyir ki, kirayə mənzillər ipoteka kreditlərinə olan marağı azaltmayıb:

"Çünki kirayə layihəsinin adi ipoteka layihəsindən fərqi odur ki, burada Fondun təqdim etdiyi konkret mənzillər nəzərdə tutulur. Qeyd olunduğu kimi, bunlar konkret 4 ünvanda olan mənzillərdir. Bu heç də bütün alıcıların zövqünə və tələbinə uyğun deyil. Heç də hər kəs eyni yerdən mənzil almaq fikrində olmaya bilər. Ona görə də adi qaydada ipoteka kreditləri almaq istəyən vətəndaşlar var. Bizdə olan məlumatlara görə, bununla bağlı banklara kifayət qədər müraciət var, həmin şəxslər yeni kredit xəttinə açılmasını gözləyirlər. Yəni tələbat azalmayıb”.

Bəs aztəminatlı ailələr üçün kirayə mənzillər ipoteka kreditlərindən fərqli üstünlüklər vəd edirmi?

Pərviz Qulami deyir ki, kirayə mənzil layihəsinin əsas üstünlüyü ilkin ödənişin aşağı olmasıdır:

"İpoteka kreditlərində Fondun tələbinə uyğun olaraq, mənzilin ən azı 30 faizi ilkin ödəniş kimi ödənilməlidir. Əgər vətəndaş 100 min manatlıq ev alırsa, avtomatik olaraq 30 min manat ilkin ödəniş etməlidir. Kirayə evlərdə isə 12 aylıq kirayə haqqı ilkin ödəniş olaraq ödənilir. Təxminən aylıq kirayə haqqı 400 manatdan götürülərsə, bu 4800 manat edir. Bu baxımdan da kirayə mənzil mexanizmi aztəminatlı ailələr üçün daha əlverişlidir. Amma 30 faiz ilkin ödənişi etmək imkanı olanlar ipoteka götürməyə meyillidirlər”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları