Yuxarı

Manat sahibinə daha çox pul qazandırır

Manat sahibinə daha çox pul qazandırır

Manat sahibinə daha çox pul qazandırır

Mərkəzi Bankın statistikasına əsasən, 2018-ci illə müqayisədə 2019-cu ildə əhalinin əmanətləri 262 milyon 535 min manat artıb.

Noyabr ayı ilə müqayisədə dekabr ayında isə 43 milyon 603 min manat azalıb. Azalmanın xarici valyutadakı əmanətlərin geri götürülməsindən qaynaqlandığı bildirilir. 31 dekabr 2019-cu il tarixində fiziki şəxslərin banklardakı əmanətlərinin 52,2%-i və ya 4 milyard 505 milyon 182 min manatı xarici valyutada olub. Bu nisbət noyabr ayının sonunda müvafiq olaraq 54% idi. Beləliklə, dekabrda əmanətlərin dollarlaşması azalıb.

Bu, manata olan inamın bərpası, yoxsa dollara olan inamın azalması ilə bağlıdır?

"Cümhuriyət” qəzetinə açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov əmanətlərin dollarlaşmasının azalma səbəblərindən danışıb:

"Banklardakı əmanətlərdə xarici valyutanın azalmasının bir neçə səbəbi var. Burada əsas məsələ faizdir. Yəni milli valyutada olan əmanətin tam sığortalanma faizi 10, xarici valyutada isə tam sığortalanma faizi 2.5%-dir. Amma praktikada banklar, ümumiyyətlə, xarici valyutada əmanəti orta statistik göstərici olaraq 1%-lə qəbul edirlər. Bu da milli valyuta ilə xarici valyuta arasında tam sığortalanma faizində 10% fərq yaradır. Yəni milli valyuta daha çox gəlir gətirdiyi üçün əmanətçilər də düşünür ki, əmanəti milli valyuta ilə qoysunlar və daha çox gəlir əldə etsinlər”.

Ekspert bildirib ki, digər məsələ 2017-ci ilin fevral ayından milli valyutamız sabit olmasındadır:

"Bəziləri bunun uzunmüddətli olmasına inanmır. Ona görə də milli valyutada olan əmanətlər də, əsasən, qısamüddətli olur. Mərkəzi Bank əmanətlərin uzun və ya qısamüddətli olmasını açıqlamasa da, ən uzunmüddətli əmanətlərin müddəti 1 ildir. Əksər hallarda isə bu, 3 ay və ya 6 ay olur. Milli valyutada əmanətlərin qısamüddətli qoyulmasının səbəbi odur ki, vətəndaşlar manatın uzunmüddətli sabit qalacağına bel bağlamır. Mərkəzi Bank milli valyutada olan əmanətlərin artma faizini göstərərkən onların müddət məsələsinə toxunmur. Yəni milli valyutada qoyulan əmanətlərin hansı müddətə qoyulduğundan bəhs etmir. Xarici valyutada qoyulan əmanətlər isə uzunmüddətli olur. 2019-cu ilin sonunda isə xarici valyutadakı əmanətlərin azalmasını dollara etimadsızlıq kimi dəyərləndirmək olmaz. Bunun səbəblərindən birini dediyimiz kimi, xarici valyutada əmanət faizinin aşağı olmasıdır. Digər bir səbəb isə odur ki, 2020-ci il 4 martda "Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvədən düşür. Amma bu, əmanətlərin sığortasız qalacağı anlamına gəlmir. Yalnız məbləği 30 min manatadək olan əmanətlər sığortlanacaq. Yəni bank bağlanarsa, sizin bankdakı əmanətiniz çox olsa da, ondan sizə yalnız 30 min manat ödəniləcək”.

Ekspert banklara olan etimadsızlığın səbəblərindən də danışıb:

"Üçüncü bir səbəb "AtaBank”ın ətrafında gedən söhbətdir. Yəni "AtaBank” artıq 6 aydan çoxdur ki, vətəndaşların əmanətlərini qaytarmır. Bu da cəmiyyətdə narahatlığa səbəb olur və vətəndaşlar digər banklardakı əmanətlərini də çıxardır. Dünyanın elə ölkəsi yoxdur ki, orada hansısa bank 6 aydan çox müddətdə əmanətləri qaytarmasın. Mərkəzi Bank da bu barədə heç bir tədbir imkanı görmür. Söhbət yalnız "AtaBank”dan və onun əmanətçilərindən getmir, bütövlükdə bank sistemindən gedir. Yəni bir bankda olan problemlər bütün bank sisteminə qarşı etimadın itməsinə səbəb olur. Bu broblem başqa banklarda da olsa, eyni vəziyyət yaranacaq. Dövlət bir tərəfdən deyir ki, mən əmanətçilərin bütün əmanətlərini sığortalamışam, digər tərəfdən əmanətlərin tam sığortalandığı halda, onun kompensasiya edilməsi üçün borclanan bankı bağlamırlar. Əslində isə, bağlamalıdırlar. Yəni həmin bankın borclarını ödəməsi üçün Mərkəzi Bank da ona kreditlər vermir ki, o bank əmanətləri ödəsin. Nə də bağlamırlar. O zaman da əhalinin banklara inamı itir. Bütün bunlar əmanətlərin azalmasına səbəb olur”.

Əli Bədir





Həftənin ən çox oxunanları