Yuxarı

Ankara və Moskvanın maraqları toqquşur: Suriyada müttəfiq, Liviyada rəqib

Ankara və Moskvanın maraqları toqquşur: Suriyada müttəfiq, Liviyada rəqib

Ankara və Moskvanın maraqları toqquşur: Suriyada müttəfiq, Liviyada rəqib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvanın Suriya siyasətindən narazıdır.

Dövlət başçısı Suriya münaqişəsi ilə bağlı Rusiyanın Astana və Soçi razılaşmalarına sadiq qalmadığını deyib. Prezident deyib ki, aidiyyəti üzrə danışıqlar aparılır. Danışıqlar çərçivəsində İdlibin bombalanmasını dayandırmağı tələb etmişik. Artıq səbrimiz tükənir. Bundan sonra lazım olan addımları atacağıq.

"Bu razılaşmalar müvəqqəti idi”

"Cümhuriyət”ə açıqlamasında politoloq Elşən Manafov deyib ki, Astana və Soçi razılaşmalarının müvəqqəti xarakter daşıdığını Türkiyənin özü də bilirdi:

"Suriyada terrorun yaratdığı mövcud problemin aradan qaldırılması ilə bağlı Rusiya ilə Türkiyə arasında əldə edilmiş razılıqların daha çox taktiki xarakter daşıdığı məlum idi. Bu məsələdə uzunmüddətli perspektivə bel bağlamaq da doğru olmazdı. Çünki Rusiyanın və Türkiyənin Suriyada kifayət qədər fərqli maraqları var. Türkiyənin marağı Suriyadan gələn təhlükənin qarşısını almaq, qaçqın və məcburi köçkün problemlərinin qarşısının alınmasıdır. Rusiya isə tamam başqa bir müstəvi üzərində hərəkət edir. Türkiyə bu proseslərin lap əvvəlində Əsəd rejiminin tamamilə hakimiyyətdən kənarlaşdırılmasında maraqlı olduğunu heç gizlətmirdi. Amma Rusiya faktoruna görə bir müddət bu planların realizə olunmasını kənara qoydu. Rusiya Bəsər Əsəd hakimiyyətinin dəvəti ilə burada təmsil olunur, mövcud bazaları var və İraq Şam İslam Dövləti adlı terror təşkilatına (İŞİD) qarşı mübarizədə də Əsəd rejiminə kömək etməsi tam beynəlxalq hüquq normalarına əsasən, həyata keçirilib. Ona görə də Suriya məsələsində tərəflərin razılıqlara əməl etməyəcəkləri bəlli idi. Ona görə də Astana və Soçi görüşləri nəticəsində əldə edilmiş razılıqların müvəqqəti xarakter daşıdığı məlum idi. Türkiyənin NATO ilə münasibətlərində çatın yaranması, onu Rusiyaya müvəqqəti yaxınlaşmağa məcbur etmişdi. NATO Türkiyəni narahat edən məsələlərdə güzəştə gedənə qədər Rusiya ilə hərbi və digər sahələrdə münasibətlər müvəqqəti olaraq davam etdiriləcəyi gözlənilirdi. Ruslar Türkiyəyə "S-400” raketlərinin sonradan istehsalı ilə bağlı məsələlərdə də müəyyən təminat vermişdilər. Amma indi məlum olur ki, Rusiya həmin raketlərin istehsalı ilə bağlı məlum sirləri Türkiyəyə vermək istəmir. Bu gözlənilən idi”.

"Putin burada səmimi deyildi”

Ekspert deyib ki, Ərdoğanla Putin arasında raketlərin istehsalı ilə bağlı razılaşma müəyyən mənada centlmen sazişi idi:

"”S-400” raketlərinin istehsalı haqqında razılıqlar Putinlə Ərdoğan arasında şifahi şəkildə əldə edilmiş razılıqlar idi. Bu centlmen razılaşmasını xatırladırdı. Amma məlumdur ki, Putin burada səmimi deyildi. Buna baxmayaraq, Türkiyə bütün hallarda Rusiya ilə münasibətlərini davam etdirəcək. Biz "Türk axını” layihəsinin də Türkiyə üçün əhəmiyyətini anlayırıq. Düşünmürəm ki, son məsələlər Rusiya ilə Türkiyə arasında olan enerji məsələlərinə ciddi təsir göstərsin. Rusiya ilə Türkiyə arasında siyasi sahədə münasibətlərin soyuqlaşması yaxın perspektivdə görünməsə də, amma Suriyada onların maraqları artıq toqquşur. Moskva görüşündə Rusiya general Həftərə təzyiq göstərə bildiyi halda bunu etmədi. Bu da onu göstərir ki, yalnız Suriyada deyil, yaxın perspektivdə Liviyada da Rusiya və Türkiyənin maraqları toqquşacaq. Türkiyə Liviyanın qanuni hökuməti ilə əməkdaşlığa maraqlı olduğu halda, Rusiya general Həftərə dəstək verməkdə maraqlıdır. Bu müstəvilərdə tərəflər arasında razılaşma əldə olunmadığı təqdirdə Türkiyə və Rusiya arasında siyasi münasibətlərin soyuqlaşacağı istisna deyil. Amma Türkiyə bütün hallarda Rusiya ilə münasibətlərdə razılığa və qarşılıqlı güzəştlərə nail olmağa çalışacaq”.

Əli Bədir





Həftənin ən çox oxunanları