Yuxarı

Neft bazarına daha bir TƏHDİD

Neft bazarına daha bir TƏHDİD

Neft bazarına daha bir TƏHDİD

Son illər sürətlə neft ölkəsi statusu alan Braziliya Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üçün ciddi problem yaradıb.

Belə ki, Cənubi Amerika ölkəsi gözlənilmədən OPEC-ə daxil olmaqdan və neft hasilatı ilə bağlı məhdudiyyətlərə əməl etməkdən imtina edib. Braziliya rəhbərliyi bildirir ki, neft hasilatını artırmaq fikrindədir, ona görə də OPEC-in qadağalarına hazır deyil. Qeyd edək ki, yanvarın əvvəlində Braziliyanın energetika naziri Bentu Albukerke bildirmişdi ki, ölkə OPEC-ə daxil olmaq üçün danışıqlara başlayır.

Hətta bu ilin sonunadək Braziliyanın OPEC üzvü olacağı bildirilirdi. Amma danışıqlar baş tutmayıb və indi nazir bildirir ki, ölkə OPEC-ə daxil olmaq niyyətində deyil: "Sadəcə, istəyirik ki, hasilatı artırıb bazardakı yerimizi genişləndirək. Ona görə də biz hər hansı təşkilata daxil olmaq niyyətində deyilik. Biz məhdudiyyət yox, hasilatı artırmaq istəyirik”. Braziliya hökumətini OPEC-lə bağlı planlarını dəyişməyə yerli biznes məcbur edib. Milli neft-qaz şirkəti olan "Petrobras” və bəzi hökumət üzvləri OPEC-ə üzvlüyü yaxşı ideya saymırlar.

Onların fikrincə, OPEC-ə daxil olmadan da qlobal iqtisadiyyata inteqrasiya olunmaq mümkündür. Braziliyanın OPEC-ə üzvlüyünə indiki prezident Jair Bolsonaru da razı deyil. Bu ölkə ABŞ-la yaxınlaşmaq istəyir, ABŞ isə OPEC-i nefti süni bahalaşdırmaqda ittiham edir. Braziliya neft hasilatını sürətlə artırır. Ötən il hasilatın həcmi sutkada 3,1 milyon barelə çataraq rekord vurub. 2019-da ölkədə 1 milyard bareldən artıq neft çıxarılıb. Hökumətin planlarına görə, qarşıdakı 10 ildə bu rəqəm ikiqat artmalı və 2030-cü ildə gündə 7 milyon barelə çatmalıdır. 2020-ci ildə gündəlik hasilat daha 460 min barel artacaq. Braziliya enerji resurslarının ixracı həcminə görə dünyada doqquzuncu yeri tutur, amma qarşısına 5-ci yerə yüksəlmək vəzifəsini qoyub. Bəzi ekspertlər hesab edir ki, Braziliyanın OPEC-ə daxil olmaqdan və neft hasilatı ilə bağlı məhdudiyyətlərə əməl etməkdən imtina etməsi dünya neft bazarına böyük zərbə ola bilər. Çünki hasilatın artırması OPEC-in tamamilə zəifləməsi və ya dağılması ilə nəticələnə bilər. Bəzi analitiklər isə hesab edir ki, Braziliyanın OPEC-in qadağalarından imtina etməsi dünya neft bazarına əhəmiyyətli təsir etməyəcək. Çünki Braziliya OPEC ölkəsi deyil və onun bazara təsir imkanları məhduddur.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə bildirib ki, Braziliyanın hasilat həcmlərini artırması ilə bağlı hər hansı bir ciddi əsası yoxdur:

"Hazırda Braziliyada sutkalıq neft hasilatı 3 milyon bareli keçib, qarşıdakı illərdə hasilat həcmlərinin artması gözlənilir. Vyana sazişinin imzalanma mərhələsində OPEC təşkilat daxili və kənar dövlətlərə neft bazarlarının tənzimlənməsi ilə bağlı müraciət etdi. Norveç, Braziliya, ABŞ kimi dövlətlər bu sazişə qoşulmadılar. Ona görə də Braziliyanın qarşıdakı aylarda OPEC sazişinə qoşulması, yaxud da qlobal neft bazarlarının tənzimlənməsi ilə bağlı birgə əməkdaşlıq etməsi gözlənilən deyil. Amma bütün hallarda qarşıdakı illərdə də OPEC və müttəfiq dövlətlərin neft bazarlarına təsiri çox güclü olacaq. Hələ dünyanın neft tarixində bazarın tənzimlənməsi ilə bağlı 2016-cı ildə imzalanan Vyana sazişi kimi uzunmüddətli müqavilə olmamışdı. OPEC-in dünya neft bazarının tənzimlənməsində rolu danılmazdır və bu davam edəcək.

OPEC getdikcə dünya enerji bazarındakı payını itirmək üzrədir. Çünki gələcəkdə Braziliyanın və ABŞ-ın neft hasilatında dinamik artımlar müşahidə olunacaq. Bundan əlavə, bazara Qayana kimi yeni oyunçular daxil olur. Bazar iştirakçılarının qənaətincə, Qayanada sutkalıq neft hasilatı 750 min bareli keçəcək. Hazırda 120-130 min barel arasında neft hasil olunur. Bunlar qarşıdakı illərdə bazarın tənzimlənməsi istiqamətində ciddi problemlərin yaranmasını deməyə əsas verir. Amma OPEC və müttəfiq dövlətlər bazarın tənzimlənməsi ilə bağlı cəhdləri davam etdirməlidirlər. Əgər bu tədbirlər görülməsə və Vyana sazişi pozularsa, dünya bazarında neftin qiyməti kifayət qədər aşağı düşəcək. Hazırda qiymətlərin 58-65 dollar dəhlizində dəyişməsi birbaşa Vyana sazişinin nəticələridir”.

Ekspertin fikrincə, bütün dövlətlər bazarın tənzimlənməsində maraqlı olsa, daha yaxşı olardı:

"Həm Norveçin, həm Braziliyanın, həm də ABŞ-ın hasilat həcmlərində getdikcə artımlar müşahidə olunur. Bu dövlətlər bazarın tənzimlənməsində məsuliyyəti Vyana sazişini iştirakçısı olan dövlətlərlə bölüşməli idilər. Çünki neft bazarı vahid bazardır. Bazarın şərtlərinə əməl etmək, tənzimləmək və uzunmüddətli balansa nail olmaq OPEC-in və təşkilata kənar üzvlərin maraqlarına xidmət edən haldır.

Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirliyi, İran, İraq, eləcə də Venesuela hazırda OPEC-in əsas oyunçularıdır. Bu ölkələrin hasilat və ixrac həcmlərinə diqqət yetirsək görərik ki, onlar bazarda neftin qiymətinə təsir etmək imkanı olan dövlətləridir. Sutkalıq neft hasilatı 750-800 min barel olan dövlətin dünyanın neft bazarına heç bir təsir imkanı yoxdur. Qlobal bazara təsir imkanı olan əsas dövlətlər Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı, İraq və İrandır. Onların sutkalıq neft həcmlərinin bazara birbaşa təsir imkanına malikdir. OPEC kənar dövlətlərin hasilat və ixrac həcmləri aşağı olduğundan neft bazarlarında qiymətin müəyyənləşməsinə ciddi təsiri imkanları yoxdur”.

Zəfər Vəliyev hesab edir ki, Vyana sazişinin davam etməsi, bazarın tənzimlənməsi ilə bağlı birgə fəaliyyət ilk növbədə Rusiyanın maraqlarına cavab verir:

"Rusiyanın Energetika naziri Aleksandr Novak bəyan edir ki, Vyana sazişi ölkənin enerji şirkətlərinin qlobal bazarlarda payının itməsinə gətirib çıxaracaq, eyni zamanda yeni layihələrin gerçəkləşməsinə neqativ təsir göstərəcək. Əslində, bu, belə deyil.

Əgər bu gün neftin qiyməti 55-60 dollar arasında tənzimlənməsə, Rusiyanın aktivində olan neft yataqlarında hasilat, nəql işlərini aparmaq mümkün deyil. "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov da etiraf edir ki, neft yataqlarında hasilat işlərinin uğurla davam etdirilməsi üçün neftin qiyməti 60 dollardan yuxarı olmamalıdır. Baxmayaraq ki, Rusiyanın ən böyük neft istehsalçısı olan "Rosneft” şirkəti bunu bazar payının itməsi ilə əlaqələndirir və iddia edirlər ki, Vyana sazişindən yumşaq çıxış etməlidirlər. Əslində isə, bu saziş Rusiyanın maraqlarına cavab verir. Əgər bu saziş olmasa, onda Rusiya yeni açılmış dəniz yataqlarında kəşfiyyat-hasilat işlərini necə davam etdirə bilər? Bu, mümkün deyil, çünki neftin maya dəyəri var. Əgər qlobal bazarlarda neftin qiyməti 40-50 dollar səviyyəsinə düşsə, onda nə "Lukoyl”, nə "Rosneft”, nə "Qazprom”, nə də digər Rusiya şirkətləri şelf yataqlarda hasilat işlərini apara bilməz”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları