Yuxarı

Bazar bol, keyfiyyət az: Zay məhsuldan necə qorunaq?

Bazar bol, keyfiyyət az: Zay məhsuldan necə qorunaq?

Bazar bol, keyfiyyət az: Zay məhsuldan necə qorunaq?

"2015-2016-cı illərdə neft şoku ilə bağlı yaşanmış gərginliklərdən sonra iqtisadiyyatımız artım sürətini yenidən yüksəltməyə başlayıb".

Bunu "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" konfransında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazir bildirib ki, hazırkı iqtisadi artım əvvəlki dövrlərdən fərqli olaraq struktur islahatları nəticəsində iqtisadiyyatda başlayan köklü dəyişikliklərin nəticəsidir:

"Ötən il iqtisadi artım tempi 2.2 faiz yüksəlib. Qeyri-neft sektorunda artım tempi 3.5 faizə çatıb. Strateji valyuta ehtiyatlarımız 52 milyard dollara çatıb, ÜDM-in həcmini 90 faiz ötüb. Qeyri-neft icra ixracının həcmi 14 faizə yaxın artaraq 2 milyard dollar təşkil edib. İnflyasiya 2.6 faiz, əhalinin pul gəlirlərinin artım tempi inflyasiyanı 2.8 dəfə üstələyib”.

Nazir hesab edir ki, 2020-ci ilin iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artırılmasında mühüm il olacaq: "Uzunmüddətli dövrdə iqtisadiyyatın daha sürətli şaxələndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, idxalı əvəz edən yerli istehsalın, o cümlədən emal sənayesinin qurulması, ölkənin tranzit potensialının maksimum reallaşdırılması, xidmətlər ixracının genişləndirilməsi və bu əsasda iqtisadi artımın ən azından qlobal artımdan geriyə qalmaması iqtisadi siyasətin ən əsas hədəfləridir. Bu hədəflərə çatmaq üçün Azərbaycanda güclü siyasi iradə mövcuddur. Heç şübhəsiz irəli getmək üçün iqtisadi bazamız möhkəmdir, siyasi iradə güclüdür. Bu fonda inanırıq ki, 2020-ci il iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artırılmasında mühüm il olacaq".

Maraqlıdır, iqtisadi hədəflərə nail olmaq mümkün olacaqmı? Yerli istehsalın artması yaxşı haldır, bəs keyfiyyəti necə olacaq?

Məsələn, bir sıra yerli məhsullar var ki, xarici istehsalla keyfiyyətində kifayət qədər fərq var.

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, bütün dövlət məmurları Mikayıl Cabbarovun dediyi hədəfləri təkrarlayır:

"Bu hədəflər o məmurların arzusu, istəyidir. Amma bu, onların real hədəfi deyil. Çünki rəqabət qabiliyyətli məhsul istehsal etmək üçün ilk növbədə rəqabət mühiti yaratmaq lazımdır. Azərbaycanda rəqabət mühiti varmı? Yerli istehsalı genişləndirməkdən ötrü sahibkarların fəaliyyətinə münbit şərait yaratmaq, eləcə də monopoliyanı aradan qaldırmaq lazımdır. Bütün bu şərait yaradılıbmı? Son 1 ildə oliqarxların sayı azalıb. Yəni onlar biznesdədir, amma vəzifədə deyil. Hansısa bir işi qurmaq və ya hansısa bir xidmətlə məşğul olmaq istəyən sahibkarların qarşısında duran bütün maneələr aradan qaldırılmalıdır. Rəqabət mühitinin formalaşması üçün ölkədə monopoliya, rüşvət, korrupsiya aradan qalxmalıdır. Bundan əlavə, ölkədə mülkiyyətə zəmanət olmalıdır və müstəqil məhkəmə sistemi formalaşmalıdır. Vətəndaş əmin olmalıdır ki, sahib olduğu daşınan və daşınmaz əmlakı, mülkiyyəti ədalətsizcəsinə onun əlindən heç kim ala bilməz. Əgər bunlar yoxdursa, rəqabətə davamlı məhsul istehsalına, kiçik və orta sahibkarlığın inkişafına, idxalı əvəz edən yerli istehsala, o cümlədən xidmətlər ixracının genişləndirilməsi kimi hədəflərə nail olmaq mümkün deyil”.

"Bunu Mikayıl Cabbarov da yaxşı bilir...”

Ekspert onu da vurğulayıb ki, əgər rəqabət yoxdursa, keyfiyyətdən danışmaq mümkün deyil:

"Keyfiyyət rəqabətin məhsuludur. Rəqabət olmalıdır ki, keyfiyyət də yaransın. Rəqabətin olduğu istənilən yerdə keyfiyyətsiz məhsul 1-2 ay istehsal olunar, bundan sonra mümkün deyil. Ya keyfiyyət qalxmalıdır, ya da keyfiyyətsiz məhsul istehsal edən sahibkar o işi buraxmalıdır. Bazar iqtisadiyyatının öz tələbləri bunu sıxışdırıb çıxarır. İstənilən ölkədən Azərbaycana idxal olunan məhsulu keyfiyyətlidirsə, deməli, orada bazar iqtisadiyyatı fəaliyyət göstərir, rəqabət mühiti var, bazar iştirakçıları bərabərhüquqludur. Həmin ölkədəki bazar iştirakçılarının arxasında hökumətdən heç kəs dayanmır. Bu halda, keyfiyyət öz-özünə yaranır. Qanunlarla, qadağalarla keyfiyyət yarada bilmərik. Bazar iqtisadiyyatı şəraitində qadağalarla nə qiymətlərin tənzimlənməsinə, nə də keyfiyyətli və rəqabət qabiliyyətli məhsul istehsalına nail ola bilərik. Bunu Mikayıl Cabbarov da yaxşı bilir. Çünki Avropa təhsili görmüş iqtisadçı-hüquqşünasdır. Bu hədəflər sadəcə olaraq, qulağa xoş gəlsin deyə, deyilən sözdən başqa bir şey deyil...”

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları