Yuxarı

"Pulu veririk, amma sonra?” - Büdcənin xərclənməsinə nəzarət yoxdur

Ölkəmizdə görülən bir sıra işlərin həcmi və effektivliyi dövət büdcəsindən ayrılan vəsaitlərin həcminə adekvat olmur.

Dövlət qurumları xərcləri şişirdir və bu da büdcə üçün əlavə yükə çevirilir.Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə bu məsələlərə toxunub.

"Burada əsas məqsədi bu qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim.Yaxşı, bunu veririk, amma sonra?Bir çox hallarda səmərəsiz olur.Xərclərə nəzarət çox aşağı səviyyədədir”.

Xatırladaq ki, ölkədə su qıtlığı probleminin ciddi müşahidə olunduğunu deyən dövlət başçısı aidiyyəti qurumların problemin həllində üzərinə düşən vəzifənin öhdəsindən gəlmədiyini bildirib:

"Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək.

Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi.Sadəcə olaraq, görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir.Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb?Kimsə bunu təhlil edib?Yox.Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq.Buna son qoyulmalıdır”.

Prezidentin ciddi tənqid və iradına tuş gələn qurumlardan biri də "Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti olub.

"Sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim.Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur.Bu rəqəmlər haradan götürülüb?Havadan.İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər.Bəs sonra necə xərclənirdi?Buna son qoyulmalıdır”-deyə, prezident bildirib.

Xatırladaq ki, qanunvericiliyə görə, dövlət büdcəsindən maliyyələşən təşkilatlar illik maliyyə hesabatları verməli və bu hesabatlar cəmiyyətə açıq olmaldır.

Azərbaycanda niyə dövlət vəsaitlərinin xərclənməsinə ciddi nəzarət yoxdur və problemlər dərinləşən zaman bu ortata çıxır?

İqtisadçı Pərviz Heydərov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu qurumlar dövlət investitsiya proqramı çərçivəsində vəsaitin ayrıldır, bir sıra hallarda isə xarici maliyyə qurumları tərəfindən kreditlərin götürülməsi zamanı da dövlət zəmanətçi kimi çıxış edir:

"Bu vəsaitlərin necə xərclənməsinə cavabdeh qurum - Hesabalama Palatası mövcuddur. Bizdə adıçəkilən qurumların hamısı dövlət qurumları olduğu üçün onların xərclədikləri vəsaitlərin necə və təyinatına uyğun olaraq maksimal şəkildə sərf olunub-olunmadığı sonadək təhlil olunub üzə çıxarılmır.Buna həm müvafiq mexanizm imkan vermir, həm də həmin qurumların məsuliyyətsizliyi geniş meydan açır.Nəticədə də ölkənin su təsərrüfatı ilə bağlı müşavirədə deyildiyi kimi, küllü miqdarda dövlət vəsaitlərinin xərclənməsinə baxmayaraq, belə bir acınacaqlı durum yaranır”.

Pərviz Heydərov deyir ki, 2 il öncə Mingəçevir Elektrik Stansiyasında baş verən qəza da nəzarətlə bağlı vəziyyəti ortaya qoydu:

"Bir dəqiqə ərzində baş verən qəza sübut etdi ki, ölkənin enerji təhlükəsizliyi haqqında gen-bol danışılsa və bu sahəyə küllü miqdarda investitsiyalar yatırılsa da, bir hadisə ilə ölkənin elektrik enerjisi ilə təmini iflic vəziyyətə düşdü. Bu hökumətə ciddi siqnal oldu. İki il ərzində yenidən yatırılan investisiyalar Mingəçevirdə nəticəsində müasir tipli Azərbaycan İstilik Elektrik Stansiyası rekanstruksiya olaraq yaradıldı. Məlum oldu ki, bu sahəyə də dövlətin birbaşa investitsiya proqramları çərçivəsində ayırdığı, o cümlədən xaricdən əldə edilən və dövlətin zəmanət durduğu kreditlər təyinatına uyğun xərclənməyib.Bununla belə işlərin dəyərləndirilməsi yüksək olub.Su təsərrüfatı ilə bağlı yaranmış durum da eyni mənzərəni ortaya qoyur. Ona görə də müşavirədə dövlət başçısının "Azərsu” və "Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətinin rəhbərlyinə iradları təsadüfü deyildi. Prezident ölkədə su ehtiyatları ilə bağlı balansın olmamasının və bu haqda heç düşünülməməsinin təəccüb doğurduğunu dilə gətirdi. Nəzərə çatdırdı ki, son 10-15 il ərzində bu sahədə böyük işlərin görülməsinə, anbarların tikintisinə baxmayaraq, itgilərimiz 40-50 faiz təşkil edir. Bu da indiyədək xərclənən vəsaitlərin məqsədəuyğun istifadə edilmədiyini göstərir”.

İqtisadçı deyir ki, real vəziyyət onu diktə edir ki, əslində dövlət nəzarəti heç mövcud olmayıbmış:

"Ona görə də vəsaitlərin xərclənməsi üzrə mexanizminin özünə nəzarət mexanizminin yaradılmasına ehtiyac var. Elə bir nəzarət qurumu yaradılmalıdır ki, onlar dövlət büdcəsindən aldınan vəsaitlərin xərclənməsini yaxşı əsaslandıra bilsinlər, xərclədikləri vəsaitləri manatına, qəpiyinə qədər məsuliyyət hiss etsinlər. Bunun üçün ayrıca qurumun yaradılmasına ehtiyac yoxdur. Hesablama Palatası var. Sadəcə olaraq, müvafiq mexanizm yaratmaqla xərclənən vəsaitlərin qəpiyinə qədər hesabatını aparmaq olar”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları