Yuxarı

Buğda ehtiyatı: İdxal azalsa da, qıtlıq gözlənilmir

Buğda ehtiyatı: İdxal azalsa da, qıtlıq gözlənilmir

Buğda ehtiyatı: İdxal azalsa da, qıtlıq gözlənilmir


2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan 78 milyon 389,35 min ABŞ dolları dəyərində 358 565 ton buğda idxal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu yarımildə idxal edilən buğdanın məbləği ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 39,8% və ya 51 milyon 771 min azalıb. Həmçinin idxal edilən buğdanın həcmi 37,8% və ya 217 924 ton azalıb. Bu ilin yanvar-iyun aylarında buğdanın yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 0,29% azalaraq 1,57% təşkil edib.

Məlum olduğu kimi, Azərbaycanda buğda tələbatının əhəmiyyətli hissəsi idxal hesabına ödənilir.Ölkənin buğdaya olan tələbatının yerli istehsal sayəsində ödənilməsi prioritet məsələ olaraq qoyulsa da, illərdir ki, bu məqsədə çatmaq mümkün olmur, hətta bəzən idxal rəqəmlərinin artdığı müşahidə olunur.

Bu il isə koronavirus pandemiya ilə əlaqədar olaraq ixracatçı ölkələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqmətində bir sıra tədbirlər həyata keçirilib.

Beləliklə, buğda idxalının azalması nə ilə əlaqədardır?Bu yerli istehsalın artması sayəsində mümkün olub, yoxsa pandemiya ilə əlaqədar olaraq, dünya bazarında taxıl qıtlığının yaranması idxalın həcmini azaldıb?

İqtisadçı Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda yerli istehsalın səviyyəsi idxalı bu qədər azaltmağa qadir deyil:

"Yerli istehsal tələbatın maksimum 60 faizini ödəyə bilər. O da məhsuldarlığın yaxşı olduğu illərdə ödəyə bilir. Az olduğu illərdə isə tələbatın 50 və bundan daha aşağı faizlərini ödəyir. Ərzaq buğdasının azalmasının əsas səbəbi bu məhsulu ixrac edən ölkələrin ixraca kvota qoyması ilə əlaqədardır.Azərbaycana buğda idxal edən sahibkarlar hazırda dünya bazarında məhsul tapmaqda çətinlik çəkirlər.Amma bunun qarşıdakı aylarda ölkədə buğda qıtlığının yaranmasına səbəb olacağını demək düzgün olmazdı.Çünki artıq ölkədə buğda biçimi mövsümü başlayıb.Mövsüm qurtarandan sonra isə yəqin ki, ixraca məhdudiyyət qoyan ölkələr bunu aradan qaldıracaqlar və sahibkarlar ölkəyə kifayət qədər buğda idxal edə biləcək.Yəni ölkədə buğda qıtlığının yaranması təhlükəsi yoxdur”.

İqtisadçı ekspert bildirir ki, mövsüm başlayana qədər ölkədə 3-4 aylıq buğda ehtiyatı var idi:

"Yerli istehsalın tələbatın 50 faizinin ödəməsi onu deməyə əsas verir ki, qarşıdakı aylarda buğda ehtiyatı bir qədər də artacaq”.

Qarşıdakı aylarda pandemiya şəraiti davam edəcəyi təqdirdə buğda ixracı ilə bağlı qoyulan məhdudiyyətlər qala bilərmi?

Akif Nəsirli deyir ki, qoyulan kvotalar mövsümə qədər nəzərdə tutulub:

"Mövsümdən sonra Rusiya da, Qazaxıstan da, Ukrayna da öz məhsullarını dünya bazarına çıxaracaqlar. Əsasən, Rusiyada buğda ixracına kvota qoyulub, Ukraynadan idxal isə qismən çətinləşib.Amma Azərbaycanın əsas tədarükçüsü Qazaxıstandır və bu ölkədən olan idxal əvvəlki illər səviyyəsindədir.40 faiz azalma, əsasən, Rusiya, Ukrayna və digər ölkələrlə bağlıdır. Bakının Hövsan qəsəbəsində Qazaxıstanla birgə yaradılmış taxıl terminalı da var ki, orada Qazaxıstana aid olan taxıl ehtiyatı da var. Biz ehtiyac yarandığı təqdirdə oradan da taxıl götürə bilərik. Pandemiya təsiri idxalın mövsümə qədər 40 faiz azalmasında özünü göstərdi.Çünki hər bir ölkə pandemiyanın uzun çəkə bilməsindən ehtiyatlanırdı və ərzaq təhlükəsizliyinin təmini üçün tədbirlər görürdü. O zaman bilinmirdi ki, nə baş verəcək. Amma indi dünyanın əksər ölkələrində karantin rejimləri yumşaldılıb, iqtisadiyyat, ticarət əlaqələri bərpa edilib.Yəqin ki, növbəti aylarda digər ölkələr də bu addımı atacaq, sərhədlər artacaq, iqtisadi fəaliyyət bərpa olunacaq”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları