Yuxarı

Rəfdə qalan "kupçalar”: 500 min evin taleyi necə olacaq?

Rəfdə qalan

Rəfdə qalan

Statistikaya görə, hazırda ölkədə 500 minə yaxın sənədsiz ev var.

Baxmayaraq ki, bu evlərin sənədləşdirilməsi ilə bağl Prezident İlham Əliyev Fərman imzalayıb, hələ də problem həllini tapmayıb. Sənədsiz evlərlə bağlı problem artıq uzun müddətdir ki, gündəmdədir və təəssüf ki, həll olunmur.

Hələ 2010-cu ildə "Bakı və ətraf qəsəbələrin inkişafına dair” ikinci dövlət proqramının təqdimatı keçiriləndə Prezident İlham Əliyev qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırmışdı. Ölkə başçısı sənədsiz tikililər məsələsinin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan etmiş, müvafiq strukturlara, xüsusilə Bakı şəhər İcra Hakimiyyətinə sənədləşmə ilə bağlı xüsusi tapşırıq vermişdi.

2015-ci ildə isə ölkə başçısı "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmanda açıq şəkildə göstərilir ki, hansı hallarda sənədsiz evlər dövlət reystrinə alınmalıdır. Müəyyən edilib ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Göründüyü kimi, Fərman problemin həlli olunması üçün kifayətdir. Sənəddə hər şey açıq göstərilir. Amma hələ də sənədsiz evlər problemi gündəmdədir və insanların əksəriyyəti bu məsələdən şikayətçidir. Problemin həll olunmaması isə birbaşa olaraq yerli icra hakimiyyətlərinin səhlənkarlığı ilə bağlıdır. Nəzərə alsaq ki, Prezident fərmanından sonra Bakı şəhər İcra Hakimiyyətində də xüsusi komissiya yaradılıb, deməli 5 il müddətində bu problem öz həllini tapmalı idi. Amma hələ də sənədsiz evlərlərlə bağlı problemin olduğu kimi qalması diqqətləri yerli icra orqanlarına yönəldir.

Problem nədədir? Fərman var, qanunvericilik sənədləşmə işinin reallaşması üçün uyğundur, bəs niyə hələ də bu evlər sənədləşdirilmir?

Bu məsələ vaxtaşırı gündəmə gəlsə də, müsbət nəticə almaq mümkün olmayıb. Bir müddət əvvəl isə bələdiyyə nümayəndələri sənədsiz yaşayış evlərinə yaxınlaşaraq müəyyən sənədlər tələb edirdilər. Sənədlərlə yanaşı bələdiyyə nümayəndələrinin vətəndaşlarda dövlət rüsumunu da tələb etməsi əhali arasında narazılıq yaradırdı. Narazılığa səbəb isə "kupça”ların verilməsinin bələdiyyələrin səlahiyyətində olmaması idi. Bələdiyyələrin bu məsələyə aktiv qoşulmasının səbəbi isə mənzillərin icbari sığortasına keçid idi. Belə ki, 1 yanvar 2020-ci il tarixindən ölkə miqyasında mərhələli şəkildə icbari sığortaya keçidin başlanması isə "kupça”sız evlər problemini yenidən gündəmə gətirdi. Buna görə də bələdiyyə üzvləri hərəkətə keçərək sənədsiz evlərin qeydiyyata alınması üçün müvafiq sənədlər toplamaq məqsədilə müəyyən məkanlarda yerləşən sənədsiz evlərə gedib. Bələdiyyələrin topladığı bu sənədlər- yaşayış sahəsi bələdiyyədə qeydiyyatda olan şəxsin şəxsiyyət vəsiqəsinin surəti, vergi ödəyicisi olduğunu sübut edən sənədlər, ev üzərində hər hansı problemin olmadığını təsdiq edən sənəd və torpaq sahəsinin sənədi ərazi üzrə İcra Hakimiyyətinə göndərilir. Yəni bütün hallarda sənədləşmə işini yerli icra hakimiyyəti aparmalıdır. Amma reallıq göz qabağındadır. Prezidentin 2015-ci ildə imzaladığı fərman 5 ildir ki, icra hakimiyyətləri tərəfindən icra olunmur.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, icra hakimiyyətləri maddi maraqlarını qorumaq üçün sənədləşmə prosesini həll etmir:

"Əslində, bu problem çoxdan həll olunmalı idi. İnsanlar neçə ildir ki, bu problemin həllini gözləyirlər. Yerli icra hakimiyyətlərinin bu məsələdə təbii ki, marağı var. Çünki belə bir amnistiya elan olunarsa, sənədləşdirilmə küləviləşərsə, onların maddi maraqlarına zərbə olacaq. Onlar sənədləşdirmə işində özlərinin maddi marağını gözləməyə, qorumağa çalışır.Ona görə sərəncamların icra olunması, bu problemin həlli belə demək mümkündürsə, uzun illərdir ki, sabotaja uğrayır. Əslində, mülkiyyətlə bağlı dünya praktikasında belə bir var ki, hər hansı bir vətəndaş kommunal xərcləri ödəyirsə, uzun müddət orada yaşayırsa, onun hüquqe bərpa olunmalıdır. Yəni həmin mülkiyyət sənədləşdirilməlidir. Azərbaycanda bəzi məlumatlara görə, 500 minə yaxın sənədsiz ev var. Bu, kifayət qədər böyük rəqəmdir. Bu problemin həlli üçün addımların atılmasının vaxtı çoxdan keçib. Bu, həm sosial, həm iqtisadi, həm də siyasi məsələdir. İnsanlar seçkilərdə də iştirak edə bilmirlər. Çünki bir yerdə qeydiyyatdadırlar, başqa bir yerdə yaşayırlar. Çünki evlərini sənədləşdirib qeydiyyata düşə bilmirlər”.

Ekspert vurğulayıb ki, qeyri-qanuni tikinti anlayışı doğru deyil:

"Bəzən deyirlər ki, bunlar qeyri-qanuni tikililərdir. Qeyri-qanuni tikinti o zaman olar ki, icra strukturları buna imkan verməsin. Əgər müəyyən rüşvət müqabilində göz yumublarsa və ev tikilibsə, insanlar orada yaşayıb kommunal xərcləri ödəyirlərsə, onların "kupça” (çıxarış-müəll.) almaq hüquqi var. Bu məsələ də birdəfəlik həllini tapmalıdır. Əmlak amnistisiyası elan edilməli və bütün bu kateqoriyaya aid olan insaların sənədləşmə işi həll olunmalıdır ki, bu problem ölkənin üzərindən birdəfəlik götürülsün”.

Bələdiyyələrin bu məsələdəki roluna gəlincə isə, Natiq Cəfərli bildirib ki, onlar icra hakimiyyətlərinin "beşinci təkəri” rolunu oynayırlar:

"Bələdiyyələrin bu məsələdə rolunun harada başlayıb, harada bitməsini artıq məlum deyil. Çünki onların icra hakimiyyətlərinin "beşinci təkər”inə çevrildiyini görürük. Əmlak vergisi ilə bağlı bələdiyyələrə müəyyən dərəcədə hüquq verilib. Amma o hüququn necə yerinə yetirilməsi bəlli deyil. Ona görə də bələdiyyələr müəyyən imkan düşən kimi vergiləri toplamaqla bağlı addımlar atırlar. Bu da əslində, müəyyən narazılığa səbəb olur. Çünki burada ciddi qanun tənzimlənməsinə, bələdiyyələrlə icra hakimiyyətlərinin səlahiyyətlərinin bölünməsinə, sərhədlərin dəqiq bilinməsinə ehtiyac var. Əgər belə bir qanun qəbul olunacaqsa, bələdiyyələr daha da güclənəcək və hər zaman bunun tərəfdarı olmuşam. Amma hazırda bələdiyyələr yarımçıq qurumdur və icra hakimiyyətlərinin "beşinci təkərinə” çevrilib”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları