Yuxarı

Dollar da risk qarşısında:Qızıl bazarı "ələ alır”

Dollar da risk qarşısında:Qızıl bazarı

Dollar da risk qarşısında:Qızıl bazarı

Dünya bazarında qızılın bahalaşması davam edir.

Hətta bu əvvəllər qızıla yatırımı ciddi saymayan investorların da bu istiqamətə yönəlməsinə şərait yaradıb. İnvestorların marağı da öz növbəsində sözügedən qiymətli metalın dəyərini yüksəltməkdədir. Qeyd edək ki, hazırda qızılın unsiyası 1945 dollar səviyyəsinə yüksəlib. Qızıla marağı artan sərmayəçilərdən biri də məşhur investor Uoren Baffet, hətta "Barrick" qızıl hasilatı şirkətinin səhmlərini alıb.

FED.az məlumatına görə, Baffetin şirkəti "Berkshire Hathaway Inc" 2020-ci ilin 2-ci rübündə dünyanın 2-ci ən böyük qızıl hasilatçısı olan "Barrick Gold Corp"un səhmlərini də öz portfelinə əlavə edib. Bu alqı-satqı nəticəsinidə sözügedən şirkətin səhmləri kəskin bahalaşıb. Baffetin şirkəti "Barrik"in səhmlərinin 1,2 faizini, yəni təqribən 20,9 milyon ədəd səhm alıb, bunun ümumi qiyməti 560 milyon dollar təşkil edir. Uoren Baffet vaxtilə qızıla yatırımları ciddi saymaması ilə məşhurdur. İllər əvvəl o qızıla sərmayə qoyuluşunu kənd təsərrüfatı kimi riskli və zərərli saymışdı. Bununla birlikdə istehsal dəyəri sabit qalsa da, qiymət artımı nəticəsində mənfəətin artımı qızıl mədənçilərini getdikcə cəlbedici bir investisiya halına gətirib. "Barrick" və "Newmont Corp" kimi iri qızıl hasilatçıları ümid edir ki, vaxtilə qızılın ucuz vaxtında bu sahəni tərk edən investorlar yenidən qayıdacaq. Artıq digər investorların da yatırım etməsi səbəbindən Nyu-York birjasında "Barrick"in səhmləri 8,11% artıb. Ümumilikdə qızıl hasilatı şirkətləri ikinci rübdə 2,4 milyard dollar yatırım əldə ediblər.

Bu proses nə vaxtadək davam edə bilər? İqtisadiyyatda baş verən proseslərdən asılı olaraq investorların qızıla marağı azalacaq? Proses dünyanın aparıcı valyutalarının məzənnələrində hansı durumu yaradacaq?

İqtisadçı Pərviz Heydərov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, qızılın qiyməti dünya iqtisadiyyatına uyğun olaraq, müxtəlif istiqmətlərdə inkişaf edir: "Qlobal iqtisadiyyatda tənəzzül yaranan, problemlər ortaya çıxan, qeyri-müəyyən vəziyyət yaranan kimi qızılın qiyməti dərhal bahalaşır. Bu da ondan irəli gəlir ki, qlobal iqtisadiyyatda həmin qeyri-müəyyənlik investorlarda öz vəsaitlərini qiymətli metallara yatırmaq üçün şərait yaradır. Qızılın il ərzində qiymətində baş verən dəyişiklilər bilavasitə dünya iqtisadiyyatında pandemiya ilə bağlı yaranan vəziyyətlə əlaqədardır”.

İqtisadçı deyir ki, ilin əvvəlindən etibarən pandemiya ilə əlaqədar olaraq dünyanın aparıcı valyutalarından tutmuş strateji məhsulların qiymətinədək bütün birjalarda, o cümlədən qiymətli kağızlarda, səhmlərdə çöküş meydana gəldi və bu da təbii ki, qızılın qiymətinin artması üçün şərait yaratmış oldu: "Bu qeyri-müəyyənlik hazırda da qalmaqdadır. Baxmayaraq ki, bir çox ölkələrdə karantin rejimləri yumşaldılır, amma dünya iqtisadiyyatı üçün qeyri-müəyyənlik öz qüvvəsini saxlamaqdadır. Post-pandemiya şəraiti gəlməyənədək, qızılın qiymətində bahalaşma müşahidə ediləcək və dünyada qızıla təlabatın yüksək səviyyədə qalması qaçılmaz xarakter daşıyacaq”.

Pərviz Heydərov deyir ki, dünya iqtisadiyyatında qeyri-müəyyən atmosfer aparıcı valyutaların məzənnələrinə də aiddir: "Yəni onların alıcılıq qabiliyyətində risk faktorları yüksək olur. Əgər qlobal iqtisadiyyatda çöküşdən, neftin qiymətinin, dünya birjalarında zəruri göstəricilərin tənəzzülündən danışırıqsa, təbii ki, ABŞ valyutasının da etibarı zəifləmiş olur və bu, dolayı yolla qızılın qiymətinin artmasına gətirib çıxarır. Qızılın qiymətində bahalaşma meyillərinin qalması həm də dünyanın aparıcı valyutalarının məzənnələrində, çarpaz kurslarında risk faktorlarının yüksək olmasının göstəricisi hesab olunur”.
Xatirə Nəsirova





Həftənin ən çox oxunanları