Yuxarı

Razi Nurullayev: "Ramiz Mehdiyevin yanında yox, gəlin, xalqın yanında dayanın”

Razi Nurullayev:

Razi Nurullayev:

"AMEA prezidenti Ramiz Mehdiyevin öz nəvəsinə toy etməsi məsələsinə münasibət bildirməmək üçün özümlə mübarizə aparırdım. Bir yandan da bir həmkarım da orada iştirak edib. Bu da məni sıxırdı. Amma cəmiyyətin basqısı böyükdür və biz millət vəkili olaraq nümunə olmaqla bərabər, həm də xalqın haqlı tələb və istəklərinin yanında olmalıyıq. Heç nəyə, heç kimə və heç bir basqıya baxmayaraq”.

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev deyib.

R.Nurullayev qeyd edib ki, öncə vətən, dövlət, dövlətçilik və hər kəsin qanunlar qarşısında bərabərliyi gəlir:

"Kəndlərdə, şəhərlərdə, rayonlarda minlərlə toy etmək istəyənlər var. Onlar buna cəhd etsələr belə, basıb gözünü çıxararlar. Vəzifə sahibi olmaq qanunlara məhəl qoymamaq deyil. O günü baxıram ki, ad günü keçirənləri sıraya düzüb utandırırlar və simalarını göstərib biabır edirlər. Amma qanunlar yalnız kasıblar və vəzifəsi olmayanlar üçün yazılmayıb axı. Qanun hər kəs üçün bərabərdisə, qoy onları da sıraya düzüb cərimə edərdilər və şəkillərini çəkib bütün mətbuata yayardılar.

Xalq bu toya və digər bu qəbildən olan və nümayişkaranə keçirilən toylara baxıb nə düşünür? Söyür, ah-nalə edir, dirəniş göstərir və ölkə başçısını və yüksək rəhbərliyi hədəf alır. Bəlkə bütün bunlar qəsdən edilir. Qəsdən edilir ki, "beşinci kolon” ölkəni laxladıb, Bakı küçələrini döyüş meydanına çevirsin? Neçə dəfədir ki, təkrar edirəm və yenə də xəbərdarlıq edirəm ki, ölkəni xaosa sürükləmək istəyənlər var, bəlkə də hakimiyyəti zorla ələ keçirməyə cəhdlər var. Məsələ daxildə, həm də elə iqtidarın öz içində olan milli hisslərini unudan, xalqın iradəsini heçə sayan, ancaq varlanmaq və qanunları özünün maraqlarına uyğunlaşdırmaq istəyənlərdən və onlarla müvəqqəti marağı üst-üstə düşüb əməkdaşlıq edən müxalifət adı altında fəaliyyət göstərənlərdən gedir. Bu məsələdə AXCP sədri Əli Kərimli niyə mövqe sərgiləmir? Niyə susursunuz? Ən kiçik bir məsələdə belə səsinizi qaldırırsınız, amma cəmiyyəti silkələyən bir məsələyə, xalqın iradəsini heçə sayan və dövlət vəzifəsi tuta-tuta xalqa xor olan bir hərəkətə niyə susqun qalırsınız? Maraqlarınız eynidir? Siz Ramiz Mehdiyevin yanında yox, gəlin xalqın yanında dayanın. Xalqın. Hakimiyyətin mənbəyi xalqdır, Ramiz Mehdiyev yox”.

R.Nurullayev qeyd edib ki, ayılmaq zamanıdır. Bir tərəfdə qanunlara əməl edən, dövlətini qoruyan, şəhid verən və Azərbaycanı qorumaq istəyən və bayrağını uca tutan xalq və güclər, digər tərəfdə isə qisasçılıq eşqi ilə alovlanan, hakimiyyəti zorla ələ keçirmək istəyən düşmən qüvvələr:

"Düşmən qüvvələrin məqsədi qanunları heçə sayaraq karantin qaydalarını pozmaq, kütləvi şənliklər təşkil edərək xalqı qıcıqlandırmaqdır ki, onlar ayaqlansınlar, narazı düşüb küçələrə çıxsınlar və onlar da bundan yararlansınlar. Xalq bundan nə qazanacaq? Bəlkə 190 manat yerinə, 1090 manat alacaq? Bəlkə siz xalqın başına tac qoyacaqsınız? İndiyə kimi niyə qoymurdunuz? Dövlət başçısına yalanlar deməklə, yalan sənədlər təqdim etməklə, xalqdan təcrid etməklə dövlətin və dövlətçiliyin ayağının altını qazıyırdınız. Mən çox analiz aparmışam və görürəm ki, sinxron qüvvələr də var. Ramiz Mehdiyev karantin dövründə nəvəsinə toy etdi, indi ona haqq qazandıranlar da var. Təəssüf edirəm ki, buna haqq qazandıran müxalifət adı altında fəaliyyət göstərənlər də var. Çünki onlar jest dili ilə danışırlar, onlar bir-birinə mətbuat və sosial şəbəkə vasitəsilə xəbər göndərirlər. Bəlkə də iqtidar onların mobil nömrəsini izləyir ki, görək danışacaqlar? Onlar ünsiyyət yollarını çoxdan dəyişiblər. Eh, hələ o qədər deyə bilmədiklərimiz var ki. Amma bilmək lazımdır ki, bu toy hadisəsi xalqa çox pis təsir edib və sabah hamı qalxıb toy etmək istəsə, hökumət də gedib onları dayandırıb, şəklini çəkib cərimələsə, xalq nə deyəcək? Deyəcək ona olar, bizə yox? Niyə? Dözülməzdir, dözülməz!”

Vilayət Muxtar