Yuxarı

Kiçilən iqtisadiyyatda "gizlilik”: Rəqəmlər nə deyir?

Kiçilən iqtisadiyyatda

Kiçilən iqtisadiyyatda

"Fitch" beynəlxalq kredit reytinq agentliyi Azərbaycanın yenidən baxılmış 2020-ci il üzrə dövlət büdcəsinin kəsiri üzrə proqnozunu 2,3%-dən 12,4%-ə qaldırıb.

Bu barədə agentliyin hesabatında bildirilib. Sənəddə deyilir ki, Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) büdcəyə planlaşdırılan köçürmənin artırılması son aylar manata olan təzyiqləri azaltmalı və mövcud məzənnəni (1,7 AZN/USD) dəstəkləməlidir:

"Avqustun ortalarında ölkə prezidentinin təsdiqlədiyi yeni büdcədə neftin 1 barelinin qiyməti 55 ABŞ dollarından 35 ABŞ dollarına endirilib ki, bu da "Brent" markalı xam neftin qiyməti ilə bağlı "Fitch"in proqnozu ilə uyğundur. Büdcə xərcləri Ümumi Daxili Məhsulun 1,2 faiz bəndi qədər artırılıb. Əsasən səhiyyə xərcləri 0,4 faiz bəndi, iqtisadiyyatı canlandırmaq üçün əlavə kapital qoyuluşları 0,3 faiz bəndi, əlavə tədbirlərə ayırmalar isə 0,5 faiz bəndi artırılıb. Maliyyə kəsirinə ciddi mənfi təsir göstərməsinə baxmayaraq, böyük qənaətlər Azərbaycana əhəmiyyətli dərəcədə maliyyələşdirmə çevikliyini təmin edir. Konsolidə edilmiş büdcə kəsiri ilk növbədə ARDNF-in aktivlərinin azaldılması və hökumətin vahid xəzinə hesabındakı iri pul depozitləri hesabına maliyyələşdiriləcək", - deyə "Fitch" bəyan edib.

"ARNDF-in aktivləri bu ilin iyun ayının sonuna 43,2 milyard ABŞ dolları səviyyəsində qərarlaşıb. Ölkənin nominal ÜDM-nin ABŞ dolları ilə ifadədə azalması və portfelin əsasən xarici valyutada olması ilə ARDNF-in aktivləri ÜDM-in 85%-ni keçəcək. Nəticə etibarı ilə, bu il bir çox fondlarda borc/ÜDM nisbətində böyük artımlar olması proqnozlaşdırılsa da, Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə nisbətinin cəmi 4 faiz bəndi artaraq 23%-ə çatacağı gözlənilir, bunun da çox hissəsi məxaricdəki kəskin azalmadan qaynaqlanacaq. Bu il ARNDF-dən büdcəyə köçürmələr 7,5% artırılaraq 6,7 milyard ABŞ dollarından 7,2 milyard ABŞ dollarına yüksəldilib.

Fondun büdcəyə köçürmələrinin əsas mənbəyi xarici valyuta satışlarıdır ki, bu da məzənnə sabitliyinə, xüsusən bu ilin mart ayında manatın məzənnəsini sabit saxlamağa imkan verib.

Yeni büdcədə bu il üçün iqtisadi geriləmə proznozu 2,4%-dən 5%-ə ("Fitch" proqnozu 4,2%-dir) qaldırılıb", - agentliyin açıqlamasında qeyd olunub. Qeyd edək ki, pandemiya ilin büdcə proqnozlarının mənfi istiqamətdə dəyişilməsi, təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də gözləniləndir. İqtisadi azalma ilə bağlı beynəlxalq təşkilatın proqnozlarına gəldikdə isə onu qeyd edək ki, müvafiq dövlət qurumları ilin geridə qalan hissəsi üçün ümumdaxili məhsulun azalmasının 2,8 faiz oldğunu bildirsə də, müstəqil ekspertlər bu rəqəmlə razılaşmırlar. Əksər beynəlxalq təşkilatların, o cümlədən də "Fitch”-in hesabatlarının isə dövlət qurumlarının rəqəmləri əsasında formalaşdığı bildirilir.

İqtisadçı Rəşad Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, "Fitch” mövcud konyukturu qiymətləndirir və öz proqnozlarını buna əsasən hazırlayır:

"Məlumdur ki, dövlət büdcəsinə dəyişiklik edildi və əgər əvvəl dövlət büdcəsində kəsir 2,7 milyard manat ətrafında proqnozlaşdırılırdısa, artıq 608 milyon manat kəsir artırmaqla, müvafiq göstərici 3 milyard 368 milyon manata çatdırılıb. Əvvəlki dövrlərin təcrübəsi göstərirdi ki, bir sıra hallarda dövlət büdcəsinin icrası, eyni zamanda iqtisadiyyatın şəffaflaşması ilə bağlı tədbirlər müəyyən qədər bu kəsirin aşağı düşməsinə gətirib çıxarırdı. Adətən Azərbaycanda dövlət büdcəsinin kəsiri ya kiçik həcmlərdə olurdu, hətta bəzi hallarda profisit yaranırdı. Amma 2020-ci ildə vəziyyət tamamilə fərqlidir, dövlət büdcəsinin xərcləri artırılıb, gəlir mənbələrində ciddi risklər, iqtisadiyyatda resessiya var. Bu şərtlər daxilində kəsirin azaldılması imkanları mümkün görünmür”.

İqtisadiyyatın azalma tempi ilə bağlı göstəriciyə gəldikdə isə, ekspert "Fitch”-in bundan əvvəlki proqnozunun kifayət qədər konservativ və ehtiyatlı proqnoz olduğunu deyir:

"O zaman da biz açıqlamışdıq ki, bu proqnoz faktiki olaraq reallığı əks etdirə bilməz. Bizim açıqlamalar artıq özünü doğrultmaqdadır. Belə ki, ötən 7 ay ərzində Azərbaycanda 2,8 faiz kiçilmə qeydə alınıb. Hansı ki, bu iqtisadiyyatın rəsmi olan hissəsi ilə bağlı göstəricidir. Azərbaycan iqtisadiyyatında qeyri-rəsmi iqtisadi fəaliyyətlər geniş yayılıb, gizli iqtisadiyyatın miqyası böyükdür. Bunun ölçülməsi isə indiki halda mümkün deyil. Aidiyyəti qurumlar, o cümlədən Dövlət Statistika Komitəsi müəyyən qədər bu kiçilməni olduğundan aşağı göstərir”.

İqtisadiyyatın bir sıra sahələri üzrə fəalyyətin tam olaraq bərpa olunmadığını qeyd edən Rəşad Həsənov turizm sektorunun, iaşə xidmətləri sahəsinin əhəmiyyətli şəkildə, tikinti sektorunun 5 faizədək kiçildiyini deyir:

"Əhalinin alıcılıq qabiliyyətinin azalması növbəti aylarda da davam edəcək. Hətta iqtisadiyyatın açılması ilə bağlı qərar qəbul edilsə belə, məcmu tələbin gözlənilən səviyyəyə çatması və bu itkilərin kompensasiya etməsi və ya azı resessiya prosesinin dayandırılmasına səbəb ola bilməz. Çünki faktiki olaraq gəlirlərdə ciddi şəkildə azalma var, məhdudlaşdırma tədbirlərinin də birdən-birə aradan qaldırılması gözlənilmir. Ona görə də düşünürəm ki, "Fİtch”-in indiki hesabatında qeyd olunan göstəricilər əvvəlki ilə müqayisədə reallığa daha yaxındır. Amma bizim hesablamalarımız göstərir ki, real olaraq iqtisadiyyatda kiçilmə təxminən 7-10 faiz arasında ola bilər. Təbii ki, burada gizli iqtisadiyyatın kiçilmə resessiyası qeydə alınarsa”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları