Yuxarı

Neft ölkələri üçün riskli dönəm

Neft ölkələri üçün riskli dönəm

Neft ölkələri üçün riskli dönəm

COVID-19-un birinci dalğası adlanan pandemiya dünya iqtisadiyyatına böyük zərbə vurdu, ölkələrin iqtisadi artım templəri yüksək faizlərlə aşağı düşdü.

İndi isə ikinci dalğadan danışılmağa başlanıb ki, bu da öz növbəsində iqtisadiyyata təsirsiz ötüşmür. Baxmayaraq ki, hazırda ölkələrarası məhdudiyyətlər əvvəlki kimi kəskin deyil, neft qiymətləri aşağı düşməkdə davam edir. Qeyd edək ki, Brent markalı neft 5,5% ucuzlaşma ilə təqribən 39,70 dollardan, ABŞ xam nefti isə 6% ucuzlaşma ilə 36,78 dollar ətrafındadır. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti isə 2,02 ABŞ dolları, yaxud 4,77% azalıb.

"Azeri Light” markalı neftin bir barelinin qiyməti 40,30 ABŞ dolları təşkil edib. Onu da xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları) qeydə alınıb. Neft qiymətlərinin aşağı düşməsi təlabatın azalması ilə əlaqələndirilir. Dünyanın ən böyük neft idxalçısı olan Çinin xam neft idxalı avqust ayında geriləyərək, sentyabrda daha da azalıb. Ölkədəki neftayırma zavodlarının anbarları erkən alışlara görə doludur. Bu səbəbdən sentyabr və oktyabr aylarında daha az neft alacaqları gözlənilir. Bunlardan başqa, ABŞ və Çin arasında gərginlik səngimir. ABŞ Prezidenti Donald Tramp ölkəsinin Çinə olan asılılığını sona çatdırmağı hədəfləyir ki, bunun da bazara təsiri danılmır.

Digər tərəfdən OPEC+ koalisiyasının istehsalı artır ki, bu bazarda qiymətlərin bir qədər də enişini şərtləndirir.

Belə olan halda, dünya iqtisadiyyatını, eləcə də neft hasilatçısı olan Azərbaycan iqtisadiyyatını hansı proseslər gözləyir?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, qiymətlərin aşağı düşməsi neft ixrac edən ölkələrin gəlirlərinə mənfi təsir göstərir, eyni zamanda aparıcı neft hasilatçıları olan ölkələrin büdcə öhdəliklərini təhdid altına salır:

"Bir neçə gündür neftin qiymətində enmələr müşahidə olunur və düşünürəm ki, bu davam edəcək. Çünki təlabat elə də yüksək səviyyədə deyil. Bu qarşıdakı aylarda neft hasil edən şirkətlərin xərclərini və ayırmalarını təhdid altına alır. Mən bir neçə ay əvvəldən də demişdim ki, sentyabr ayından dünya bazarında neft qiymətləri aşağı düşəcək. Hazırda emal zavodları normal emal marjı ilə işləyə bilmirlər. Emal edilən neft məhsullarının satış bazarı məhdudlaşdırılıb. O cümlədən də dizel, reaktiv yanacağa tələbat aşağı düşməsi ilə əlaqədar emal marjı aşağı düşüb”.

Ekspert deyir ki, neft məhsullarının bütün zənciri boyu emal marjının aşağı düşməsi Asiya, ABŞ, Yaxın Şərq, Avropada mövcud olan əksər neft emalı müəssisələrini əhatə edir:

"Neft emalı zavodlarının gəlirlə işləyə bilmir və emal etdikləri neft məhsullarının normal satış proqramını həyata keçirə bilmir. Bu baxımdan da qarşıdakı aylarda həm neft və qaz hasil edən ölkələr, həm də şikətlər üçün çətinliklər davam edəcək, büdcə icraları təhdid altına düşəcək”.

Onu da qeyd edək ki, neft qiymətlərinin aşağı olması neft hasilatçısı olan Azərbaycanın gəlirlərinə ciddi təsir edir, ölkə büdcəsinin xarici təsirlərə dayanıqlığını azaldır. Xatırladaq ki, gələn ilin büdcə gəlirlərinin 57,3 faizi neft sektorunun, 42,7 faizinin isə qeyri-neft sektoru hesabına formalaşması nəzərdə tutulur. Buna baxmayaraq, ilkin büdcə proqnozlarına görə, neftin qiyməti 35 dollardan götürülür ki, bu da büdcənin icrasını risk altına düşməkdən qoruyur. İqtisadçılar uzunmüddətli dövr üçün neft qiymətlərinin bundan aşağı düşməsini mümkün hesab etmirlər.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları