Yuxarı

Pandemiya uzanır: Kiçik dövlətlər üçün riskli 2 il

Pandemiya uzanır: Kiçik dövlətlər üçün riskli 2 il

Pandemiya uzanır: Kiçik dövlətlər üçün riskli 2 il

"Microsoft" korporasiyasının banisi Bill Qeyts "Fox News" telekanalına müsahibəsində deyib ki, COVID-19 pandemiyası ən yaxşı halda 2022-ci ildə başa çatacaq.

Qeyts əlavə edib ki, 2022-ci ilədək bizim üzərimizə yoluxma sayını azaltmaq düşür. Lakin məlumdur ki, COVİD- 19 böyük- kiçik demədən bütün dövlətlərin iqtisadiyyatına zərər verir və bundan ən çox da iqtisadi durumu zəif olan ölkələr təsirlənir.

Pandemiyanın süni yolla yaradıldığını və ya konkret vaksinin məqsədli şəkildə, virusun vaxtını uzatmaq üçün ortaya qoyulmadığını düşünənlər, hesab edir ki, bununla qlobal güclər kiçik dövlətləri sıradan çıxarmağa çalışır.

Məsələyə münasibət bildirən iqtisadçı- ekspert Natiq Cəfərli "Cümhuriyət”ə açıqlamasında deyib ki, dövlətlər böyük və ya kiçikliyinə görə deyil, iqtisadi vəziyyətlərinə görə ayaqda qala biləcəklər:

"Qlobal güclərin kiçik dövlətləri sıradan çıxarmaq istəməsi kimi kəskin fikir bildirmək çox da doğru olmazdı. Çünki kiçik dövlətlər arasında kifayət qədər iqtisadi gücü böyük olanları da var. Məsələn, Norveç kiçik dövlətdir və 5.5 milyon cəmi əhalisi var. Amma 1 trilyon dollarlıq valyuta ehtiyatları da var. Yəni real vəziyyətdə dövlətlərin ayaqda qalması onun böyük və ya kiçik olması ilə deyil, iqtisadi, siyasi sistemlərin çağırışlara cavab verməsi ilə hesablanır. COVİD-19 pandemiyası qlobal problemlər yaratması ilə yanaşı, fürsətlər də formalaşdırır. Yəni pandemiya iqtisadi və siyasi sistemində problem olan ölkələrə sanki bir yol göstərir ki, vəziyyətdən istifadə edərək qeyd edilən sahələrdəki problemlərini aradan qaldırsın. Çünki idarəetmə sistemi güclü olan dövlətlərin pandemiyadan az zərərlə çıxdığının şahidi oluruq. Ona görə pandemiyanın vaxtının uzanması ilə bağlı hansısa qlobal teoriləri düşünməkdənsə, iqtisadi və siyasi sistemində problem olan dövlətlərin həmin problemin həlli istiqamətində addımlar atmasını daha məntiqli hesab edirəm. Bunu Azərbaycana da şamil etmək olar. Çünki ən azından statistikanın reallığı əks etdirmədiyini gördük . Ölkə başçısı da bu məsələyə toxunub. Məlum oldu ki, Azərbaycanda normal statistika aparılmır və ölkənin iqtisadi modelində həddən artıq ciddi problemlər var. Bunlar aradan qaldırılmalıdır. Bundan başqa idarəetmə sistemində də ciddi problemlər olduğunu gördük. Yəni yerli özünüidarəetmə institutlarının özünü doğrultmadığının şahidi olduq. İcra başçılarının qanunsuz fəaliyyətləri bunu sübut etdi. Artıq heç kəsdə bununla bağlı şübhə olmadığını gördük. Bu və ya buna bənzər səbəblər onu göstərir ki, Azərbaycanın da mövcud vəziyyətdən çıxaracağı dərslər var. Bu dərslərdən doğru-düzgün nəticələr çıxardaraq, idarəetmə sistemində, siyasi və iqtisadi sistemdə müəyyən ciddi dəyişikliklər edərək gələcəkdə yarana biləcək çağırışlara, problemlərə daha yaxşı hazırlıqlı ola bilərik”.

Ekspert əlavə edib ki, bundan sonra da COVİD- 19 kimi yeni çağırışlar olacaq və buna hazır olmalıyıq:

"Pandemiyanın 2022-ci ildə bitəcəyi ilə bağlı Bill Qeytsin açıqlaması var. Amma ondan daha tez bitəcəyi ehtimalı da var. Məsələn, Tramp bəyan etdi ki, noyabrdan sonra vaksinasiya başlayacaq və problemə qalib gəlinəcək. Rusiyanın özündə də vaksinasiya prosesi artıq başlanıb. Lakin bunun nə qədər effektli olduğu barədə qəti fikir yoxdur. Çünki beynəlxalq mərkəzlər, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiya vaksininə lisenziya verməyib. Yəni virusla bağlı müxtəlif yanaşmalar və bir çox ölkələrdə gedən tədqiqatlar var. Amma bir şey dəqiqdir. Artıq COVİD- 19 dünyaya sübut etdi ki, idarəetmə ilə bağlı, iqtisadi sistemlə əlaqədar problemlərin həll olunması zamanı çatıb və insanlıq yeni çağırışlara hazır olmalıdır. Yeni çağırışlar bundan sonra da olacaq. Görülən hazırlıqlar yeni çağırışlardan daha yumşaq şəkildə çıxmaq şəraiti yarada bilər. Bu məsələ bundan ibarətdir. Dünyada artıq rəqəmsal iqtisadiyyata keçid baş verib. Bu COVİD-19-dan əvvəl də başlamışdı. Lakin virusun yayılması rəqəmsal iqtisadiyyata keçidi daha da sürətləndirdi”.

Əli Bədir





Həftənin ən çox oxunanları