Yuxarı

Qızıl oğruları: Əcnəbi şirkətlərdən təzminat ala biləcəyik?

Qızıl oğruları: Əcnəbi şirkətlərdən təzminat ala biləcəyik?

Qızıl oğruları: Əcnəbi şirkətlərdən təzminat ala biləcəyik?

Məlum olduğu kimi, İsveçrənin "Base Metals" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycanın işğal altında olan Vejnəli kəndində 302 milyon manata qədər qanunsuz gəlir əldə etdiyi açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının işğal olunmuş Laçın, Kəlbəcər və digər işğal olunmuş rayonların ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində 21.10.2015 və 30.03.2018-ci il tarixlərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işləri başlanıb. Həmin cinayət işlərindən biri - işğal olunmuş, lakin Milli Ordumuzun uğurlu əməliyyatları nəticəsində son günlərdə işğaldan azad olunmuş Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı olub.

İstintaq zamanı Baş Prokurorluğun İstintaq idarəsinin qərarı əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilib ki, Zəngilan rayonu Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş "Vallex Group” şirkətlər qrupunun filialı olan "Base Metals" Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib.

Qeyd edilən cinayət faktları ilə əlaqədar "Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə Konfederasiyasının vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeri Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan "Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində məhkəmənin müvafiq qərarları ilə qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib. Həmin cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş ziyanın məbləğinin dəqiqləşdirilməsi və digər istintaq üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə işğaldan azad olunan Vejnəli kəndində yerləşən uzun illər ərzində istismara məruz qalmış qızıl yataqlarının yerləşdiyi əraziyə hadisə yerinə baxış da daxil olmaqla digər zəruri istintaq hərəkətləri həyata keçirilir. Həmçinin, cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri istintaq hərəkətlərinin icrası məqsədi ilə İsveçrə Konfederasiyasının səlahiyyətli dövlət orqanlarına beynəlxalq hüquqi yardımın göstərilməsi haqqında vəsatətlə müraciət olunub.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edib ki, Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş və artıq işğaldan azad edilmiş ərazilərimizdə qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin milli və beynəlxalq qanunvericilik əsasında məsuliyyətə cəlb olunmaqla sanksiyaların tətbiq edilməsi məqsədi ilə beynəlxalq hüquq normaları çərçivəsində bütün mümkün olan tədbirlərin görülməsi təmin ediləcək.

Azərbaycan İsveçərə şirkətinə qarşı sanksiyaların tətbiq edilməsinə nail ola bilərmi? Öz torpaqlarının qanunsuz istismarı ilə məşğul olaraq, milyonlar qazananlardan kompensasiya ala biləcəkmi? Dünyada belə bir təcrübə mövcuddurmu?

Hüquqşünas Əsabəli Mustafayev "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bütün dünya tərəfindən qəbul olunur ki, həmin torpaqlar Azərbaycan dövlətinin mülkiyyətində olan torpaqlardır:

"Azərbaycan dövlətinin razılığı olmadan orda hər hansı bir işi görmək də qanunsuzdur. Biz dəqiq hesablamalar aparıb, kompensasiya tələb edə bilərik. Amma bunun üçün təkcə bizim hesablamalarımız kifayyət etməyəcək. Yaxşı olar ki, beynəlxalq aləmdə tanınmış, hesablama məsələsində təcrübəsi olan təşkilatlar bu işə cəlb olunsun. Onsuz da onların hamısının xidmət haqqı cavabdeh tərəfdən tutulacaq. Bu halda prosesi uda bilərik. Doğrudur, həmin şirkətdən deyə bilərlər ki, müqavilə əsasında bu işi görüblər, Ermənistan tərəfi onları aldadıb və s. Bu artıq Ermənistanla həmin şirkətin arasında olacaq sonrakı çəkişmələrdir. Biz həmin şirkətdən dəymiş zərəri tələb edib, ala bilərik, sonradan isə şirkət düşdüyü zərərlə bağlı Ermənistan dövlətinə qarşı iddia qaldıra bilər, ona dəyən ziyanın müəyyən hissəsini ala da bilər”.

Hüquqşünas deyir ki, bu perspektivli və lazımlı bir işdir:

"Çünki açıq-aşkar Azərbaycan torpaqlarının istismar olunmasıdır. Burada məsələ təkcə onların neçə ton qızıl, neçə ton mis aparmasında deyil, pozuntunun özünün tanıtdırılması çox əhəmiyyətlidir, bu beynəlxaqlq əhəmiyyətə malik qərar ola bilər. Düşünürəm ki, Azərbaycan dövləti bu işdə sonacan gedəcək. Biz vəkillər də öz imkanlarımız çərçivəsində kömək etməyə hazırıq. Amma bu məsələ beynəlxalq arbitraj məhkəmələrinə çıxa bilər. Bu baxımdan təcrübəli xarici ekspertlərə müraciət olunmlıdır”.

Əsabəli Mustafayev deyir ki, dünya təcrübəsində belə prosesin baş verməsi ilə bağlı hal yadına gəlmir:

"Şirkətlər arasında, icra qurumları arasında, bələdiyyələrlə xarici şirkət arasında proseslər çox olub. Amma dövlət tərəfindən işğalda olan torpaq sahəsinin istismarı ilə bağlı prosesin olduğunu xatırlamıram. Varsa belə, bu nadir haldır. Bunun özü də işi başlamaq üçün stimuldur”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları