Yuxarı

Türkiyəyə qarşı sanksiya kimə ziyan verəcək? - "Ritorikadan uzağa getməyəcək”

Türkiyəyə qarşı sanksiya kimə ziyan verəcək? -

Türkiyəyə qarşı sanksiya kimə ziyan verəcək? -

Bu gün Avropa ölkələri, ABŞ qardaş Türkiyəni iqtisadi sanksiyalarla təhdid edir.

Türkiyənin yürütdüyü müstəqil siyasət və Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi nədənsə Avropa dövlətlərini, xüsusən də Fransanı narahat edir. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bu sanksiyalara hazır olduqlarını vurğulayaraq, Qərbə "sanksiya nədirsə, tətbiq et, gecikmə” dedi. Türkiyəni dəstəkləyən ölkələrin əhalisi isə bazarlarda türk mallarına üstünlük verməyə başlayıblar.

Göründüyü kimi, iqtisadi sanksiya təhdidi qardaş Türkiyəni qorxutmur, onu haqlı mövqeyindən daşındırmır. Türkiyə NATO dövləti olduğu halda nədənsə, buradakı bəzi müttəfiqləri öz qısqanclıqlarını gizləyə bilməyib, ona "mehriban düşmən” kimi davranırlar. Avropanın böyük bir hissəsində Türkiyə mallarının geniş yer tutduğu məlumdur. Bu bazarlarda xüsusən ərzaq və geyim məhsulları önəmli paya sahibdir.

Əgər Türkiyəyə sanksiya tətbiq edilərsə, bu qarşı tərəfə necə təsir göstərə bilər?

İqtisadçı- ekspert Natiq Cəfərli "Cümhuriyət”ə açıqlamasında deyib ki, Türkiyəyə qarşı tətbiq ediləcəyi bildirilən iqtisadi sanksiya məsələsi siyasi ritorikadan uzağa getməyəcək:

"Türkiyə ilə Avropa Birliyi arasında böyük bir gömrük və ticarət anlaşması var. Türkiyə ixracatının təxminən yarıya qədəri Avropa ölkələrinədir. Avropa ölkələrinin bəzilərində Türkiyədə istehsal olunan mallar kifayət qədər önəmli yer tutur. Daha maraqlı məqam isə ondan ibarətdir ki, əslində Türkiyə mallarının ixracatında əsas rol oynayan avtomobil sektorunda elə Avropa və Amerika şirkətləri öndədir. Yəni Türkiyə ərazisində indiyədək 10-dan çox zavod tikilib ki, burada Avropa şirkətlərinin, o cümlədən "Ford” və digər Amerika şirkətlərinin də payı var. Həmin zavodlar birgə müəssisələr kimi fəaliyyət göstərir. Əslində, Türkiyəyə qarşı iqtisadi sanksiya tətbiq etmiş olsalar, özləri- özlərinə sanksiya qoymuş olacaqlar. Çünki Türkiyə iqtisadiyyatı kifayət qədər kooperasiya olunmuş iqtisadiyyatdır. Yəni Türkiyə şirkətlərinin bir çoxunda Avropa səhmdarları var. Yaxud Avropa şirkətləri ilə birgə müəssisələr yaradılıb. Ona görə də düşünürəm ki, Avropanın Türkiyəyə sanksiya tətbiq etmək məsələsi siyasi ritorikadan kənara çıxmayacaq. Böyük həcmli sanksiyaların tətbiqi indiki halda mümkün deyil. Çünki Türkiyənin Aralıq dənizindəki fəaliyyəti və digər fəaliyyət sahələri var ki, onlara sanksiya tətbiq edilməsi bəzi Avropa ölkələrinin maraqlarına toxuna bilər. Ola bilər ki, Türkiyənin hansısa kiçik şirkətlərinə qarşı belə bir addım atıla bilər. Amma qlobal maraqlara görə Türkiyənin mallarından imtina etmək, indiki halda heç Avropanın özünə də sərf etmir. Çünki Çinlə də bağlı müyyən problemlər var. Pandemiya da onu göstərdi ki, Çinin qlobal səviyyədə ixracatçı olması Avropanı ondan asılı salır. Bu isə təhlükəlidir. Bu anlamda Türkiyə gələcəkdə bəzi məqamlarda Çindən asılılığı azaldan faktora çevrilə bilər. Ona görə də Türkiyəyə qarşı müyyən siyasi ritorikalar və kiçik formalı sanksiya tətbiqləri ola bilər. Amma bu Türkiyəyə ciddi təsir etməyəcək. Türkiyə NATO ölkəsidir və onun iqtisadiyyatına ciddi şəkildə təzyiqlərə imkan verilməz. Ona görə də bu sanksiyaların Türkiyə iqtisadiyyatında böhran yaradacağına inanmıram. Bu təzyiqlərin nəticəsidir ki, 25 oktyabr gecə saatlarından başlayaraq Asiya bazarlarında, 26-ı isə Türkiyə və Avropa birjalarında Türk lirəsinin dəyərdən düşməsinin şahidi oluruq. Bu iqtisadi sanksiya ritorikasının nəticəsidir”.

Ekspert hesab edir ki, bütün Avropa ölkələri Türkiyəyə sanksiya tətbiq edilməsi qərarı ilə razılaşmaz:

"Əsas məsələ bu sanksiyalarla Avropa İttifaqının tamamının razılaşacağı sual altındadır. Avropa İttifaqında qərarlar səs birliyi ilə qəbul olunur. İttifaqın tərkibində Macarıstan, Polşa kimi dövlətlər var ki, onların Türkiyə ilə çox yaxşı əlaqələri var və biznes partnyorlarıdırlar. Ona görə də Türkiyəyə qarşı bu sanksiya qərarlarını ayrı - ayrı dövlətlərin ala biləcəyi gözlənilə bilər. Yəni bütün Avropa İttifaqı səviyyəsində yox. Bu sanksiyalara Avropa İttifaqından kənarda olan dövlətlərin qoşulmasının heç bir hüquqi əsası yoxdur. Əsas məsələ Amerikanın mövqeyidir. Onun da yeni prezidentin andiçmə mərasiminə kimi ciddi qərarlar alacağını gözləmək əbəsdir. Çünki onun başı seçkilərə qarışıb. Seçkidə isə kimin qalib gələcəyi hələ tam aydın deyil. Kimin seçilməsindən asılı olmayaraq prezident seçilən şəxsin andiçmə mərasiminə qədər, yəni yanvar ayının ortalarınadək Amerika Türkiyəyə qarşı ciddi qərarlar almayacaq. Bu çox vacibdir. Çünki Amerikanın sanksiyaları və təzyiq vasitələri Avropa İttifaqı ölkələrinə nisbətdə daha güclüdür”.

Əli Bədir





Həftənin ən çox oxunanları