Yuxarı

Daha bir neçə bankın bağlanma TƏHLÜKƏSİ

Daha bir neçə bankın bağlanma TƏHLÜKƏSİ

Daha bir neçə bankın bağlanma TƏHLÜKƏSİ

Əkrəm Həsənov: "Müharibə bitdikdən sonra hansısa bankların bank sistemimizi tərk etməsi mümkündür”

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-i 2020-ci ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Həmin göstəricilərə görə, 11 bankdan 10-u 2020-ci ilin 9 ayını xalis mənfəətlə, 1-i isə xalis zərər ilə başa vurub.

İli xalis mənfəətlə başa vurmuş banklar "AccesBank”, Azərbaycan Beynəlxalq Bankı, Bank BTB, ExpressBank, Kapital Bank, Melli İran Bankı Bakı filalı, Paşa Bank, Rabitəbank, Turanbankdır. Onlardan ən yaxşı durum Azərbaycan Beynəlxalq Bankındadır. Bu bank ilin 9 ayını 135 milyon 397 min manat gəlirlə başa vurub.

Maliyyə durumu açıqlanan banklar arasında ilin III rübünü xalis zərərlə başa vuran bank Yelo Bankdır. Bu bankın xalis zərəri 23 milyon 192 min manata çatıb.

Doğrudur, hələ 26 bankdan 15-i maliyyə durumu ilə bağlı açıqlama verməyib, amma ümumilikdə pandemiya şəraiti banklarımıza necə təsir edib? Yaranmış durumla əlaqədar olaraq onlar arasında bağlanma təhlükəsi ilə üz-üzə qalanlar varmı?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, pandemiya bütün dünya iqtisadiyyatına, o cümlədən də Azərbaycan iqtisadiyyatına gözlənildiyindən daha ağır zərbələr vurur:

"Bu durum bütövlükdə bank sistemimizin vəziyyətinə də mənfi təsir göstərir. Əlbəttə ki, bağlanma təhlükəsi olan banklarımız da var. Pandemiya banklarımızın pul vəsaitlərinin azalmasına səbəb olub - ilk növbədə banklarda əmanətlər azalıb ki, bu da əmanətçilərin gəlirlərinin azalması, bu baxımdan da bankda olan vəsaitlərini geri götürməsi ilə bağlıdır. Digər tərəfdən isə iqtisadi şok, panika, ajiotaj əmanətçiləri bankda pul saxlamaqdan çəkindirir. Bu ilin aprelində 4 bankın bağlanmasının özü də əmanətçilərə mənfi təsir etdi. Məlumdur ki, banklar qəbul etdiyi əmanətlərin hesabına kredit verir və qazanc əldə edirlər”.

Əkrəm Həsənov deyir ki, ölkədə fəaliyyət göstərən bir neçə bank yaranmış duruma baxmayaraq uğurla fəaliyyət göstərir, amma əksər banklar çətinliklə üzləşiblər:

"Bankların verdikləri kreditlər üzrə də problemli kreditlər də artıb. Mərkəzi Bank aprel ayında banklara tövsiyyə etdi ki, sentyabra qədər müştərilərə istər istehlak, istərsə də biznes kreditləri üzrə cərimə hesablamasınlar, ümumiyyətlə bu gecikmə hesab olunmasın və müştərilərin kredit tarixcəsinə daxil edilməsin. Doğrudur, banklar buna tam əməl etmədi və müştərilərdən pul tələb etdilər, amma xeyli müştəri var ki, kredit faizlərini ödəmir. Sentyabr ayının 30-da Mərkəzi Bank həmin qərarının müddətini yanvarın 1-nə qədər uzatdı. Bu da problemli kreditlərin artmasına gətirib çıxarır. Həmçinin banklar təkcə əmanətlərin azalmasına görə deyil, həm də kredit risklərinin artdığına görə yeni kreditlər verə bilmirlər. Bu cür şəraitdə bankların kapital göstəricilərinin pisləşməsi və hələ də pisləşməkdə olacağı gözləniləndir. Mərkəzi Bank aprel-may aylarında da 4 bankı bu göstəricilərə görə bağladı. Bu baxımdan da bankların bağlanma təhlükəsi var, amma mən düşünmürəm ki, ölkədə hərbi vəziyyət davam etdiyi bir vaxtda hansısa bank bağlanacaq. Amma düşünürəm ki, müharibənin sonuna və bizim qələbəmizə çox qalmayıb. Müharibə bitdikdən sonra hansısa bankların bank sistemimizi tərk etməsi mümkündür”.

Maliyyə durumları dərc olunan banklara gəlincə, ekspert deyir ki, qanunvericiliyə görə, banklar III rüb üzrə maliyyə hesabatlarını noyabrın 1-dək dərc etməlidirlər:

"Əgər ay bitmiş olsa idi və hansısa bank hesabatını təqdim etməsəydi, biz deyə bilərdik ki, onun vəziyyəti pisdir ki, maliyyə hesabatını təqdim etməyib. Hələ ki, 15 bankın buna vaxtı var. Yelo Banka gəlincə, belə deyək də - onun yaxşı vaxtı olub ki... Amma onun bağlanma məsələsi birmənalı deyil. Bu bankın əsas səhmdarı "Lukoil” şirkətinin sahibi Vahid Ələkbərovdur, o isə hər zaman bankın vəziyyəti pis olan zaman əlavə vəsait qoyur ki, bank bağlanmasın. Bu bir növ varlı kişilərin öz həyat yoldaşlarına gözəllik salonu açmasına bənzəyir, bəzi hallarda həmin fəaliyyətin heç bir effekti olmur, sadəcə kişi pul buraxır ki, xanımın da bir işi olsun.Yelo Bankın itkiləri bu baxımdan çox deyil, amma bizim digər kiçik banklarımız var ki, onların kənardan maliyyə dəstəyi yoxdur”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları