Yuxarı

Virusun geri saldığı iqtisadiyyat: 4 faiz nə qədər təhlükəlidir?

Virusun geri saldığı iqtisadiyyat: 4 faiz nə qədər təhlükəlidir?

Virusun geri saldığı iqtisadiyyat: 4 faiz nə qədər təhlükəlidir?

Bu il üçün pandemiyanın təsirləri ilə Azərbaycan iqtisadiyyatının nisbətən azalacağı proqnozlaşdırılsa da, 2021-ci ildə yenidən yüksələn xətlə artacağı bildirilir.

Xəbər verildiyi kimi, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə verdiyi yeni proqnoza əsasən, 2021-ci ildə ölkədə ÜDM-in artım tempi 2% təşkil edəcək. BVF-nin "World Economic Outlook" hesabatının oktyabr buraxılışında gedən bu məlumatda həmçinin o da qeyd edilib ki, bu il Azərbaycan iqtisadiyyatı koronavirus pandemiyası səbəbindən 4% azalacaq.

4 faiz azalma Azərbaycan iqtisadiyyatı üçün nə ifadə edir?

Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov "Cümhuriyət”ə açıqlamasında bildirib ki, Azərbaycan iqtisadiyyatının pandemiya ilə əlaqədar 4 faiz azalması təhlükəli heç nə vəd etmir:

"Pandemiyanın təsirləri fonunda iqtisadiyyatın azalacağı proqnozlaşdırılırdı. İlin birinci yarısının yekunlarına əsasən və xüsusən də pandemiyanın təsirlərinin davam edəcəyini nəzərə alaraq Azərbaycan hökuməti 4 faiz deyil, 5 faiz azalmanın olacağını proqnozlaşdırırdı. Amma sonrakı dövrlərdə real sektorda iqtisadi aktivliyin bərpa edilməsi, büdcənin optimallaşdırılması bu azalma faizinin xeyli dərəcədə optimallaşdırılmasına gətirib çıxardı. Bundan sonra Azərbaycan hökuməti iqtisadi azalma faizinin 3.5 faiz ətrafında dəyişəcəyini proqnozlaşdırdı. Təxminən son 3 ay ərzində rəsmi azalma proqnozunun da xeyli dərəcədə yaxşılaşması müşahidə olunub. O baxımdan, 3.5 və ya 4 faizlik azalma məqbul hesab olunmalıdır.

Nəzərə alsaq ki, inkişaf ermiş ölkələrdə azalma tempi ikirəqəmlidir və orta hesabla 12 faizə yaxın azalma var. Hətta bu ilin birinci yarısında Böyük Britaniyanın iqtisadiyyatı 24 faiz azalıb. ABŞ-ın büdcə kəsri 3 dəfə artıb. Yəni qlobal azalma tempini, pandemiyanın qlobal və milli iqtisadiyyata təsirini nəzərə alsaq, Azərbaycanın Ümumi Daxili Məhsulundakı (ÜDM) azalma məqbul hesab oluna bilər. Eyni zamanda bu məqbul hesab olunma qonşu ölkələrlə də müqayisədə keçərlidir. Yəni MDB ölkələrində daha yüksək dərəcəli azalmanın olacağl proqnozlaşdırılır. Birinci rübdə də həmin ölkədə azalma tempi daha yüksək olub”.

Ekspert qeyd edib ki, indiki vəziyyətdə məqbul azalma növbəti illərdə bizə qəsa zamanda iqtisadi artımı bərpa etməyə imkan verəcək:

"Bu gün ərazilərimizi işğal etmiş və Azərbaycana qarşı təxribat törədən Ermənistanda bu ilin birinci yarısında iqtisadi azalma 5.7 faiz olub. Azərbaycanda isə bu azalma 2.7 faiz idi. 2021-ci ildən etibarən biz iqtisadi artım tempinin bərpa olunacağını proqnozlaşdırırıq. Belə proqnozlar yalnız Azərbaycan hökuməti tərəfindən deyil, digər beynəlxalq qurumlar tərəfindən də müəyyənləşdirilir. Praktik olaraq bu il azalma tempinin məqbul olması, nəticə etibarı ilə imkan verəcək ki, növbəti illərdə biz daha qısa zamanda iqtisadi artımı bərpa edə bilək. Bir daha deyirəm ki, indiki halda 4 faiz azalma iqtisadiyyat üçün heç bir təhlükə vəd etmir. Mövcud vəziyyətdə Azərbaycan iqtisadiyyatı üçün heç bir təhlükə yoxdur. Xüsusən bizim savaş apardığımızı da nəzərə alsaq bunu rahatlıqla deyə bilərik ki, Azərbaycanın iqtisadi potensialı savaşı sonadək aparmağa imkan verir”.

Əli Bədir





Həftənin ən çox oxunanları