Yuxarı

3 milyonluq Bakı: Paytaxt bu "yükü” necə çəkəcək?

3 milyonluq Bakı: Paytaxt bu

3 milyonluq Bakı: Paytaxt bu

Bakı şəhərinin əhalisi 2040-cı ilə qədər 3,17 milyona çatacaq.

Bu barədə paytaxtın Baş Planının şəhərin əhalisi ilə bağlı proqnozlarında qeyd edilib. Proqnozlarda bildirilir ki, gələcək əhali sayının, eləcə də əhalinin yaş qrupları üzrə bölgüsünün müəyyən edilməsi ərazilərdən istifadə, mənzil təminatı, ictimai nəqliyyat sisteminin sərnişindaşıma imkanları, mühəndis və xidmət təminatı infrastrukturu kimi əsas şəhər alt sistemlərinin edilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.

"Bakı şəhərinin gələcək əhali sayı proqnozunun verilməsi üçün milli və beynəlxalq tendensiyalar nəzərə alınmış, gələcək illərdə şəhər əhalisinin artmağa davam edəcəyi, lakin artım tempinin nisbətən aşağı olacağı proqnozlaşdırılıb. Bakı şəhərinin 2040-cı ilə olan əhali proqnozunun verilməsi üçün ümumilikdə yeddi fərqli ssenari üzərində təhlil aparılıb. Müxtəlif riyazi modellər və fərqli hesablama yanaşmalarının tətbiqi ilə aparılmış təhlillərə görə hesabat dövrü üçün şəhər əhalisinin 2,88 - 3,17 milyon nəfər arasında dəyişəcəyi müəyyən edilib.

Bakı şəhərinin Baş Planı çərçivəsində əhali artımı ssenariləri üzrə hesablama nəticələrinin ən yüksək həddi əsas götürülmüş və 2040-cı ilə qədər şəhər əhalisinin 3,17 milyon nəfər təşkil edəcəyi qəbul edilib”, - deyə məlumatda bildirilib.

Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvarın 1-inin göstərcisinə görə, Bakının rəsmi əhalisi milyon 230 min təşkil edib.

Qeyd edək ki, indiki şəraitdə paytaxt sakinlərinin sayının rəsmi açıqlanandan daha çox olduğu bildirilir. Bu baxımdan da da qeyd olunan tarixə qədər də əhali sayının artaraq, rəsmi proqnozdan artıq olacağı aydındır.

Belə olacağı təqdirdə Bakı şəhəri bu "yük”-ü necə götürəcək?

Əhalinin mənzillə, işlə təminatı necə tənzimlənəcək? İndi də mövcud olan nəqliyyat problemləri öz həllini necə tapacaq?

İqtisadçı Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hazırda Bakı şəhərinin kontingenti 3 milyona qədər olmalıdır. Əhalini bundan çox olarsa, infrastruktur tamamilə dəyişilməlidir

"Həm nəqliyyat infrastrukturu müasir tələblərə cavab verəcək formada qurulmalıdır, həmdə ictimai nəqliyyatın metrobus variantından istifadə olunmalıdır. Bu dünyanın böyük şəhərlərində tətbiq olunur. Yolun bir hissəsi ictimai nəqliyyat üçün ayrılır və orada ictimai nəqliyyat saat mexanizmi kimi işləyir. Həmçinin Bakı şəhərinin əhalisi artacaqsa, onun qabaqlayıcı tədbirləri görülməlidir - qaz, işıq, su təminatı müəyyənləşdirilməlidir”.

İqtisadçı deyir ki, hazırda Azərbaycan ordusunun həyata keçirdiyi tarixi missiya da bu məsələyə təsir edə bilər: "Ümumiyyətlə Azərbaycan ərazisində iqtisadi disbalans aradan qaldırılmalıdır. Bu gün əhalinin əksəriyyətinin toplaşdığı Abşeron iqtisadi rayonu ölkə iqtisadiyyatının 90 faizini özündə cəmləşdirir. Həm dövlət büdcəsinin formalaşdırılması, həm ixracaatın formalaşdırılması, həm də idxalın təyinatı baxımından ölkənin həm əhali kontingentinin, həm də iqtisadi infrastrukturunun 90 faizi bir iqtisadi rayonda cəmləşib. Halbuki, ölkənin 10 iqtisadi rayonu var.

Sanki ölkə iqtisadi baxımdan "raxit uşağa” bənzəyir - Başı böyük, bədəni balaca. Bu disbalansı aradan qaldırmaq üçün Azərbaycan hökumətinin qarşısında bir sıra vəzifələr var. Ordumuzun şanlı zəfərləri hesabına ərazilərimiz bir qədər də genişləndirilib. Ümid edirik ki, digər işğal altında olan ərazilərimiz də işğaldan azad olunacaq. Həmin ərazilərə də iqtisadiyyatın yayılması ölkədə əhalinin yerləşməsinə təsir edəcək. Bu zaman

Azərbaycanın bir yox, bir neçə iqtisadi mərkəzi olacaq.

Azərbaycan hökuməti bu istiqamətdə fəaliyyət göstərməlidir- bu həm iqtisadi, həm də siyasi məsələdir”.

Akif Nəsirli qeyd etdi ki, Bakı şəhəri Qafqazın yeganə şəhəridir ki, orada mütəmadi tıxaclar olur: "Günün müxtəlif vaxtlarında müxtəlif yerlərdə ənənəvi tıxaclar olur. Bu dünyanın tanınmış şəhərinə yaraşan bir şey deyil. Bəzəndeyirlər ki, dünyanın hər yerində tıxaclar olur. Amma həmin tıxaclar mütəmadi olmur - avtomabil qəzası, fövqəladə hadisə zamanı tıxac yaranır. Bakı şəhərində isə mütəmadi tıxaclar olur ki, bu da birbaşa əhalinin burada daha çox cəmləşməsi ilə bağlıdır. Bunu hökumət çoxşaxəli formada, proqram formasında həll etməlidir”.
Xatirə Nəsirova





Həftənin ən çox oxunanları