Yuxarı

İşğala son: Bərəkətli torpaqlar bizə nə qazandıracaq?

İşğala son: Bərəkətli torpaqlar bizə nə qazandıracaq?

İşğala son: Bərəkətli torpaqlar bizə nə qazandıracaq?

"Torpağı əkib becərməsən, qorumağa dəyməz, torpağı qorumursansa, əkib becərməyə dəyməz”.

"Dədə Qorqud” filmində deyilən bu kəlamın həqiqətən Dədə Qorqud tərəfindən səsləndiyi, yoxsa filmin yaradıcı heyəti tərəfindən tapıldığını deyə bilməsək də, hazırda işğal altında olan ərazilərimizn azad edildiyi ərəfədə aktual olduğunu deyə bilərik. 30 ildir ki, təəssüflənirdik, münbit, bərəkətli torpaqlarımızın əlimizdən alındığını deyirdik. İndi isə məqam yaxınlaşır.
Dağlıq Qarabağ və ətraf bölgələr Azərbaycanın ən əlverişli, gözəl iqlim şəraitinə malik əraziləri sayılır. Quraqlıq probleminin aktuallaşdığı son illərdə bol sulu bu regionun ölkəmiz üçün əhəmiyyəti daha da artıb.

Ərazilərimizin işğaldan azad olunması Azərbaycana hansı iqtisadi üstünlükləri gətirə bilər? Həmin ərazilərdə hansı sahələrin inkişaf perspektivi var?

"Altay” Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın 20 faizini təşkil edən 12 rayon ölkənin ən üstün potensiallı əraziləri hesab olunur: "Təxmini hesablamalara görə, həmin ərazilərin işğal altında olması nəticəsində ölkəmizə dəyən zərər 300 milyard dollara bərabərdir. 30 ildə əldə edə biləcəyimiz gəlirlər də nəzərə alınarsa, bu zərər 500 milyard dollara yaxın olar. Biz bu qədər vəsaitlə dünyanın iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələrindən biri ola bilərdik. Bundan başqa Qarabağ münaqişəsinin həllinə yönələn siyasi diplomatik məsələlərə, hərbi gücümüzün artırılmasına yönələn xərclərə də 10 milyard dollarlarla vəsait xərclənib”.

İqtisadçı hesab edir ki, işğal altında olan ərazilərimiz azad olunacağı təqdirdə ölkəyə verdiyi fayda regionlarımız arasında ikinci mövqeyə sahib olacaq: "Həmin ərazilərimizin həm iqlim, həm təbii sərvətlər, həm torpaq fondu cəhətdən Azərbaycanın ən yaxşı bölgəsi sayılır. Ərazinin çox böyük aqrar, turizm potensialı var. Sovet dövründə burada yüngül sənaye, turizm, tərəvəzçilik, üzümçülük, taxılçılıq inkişaf etmişdi. Heyvandalıq üçün də böyük potensial var. Bundan başqa Qarabağda dərman sənayesi üçün lazım olan faydalı bitgilər yetişir.

Bunun sayəsində orda dərman fabriki açmaq və təbii yolla alınan dərmanlar istehsal etmək olar. Bu ərazilər ölkənin qeyri-neft sektorunda böyük paya malik olacaq. Ərazidə böyük həcmli faydalı qazıntı imkanları var. Qısa bir müddətdə - 1-2 il müddətində ərazilərə investisiyalar yönəltməklə sosial-iqtisadi infrastruktur qura bilərik. Həm yerli, həm də xarici investorlar cəlb etmək olar. Oradakı yaşayış məntəqələrini bərpa etmək üçün 70-80 faiz bərpa işləri aparılmalıdır. Bunun üçün böyük bir maliyyə lazımdır. Hesab edirəm ki, dövlətin müvafiq ehtiyatları var.

Bizim 50 milyard dollarlıq strateji ehtiyatlarımız var, digər çoxsaylı fondlarımız var, bundan əlavə yerli investorlarımızın böyük imkanları var, xaricdə yaşayan azərbaycanlıların investisiya qoyması üçün dövlət stimullaşdırıcı tədbirlər görəcək, güzəştlər tətbiq olunacaq. Ermənilər qeyri-qanuni olaraq, xarici şirkətlərlə - Fransa, ABŞ şirkətləri ilə müqavilə bağlayaraq Kəlbəcərdəki qızıl məntəqələrində işləyir və böyük gəlirlər əldə edirlər. Bu mədənlər də böyük fayda deməkdir və Qarabağın bərpasında həmin mədənlərin böyük rolu olacaq”.

Elçin Bayramlı deyir ki, həmin ərazilərin 1 milyon nəfər məcburi köçkünün öz yurd-yuvasına qaytarılması da ölkəyə iqtisadi fayda gətirəcək: "Həmin əhalinin ərazilərə köçürülməsi həm də digər ərazilərdəki sıxlığı azaldacaq. Orda tikinti-quruculuq işlərinin aparılması məşğulluq imkanlarını artıracaq. Hesab edirəm ki, Azərbaycan hökuməti açıqlamasa da, onun Qarabağda sosial-iqtisadi infrastrukturu bərpa etməklə bağlı xüsusi hesablanmış, aydın proqramı var. Maksimum 2 il müddətində Qarabağda həm sosial-iqtisadi inkişaf, həm abadlıq baxımından çox böyük dəyişikliklər olacaq, dövlət büdcəsinin gəlirləri, ÜDM-də olan faizinə görə ikinci yerə malik ola biləcək”.
Xatirə Nəsirova





Həftənin ən çox oxunanları