Yuxarı

Kommunal sektorda qiymət dəyişəcək?

Kommunal sektorda qiymət dəyişəcək?

Kommunal sektorda qiymət dəyişəcək?

Su və kanalizasiya xidmətinin maya dəyərinin orta satış qiymətindən 2 dəfəyə yaxın çox olduğu bildirilən "Azərsu” ASC-nin açıqlamasında dolayısı ilə xidmət qiymətlərinin bahalaşdırılması təklifi yer alıb.

Şirkətin illik hesabatına deyilir:

"Tarixən Qrupun (Azərsu) ASC və törəmə müəssisələri əməliyyat zərərləri, əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və dövriyyə vəsaitlərində çatışmazlıq olub. Qrupun 2019-cu il üzrə müvafiq qanunvericiliyə uyğun hazırlanmış hesabatlarında 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri 1.42 AZN, orta satış qiyməti isə 0.75 AZN olmuşdur. Hesabat ilində 1 m3 su və kanalizasiya xidmətinin maya dəyəri orta satış qiymətindən 2 dəfəyə yaxın çox olmuşdur. Rəhbərlik gələcəkdə pul vəsaitlərinin axınını təmin etmək məqsədilə yeni infrastruktur layihələrinin tikintisi, həmçinin, mövcud qurğuların təmiri ilə bağlı Master Plan işləyib hazırlamışdır.

Bu da Qrupa abunəçilərinin sayını artırmaq, debitor borclarını toplamaq, satış üzrə zərərlərini azaltmağa imkan yaradacaqdır. Bundan əlavə, 13 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Tarif Şurası su və kanalizasiya xidmətləri üzrə müştərilərə tətbiq edilən satış tariflərinin artımını təsdiq etmişdir. Bu yeni tariflər 16 may 2016-cı il tarixindən qüvvəyə minmişdir. Nəticədə, hazırda tikilməkdə olan əsas layihələrin başa çatmasından sonra Qrupun maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaqdır.

Qrup fəaliyyətini davam etdirmək və cari investisiya layihələrini başa çatdırmaq üçün Dövlət tərəfindən təqdim olunan maliyyələşmələrdən asılı vəziyyətdə qalmaqdadır”.

Həmçinin, 2022-ci ildən Azərbaycanda elektrik enerjisi tarifləri günün saatından asılı olaraq dəyişə bilər. Yəni, ölkədə gecə-gündüz tariflərinin tətbiq edilməsi nəzərdə tutulub.Məlumata görə, artıq bununla bağlı hökumətdə müzakirələr gedir.

Energetika Nazirliyinin "Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun hazırladığı layihə aidiyyatı dövlət qurumlarına göndərilib. Layihəyə əsasən, günün pik saatlarında elektrik enerjisi nisbətən baha, qeyri-pik və gecə saatlarında isə nisbətən ucuz olacaq.

Xatırladaq ki, bir neçə il bundan əvvəl Asiya İnkişaf Bankı Azərbaycanda sözügedən layihənin hazırlanmasına 1 milyon ABŞ dolları qrant ayırmışdı.

Hazırda ölkədə əhali qrupu abunəçiləri üçün elektrik enerjisinin 1 kVt/saatının qiyməti ay ərzində 300 kVt/s-a qədər istifadə edildikdə 7 qəpik, 300 kVt/s-dan artıq istifadə edildikdə isə 11 qəpikdir

Mövcud pandemiya və müharibə şəraitində su və kanalizasiya xidmətlərinin, eləcə də ümumilikdə kommunal xidmət tariflərinin artırılması gözlənilə bilərmi?

İqtisadçı Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ilk növbədə "Azərsu” maya dəyərini necə hesablaması barədə ictimai məlumatlandırmanı təmin etməlidir:

"Bundan sonra tariflə bağlı hər hansı qərarın qəbul edilməsi ilə bağlı müzakirə oluna bilər. "Azərsu” indiyədək dövlət büdcəsindən ən çox dotasiya alan və güzəşt olunan qurumdur. Düşünürəm ki, "Azərsu”-da su və kanalizasiya xidmətlərinin maya dəyərinin hesablanmasında ciddi olaraq şişirdilmiş rəqəmlərin olması ehtimalı çox yüksəkdir. Çünki bu qədər dotasiya ilə su və kanalizasiya xidmətinin maya dəyərinin indikindən 2 dəfə çox olması mümkün deyil. "Azərsu” dövlət şirkəti olduğuna görə, ictimai nəzarət mexanizmlərinin vacib olduğunu nəzərə alaraq, bununla bağlı ciddi açıqlama verməlidir. Bundan sonra isə maya dəyərinin aşağı salınmasının yolları aranmalıdır”.

İqtisadçı deyir ki, ümumiyyətlə Azərbaycanda dövlət şirkətləri hər zaman maya dəyərinin yüksək olması məsələsini gündəmə gətirərkən, xidmət qiymətlərinin artrılması prinsipini irəli sürürlər:

"Normal yanaşma belə olmalıdır ki, maya dəyəri necə aşağı salınsın ki, indiki qiymətlərlə uyğunluq təşkil etsin. "Azərsu” ilk növbədə öz koorporativ idarəetmə qaydalarına riayyət etməli, orda olan neqativ halların aradan qalxmasına çalışmalı, maya dəyərinin süni şəkildə şişirdilməsinə son qoyulmalıdır. Ondan sonra Tarif Şurasına müraciətdən söhbət gedə bilər. Pandemiya və müharibə şəraitində olan bir ölkədə kommunal xidmətlərin yüksəldilməsi ilə bağlı məsələnin özü belə qeyri-ciddi yanaşmadır”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları