Yuxarı

Pandemiya şəraitində evlərini sığortalamayanları nə gözləyir?

Pandemiya şəraitində evlərini sığortalamayanları nə gözləyir?

Pandemiya şəraitində evlərini sığortalamayanları nə gözləyir?

Bu ilin əvvəlindən başlanaraq, daşınmaz əmlakın icbari sığorta sisteminin tətbiq olunmacağı rəsmən açıqlanmışdı.

Əks halda isə əmlak sahiblərinin cərimələnəcəyi bildirilirdi. Xatırladaq ki, qaydalara görə, Bakı şəhərində illik 50 manat sığorta haqqına 25 min manatlıq, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manata 20 min manatlıq, digər yaşayış məntəqələrində 30 manata 15 min manatlıq sığorta təminatı verilir.

İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində isə icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələr müəyyən edilib. Bu maddəyə görə, daşınmaz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat məbləğində, vəzifəli şəxslər 80 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortasının nəzərdə tutulduğu "İcbari sığortalar haqqında" Qanun hələ 2011-ci ildə qəbul edilib. Amma bu müddət ərzində qanunun tətbiqi mümkün olmayıb. Bəs, hazırda bu məsələ ilə bağlı vəziyyət necədir? Pandemiya daşınmaz əmlakın icbari sığortası sisteminin tətbiqini də təxirə salıb?

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, mənzillərin sığortalanması ilə bağlı hazırda əvvəlki illərdən fərqli bir mənzərə müşahidə olunmur:

"Yanvar-fevral aylarından sonra bu sahədə aktivlik kifayyət qədər aşağı düşüb. Kimin xəbəri və istəyi varsa, evini sığorta elətdirir, kimin xəbəri və istəyi yoxdursa elətdirmir. Sığorta şirkətlərinin bununla bağlı evlərə getməsi də demək olar ki, dayanıb”. Qanunvericilikdə daşınmaz əmlakını sığortalamayanların cərimələnəcəyi məsələsi var. İlin sonunda cərimələr tətbiq oluna bilərmi?

Ekspert deyir ki, hələ ki, cərimələrin tətbiq olunacağı gözlənilmir:

"Çünki cərimələnmə mexanizmi işlənib hazırlanmayıb. Cərimənin tətbiq olunması üçün elektronlaşmanın tətbiqi labüddür. Əks halda, kimsə "qapı-qapı gəzib”, insanların əllərində olan müqavilələri yoxlayaraq, cərimə yazmalıdır. Bu da XXI əsrdə qətiyyən yol veriləcək bir hal deyil. Bu məsələ icra hakimiyyəti orqanlarına tapşırılıb, onlar isə bu işdə maraqlı deyillər. Ona görə də ilk növbədə elektronlaşma başa çatmalıdır ki, cərimələrin tətbiqi də elektron formada həyata keçirilsin. Yəni, bu zaman sistem üzərində görünəcək ki, kimin əmlakının sığortası var, kiminki yoxdur. Bunun üçün Əmlak Məsələləri Dövlət Xidmətinin reystr məlumatları ilə İcbari Sığorta Bürosunun reystr məlumatları bir birinə inteqrasiya olunmalıdır. Digər tərəfdən sənədsiz tikililər məsələsi həllini tapmalıdır ki, bu da kifayət qədər həlli ağır olan məsələlərdəndir. Ona görə də bu il ərzində daşınmaz əmlakın icbari sığortası məsələsində cərimənin tətbiq olunacağı gözlənilmir”.

Alqı-satqı prosesində necə, icbari sığortanın olması tələbi qoyulurmu?

Xəyal Məmmədxanlı bildirib ki, nəinki alqı-satqı, daşınmaz əmlakla bağlı notariusda aparılan istənilən əməliyyat sığorta olmadan baş vermir:

"Ev alanda, satanda, bağışlayanda, kirayə müqaviləsi bağlayanda notariat kontorları icbari sığortanın olub-olmamasını yoxlayırlar, icbari sığortası olmayan əmlak üzərində əməliyyat aparmırlar. Demək olar ki, sığortalanların əksəriyyəti ya notariusdan alqı-satqı edənlərdir ki, onlar notariusun təkidi ilə əmlaklarını sığortalayıblar, ya da sığorta haqqında məlumatlı olan intellektual kütlə var ki, onlar bunun cərimə olunmamaq üçün yox, özlərinə lazım olduğu üçün könüllü şəkildə edirlər. Daşınmaz əmlakını sığortalayanların digər bir qisim isə ötən ilin dekabrında cərimə müzakirələri gündəmə gəldikdən sonra bu ilin yanvar, fevral aylarında bu cür müqavilələri bağlayanlardır”.

Alqı-satqı zamanı belə bir məcburiyət yarandığı halda, adətən icbari sığortanın edilməsi hansı tərəfdən - daşınmaz əmlakı satan, yoxsa alan tərəfdən tələb olunur?

Mütəxəssis bildirir ki, bu tərəflərin razılığı əsasında müəyyənləşdirilir: "Amma adətən bunu daşınmaz əmlakı satan tərəf edir”.

Sığorta mütəxəssisi onu da bildirdi ki, bu sahədə qanunvericilikdə islahatların aparılması üçün bir sıra işlər görülməkdədir: "Məlumatlara görə, Mərkəzi Bank İcbari Sığorta Bürosu ilə birlikdə bu sahədə xeyli işlər görüb. Həm "Sığorta haqqında” Qanunda, həm digər sığorta qanunvericiliyi aktlarında, hətta daşınmaz əmklakın icbari sığortalanması ilə bağlı qanunvericilikdə fundamental dəyişikliklər gözlənilir. Qanunun yenidən yazılması gündəmdədir”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları