Yuxarı

Laçın bizi bağışlayarmı?

Laçın bizi bağışlayarmı?

Mənim yaşım Qarabağın işğalından 2 il çoxdur. Hər zaman cavab verməkdə çətinlik çəkdiyim sual da elə doğulduğum, ancaq boya-başa çatmaq qismətim olmayan Laçınla bağlıdır.

Qaçqınlıq vaxtı nənəmin, babamın, valideynlərimin, qohum-əqrəbalarımın yaşadığı əziyyətlərdən xəbərsiz olmuşam. Çünki Laçın işğal olunanda mənim hələ 2 yaşım təzəcə tamam olmuşdu. Mən özümü başa düşməyə təzə-təzə başlayanda artıq bəzi qonşularımız bizə “qaçqın” deyərək yuxarıdan aşağı baxırdılar. Bizə sanki yadplanetlilər kimi davranırdılar. Bu davranışlardan xoşum gəlməsə də, düzü vəziyyəti hələ də tam anlamırdım.

“Qaçqın” sözü mənə həyatımda bir çox təcrübə qazandırıb. 9-cu sinifi təzəcə bitirmişdim. Yay tətili yenicə başlamışdı. Hövsan qəsəbəsində dondurma satırdım. Bir dəfə firmanın pulunu ödəmək üçün şəhərə getməli oldum. Hövsandan şəhərə gedən marşruta mindim. O vaxtlar Hövsandan metronun “28 May” stansiyasına 175 nömrəli “RAF” avtobusları gedirdi və bütün oturacaqlar dolandan sonra adətən adam götürmürdülər. Bu dəfə mənim qismətimdən Hövsanın çıxacağında marşrut saxladı vəorta yaşlı bir xanımı mindirdi. Yer olmadığı üçün tez durub xanıma yer verdim və xanım da mənə təşəkkür edib əyləşdi. Əyləşən kimi isə dediyi bir söz mənə çox pis təsir etdi. Xanım “bu qaçqınlar Bakıya gələndən sonra biz marşrutda əyləşməyə yer də tapmırıq” dedi. Bunu eşidən kimi qeyri-ixtiyari xanıma ayağa qalxmasını xahiş etdim və xanım da nə baş vermədiyini anlamadan ayağa qalxdı. Mən yerimdə əyləşdim və uca bir səslə “indi get yerlilərin dursun, sən otur” deyə səsləndim. Xanımın işlətdiyi sözə görə peşman olduğu hiss olunurdu, ancaq necə deyərlər, sonrakı peşmançılıq fayda verməz. Xanım Hövsandan “28 May”a qədər ayaq üstə getdi. Mən bu hərəkətimlə fəxr etmirəm, sadəcə, o dövrlərdə “qaçqın” sözünü elə tonla deyirdilər ki...

Nə isə... Hərdən fikirləşirəm ki, görəsən, biz Laçını unutmuşuq? Bu sualın cavabını tapmaqda hər zaman çətinlik çətmişəm. Düzdür, mən Laçını görməmişəm, orayla bağlı heç bir xatirəm də yoxdur. Laçında yaşamış insanlar da rayonla bağlı xatirələrini ancaq 18 mayda danışırlar. Yəni Laçının işğal günü. Bu hər zaman mənə biz Laçını artıq unutmuşuq fikrini aşılayır. Mən bu fikrə son zamanlar gəlmişəm. Çünki 2005-ci ilə qədər atam demək olar ki, hər gün mənə Laçın haqqında danışardı. Artıq mənim beynimdə də Laçının xəyali təsəvvürü formalaşmışdı. Ancaq atamı 2005-ci ildə itirdim, ondan sonra sanki Laçın haqqında təsəvvürlərim də günü-gündən itməyə başladı. Çünki artıq bu haqda heç kim mənə danışmır.

Hərdən fikirləşirəm ki, yəqin Laçın da artıq bizi unudub. O da bizi yalnız 18 mayda xatırlayır. Ancaq bizdən fərqli olaraq Laçın bizi qınayır. Çünki Laçın bizi yox, məhz biz Laçını tərk etmişik. Son vaxtlar Laçının adını tez-tez eşitməyə başlamışam. Apreldə 4 günlük müharibədən sonra tez-tez çəkilən Laçın adı yenə də bizi qane etmədi. Çünki hər dəfə Laçının adı çəkiləndə, “ermənilər qaytarmaq istəmir” deyirdilər. Onlar qaytarmaq istəmir, biz də almaq. Laçını görənlər, orada yaşayanlar da artıq bir-bir dünyalarını dəyişirlər. Laçını görməyən laçınlılar isə ancaq “facebook”da Laçın adını qruplar, səhifələr açıb “like” yığmağa çalışırlar. Orta nəslin nümayəndələri isə, “Laçın” adlı restoranlarda, kafelərdə yeyib-içib “vətən həsrəti çəkirlər”. Deyilənə görə, belə bir qayda var: 25 il öz torpağını işğaldan azad etmirsənsə, onu birdəfəlik itirirsən deyirlər. Ona görə də ay laçınlılar, biz gələn il də Laçına qayıda bilməsək, onu birdəfəlik itirəcəyik. İndi söz sizdədir. Sizcə, Laçın bizi bağışlayarmı? Məncə, yox.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları