Yuxarı

Mən, nənə və Photoshop

Mən, nənə və Photoshop

Uşaqlıq illərim Bərdədə yerləşən “Ərəb-1” çadır şəhərciyində (oranı istehzayla Quantanamo adlandırırdıq-müəll.) keçib. Biz də yüzlərlə məcburi köçkün ailəsi kimi çadır şəhərciyində yaşamağa məhkum idik. Orta məktəbin birinci sinfinə orada gedib, 11-ci sinifi də orada bitirmişəm. Hələ orta məktəbin 9-cu sinfində oxuyarkən fotoqraflıqla məşğul olurdum. Demək olar ki, sənətin bu sahəsindən qazandığım pulla maşın, ev almasam da başımı dolandıra bilirdim. Məktəbimizdə çəkib satdığım şəkillər çörək pulumu artıqlaması ilə çıxarırdı. Hərdən də şəkil çəkməyə olan həvəsim məni pulsuz işləməyə də sövq edirdi. Məsələn, gedib müəlliməmgildə keçirilən ad günündə iki “plyonka” pulsuz şəkil çəkmişdim. Müəllim də rüblüyümü 5-lə bəzəmişdi...  İllər ötdü. Mən məktəbi bitirdim. Son zəng mərasimlərində özünü savadlı göstərmək istəyən savadsız müəllimlərin sözü olmasın “müstəqil həyata qədəm qoydum”. Amma fotoqraflıq sənətindən əl çəkmədim. Və başladım bu işin sirlərinə daha dərindən yiyələnməyə. Sonra “Zenit” markalı fotoaparatım oldu. Xülasə, zaman keçib texnologiya inkişaf etdikcə bizim sənət də inkişaf etməyə başladı. Və böyük şəhərlərdə işləyən həmkarlarım yavaş-yavaş “plyonka”lı fotokameraları bir kənara atıb rəqəmsal kameralara keçdilər. Əslində bu inkişaf prosesinin içində olduğumçün bütün yeniliklərdən xəbərdar idim. Hətta Photoshop proqramında az-maz işləməyi də bacarırdım. Hansı ki o vaxtlar bu proqramı bilənləri əl-əl axtarırdılar... Uzun müddət idi ki, Bakı şəhərində idim. Həm işləyirdim, həm də hazırlıq kursuna gedirdim. Bir gün evdən zəng vurdular ki, bəs bizim çadır şəhərciyini köçürürlər Ağdama. Gəl, evi köçürməyə yardım elə, sonra yenə qayıdarsan. Mən valideynlərin çağırışna getməyə bilməzdim. Getdim, evi köçürdüm, amma qayıtmağa qoymadılar. O vaxtlar köçürüldüyümüz Bənövşələr qəsəbəsi cox cansıxıcı idi. Məcbur qalıb başladım özümə Quzanlıda iş axtarmağa. Gəzə-gəzə gəlib Quzanlının “Dördyol” deyilən yerindəki fotostudiyaya çıxdım. İçəridə yaşlı bir kişi əyləşmişdi. İki nəfər cavan oğlan isə kseroks-filan işləri ilə məşğul olurdular. Bir az içəri diqqət yetirdikdən sonra baxdım ki, bunlar hələ də “plyonka”lı fotokameralarla işləyirlər. Ağsaqqal məni bir az süzəndən sonra salamlaşıb söhbətləşməyə başladıq. Ona fotoqraf olduğumu, Photoshopu bildiyimi dedim. Elə bu söz ağzımdan çıxmışdı ki, kişi ayağa qalxıb mənə tərəf gəldi və mənə iş təklif elədi. Razılaşdım... Bir həftədən sonra güc bəlayla tapdığımız “Pentium-3” kompüterlə işə başladıq. Sonra rəngli printer və kiçik rəqəmsal fotokamera aldıq. Millət danışırdı ki, şəhərdən filankəsin foto-studiyasına bir oğlan gəlib, kompüterlə adamı soyundurub başqa paltar geyindirir. Nə bilim, adamı aparıb mənzərəli yerə qoyur... Filan-bəhman... Bir sözlə, hamının maraq dairəsindəydim. Günlərin bir günü “Qaçqınkom” sənəd qəbuluna “start verdi”. Və bizim işimiz çoxaldı. Həmişə işə gec getdiyim üçün otağa girən kimi müştəri selinə məruz qalırdım. Ətraf bölgələrdən Quzanlıya “qaçqınlıq vəsiqəsi” düzəltdirmək üçün gələn hər kəs bizim fotostudiyaya axışıb şəkil çəkdirirdilər. Elələri də olurdu ki, ailəinin gəlməyən üzvünün şəklini gətirib sənəd şəkli düzəltdirirdi. Növbəti gərgin iş günlərindən birinə başlayırdım. Yenə gecikmişdim və yenə icəridə “izdiham” vardı. Müştərilərin içərisində yaşlı bir nənə diqqətimi cəlb etdi. Qoca olduğu üçün gözləməsini istəmədim, hər kəsdən icazə alıb nənəni yola salmaq isdədim. Ümumi razılıqdan sonra ona tərəf çevrilib:- Buyur, ay nənə, nə işin var ver görək. Ayaqüstə qalma, otur - dedim. Nənə, narahat olma bala, dedi. Əlində özünün 9x13 ölçülü şəklini göstərib davam elədi: - Hələ sən de görüm bundan sənəd şəkli düzəldə bilərsən? Amma əynimdəki koftanı da dəyişəsən, bu yaxşı deyil. Əlimi nənənin əlindəki şəkilə tərəf uzadıb dilləndim: - Bəli, nənə, ver bəri, bu dəqiqə hazır edib verim. Arvad şəkli özünə tərəf çəkib: - Yox, bala, narahat olma, hələ sən camaatı yola sal, sonra düzəldərsən, -dedi. Xeyli müştəri yola saldım. Haradasa bir saat keçərdi, nənəyə dedim ki, şəkli ver, düzəldim. O da cavabında: -Tələsmə, arxayınçılıq olanda düzəldərsən. Xeyli vaxt keçdi. Arvad hələ əlində şəkil gözləyirdi. Artıq nahar fasiləsinə hazırlaşırdım. Bir az hirsli-hirsli arvada dedim: - Ay arvad, nə gözləyirsən?! Şəklini ver, düzəldim, çıx get də. Arvad mənə yaxınlaşıb qulağıma pıçıldamağa başladı: - Sənə nənən qurban, bu şəkli çəkdirəndə al paltarımı nizam geyinməmişdim. İndi ona görə gözləyirəm ki, camaat hamısı çıxıb getsin. Yoxsa sən bunu soyundurub ayrı “kofta” geyindirəndə altdakı paltarım görünər, biabır olaram. Gülməkdən uğunsam da, özümü güclə saxladım. Birdən düşüncəmi dərin kədər sardı. Doğrudan da o yaşlı qadın avam olsa da, abır-ismətini qorumaq xatirinə saatlarla taqəti kəsilmiş müqavimətsiz ağır bədənini ayaqlarının üstündə saxlamışdı. Həmin əhvalatdan sonra harada abır-ismətdən söz düşsə, mövzu mənə həmin günü xatırladır. “Mən, nənə və Photoshop əhvalatı olan günü... Elgün Gəncimsoy





Həftənin ən çox oxunanları