Yuxarı

Unudulan Vətən - Kərkük

Unudulan Vətən - Kərkük

Tarixi Azərbaycan şəhəri - Kərkük. Hazırda Türkmən eli adlandırılan bölgənin mərkəzi şəhərinin üzərində son günlər müxtəlif hadisələr cərəyan edir. Türkmənlər - Azərbaycan türklərinin özbəöz qandaşları bu qarışıqlıqda sözün həqiqi mənasında yetim qalıb. Nə böyük qardaş Türkiyə, nə də Azərbaycandan heç bir yardım, dəstək göstərilmir.

Türkmənlər Türkiyədən çox Azərbaycana yaxındır. Azərbaycan türkü ilə Kərkük, Mosul, Ərbildə yaşayan türkün dili tamamilə eynidir. Hətta, Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsindən daha yaxındır. Uman yerdən küsərlər deyiblər. Ona görə də İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salehi deyir ki, Azərbaycan bizi atıb. Hal-hazırda qarışıq vəziyyət hökm sürən İraqda müəyyən kürd qruplarına koalisiya qüvvələri, şiələrə İran, sünnilərə digər ərəb dövlətləri yardımlarını əsirgəmir. Əlbəttə, İran yardım adı ilə türkmənlər arasında da təfriqə salıb, milləti şiə-sünni parçalanmasına məcbur etmək istəyir.

Hər kəsə məlumdur ki, Türkiyə Suriyada müxalif qruplara hər cür yardım göstərir. Şimali İraqda kürd hərbçilərinə təlimlər keçir. Amma qeyri-müəyyən səbəblərdən öz millətindən olan türkmənləri unudub. Türkiyənin bu vaxtacan etdiyi yardımlar danılmazdır, lakin belə çətin vaxtda türkmənləri köməksiz vəziyyətdə qoyması anlaşılan deyil. Ola bilsin hansısa siyasətə öz qardaşlarını qurban verir.

Azərbaycan ərazisinin  20%-i işğal altındadır. Arxasında böyük güc olan düşmənlə bacarmaqda çox çətinlik çətir. Belə bir zamanda Kərkükə hərbi yardım göstərə bilməməsi başadüşüləndir. Ancaq maliyyə yardımı göstərmək elə də çətin deyil. Hər halda Azərbaycanla heç bir kök bağlılığı olmayan ölkələr üçün milyonlarla dollarlarla ölçülən yardımlar, məktəb tikintiləri, muzey təmirləri edilir.

Türkmən lider Ərşad Salehinin son müsahibəsindəki bəzi fikirlərə nəzər salaq. Bu fikirlərdən bəzilərini öz tvitter hesabında da ayrıca yazıb.

"Oyun içinde oyuna maruz kalan Türkmen bölgelerinin planını herkes biliyor ama çözüm için her kes sessiz ve "Bende de imkaniyet bu kader" der gibiler. Kerkükte oyun içinde oyun. PKK, YPG, PYD ve IŞİD; bunların Kerkükte bulunması size bir şey ifade etmiyor mu?

Can Azerbaycan, nerdesin nerde? Benim dedemin mezarı, 1918ten beri senin yanındadır. Türk coğrafyası birdir."

"Türkiye de bizi bırakıp. Azerbaycan ise, özellikle, bıraktı, sahip çıkmadı. Defalarca Azerbaycan hükumetine seslendim ki, burada senin halkın var. Baküdeki Türk, Kerkükteki Türk gibi konuşuyor, hiçbir farkımız yok. Irak Türkmenlerinin başkanı olarak, beni bir kere olsun o taraflara davet etmedi. Tüm Azerbaycan halkımıza selamlar gönderiyorum." 

Gördüyümüz kimi, türkmənlərin Azərbaycandan istədiyi heç də maddi dəstək deyil. İlk öncə mənəvi dayaq istəyirlər. Dövlət olaraq, bəlkə hansısa qüvvələrdən qorxumuz var, ancaq ziyalılar, cəmiyyətdə az-çox söz, hörmət sahibləri niyə susur? Niyə öz etiraz səslərini ucaltmırlar?

Ölüm-dirim mübarizəsi aparan, ətrafı çoxsaylı düşmənlə mühasirədə olan dili dilimizdən, kökümüz bir türkmənlərə indi dəstək olmasaq, nə vaxt sahib çıxacağıq? Hər şeyi "yuxarıdan" gözləmək olmaz. Sən əgər özünü xüsusi fərd sayırsansa, öz qardaşlarına dəstək sözünü deməlisən, yazmalısan. İndi onların TIR-larla ərzağa yox, ən əvvəl mənəvi dəstəyə ehtiyacları var. Heç olmasa əmin olsunlar ki, Azərbaycan cəmiyyəti öz həmvətənini unutmayıb. İndi bunun tam zamanıdır.

Məcid Həsənli





Həftənin ən çox oxunanları