Yuxarı

Seçkini necə boykot etmək olar?

Seçkini necə boykot etmək olar?

Bu sualın cavabını bilən varsa, desin. Doğrudan, şəxsən mənim üçün maraqlıdır. Amma ətraflı, hamının başa düşdüyü tərzdə, cəfəngiyyat yox. Seçkini necə boykot etmək olar? Yaxud seçkini boykot etməklə nə qazanmaq mümkündür? Ümumiyyətlə, seçkini boykot etmək mexanizmi varmı?

Seçki və boykot deyəndə o qədər cavabsız suallar olur ki!

İndi "seçkini boykot edirəm” deyənlərin fiziki göstəriciləri, təşkilatları, ətrafları qarışıq, yəni cəmi-cümləsi Elçibəyin bir sözü  çəkisində deyil. Elçibəyin o nəhənglikdə təşkilatla (100 minlik AXCP), şəxsi çevrəsi ilə, ölkədə və dünyadakı siyasi nüfuzu ilə, o boyda hərəkatla (SİDSUH) edə bilmədiyini siz necə edəcəksiniz? Onda sizin təhrikiniz, bir az da dərinə getsək, boyunuzdan qat-qat uca olan iddialarınız hesabına eyni durum yaşandı. Elçibəyin vahid namizədliyinə imkan vermədiniz. Özünüzün gücsüzlüyünüzlə ömrünü sizin liderliyinizə həsr edənləri rəzil günə saldınız.

Bəlkə o qədər böyükmüşsünüz, biz bilməmişik? O qədər böyüksünüzsə, bəs 18 ildə o böyüklüyünüz niyə bircə dəfə görünmədi? Hər zaman bacarmadığınız işdən yapışdınız. Sizin seçki boykotunuzun gücü də, həcmi də ancaq "boykot” sözünün tərkibindəki hərf sayı qədər təsirlidir.

Boykot elə bir mexanizmdir ki, bunun nə taktikası var, nə strategiyası. Ancaq QURU SÖZdür, sözçülükdür. Mexanizmi olmayan bir ideyanın mahiyyəti nədir ki?! Mexanizmi olmayan bir ideyanı necə gerçəkləşdirəcəksiniz? "Məhsul" stadionu boykotun gerçəkləşməsi üçün məkan deyil, ancaq imitasiya üçündür. Bilmirsiniz guya? Avantüradır. İçində iqtisadi maraqları gizləyən mitinq avantürası.

Amma seçkiylə bağlı daha tutarlı mexanizmlər vardı. Təəssüf  yox, bəlkə də nə yaxşı o mexanizmlər sizlərə aid deyil. Sizlər bu illər ərzində seçki üçün yox, öz maraqlarınız, "müxalifət mənəm” iddialarınızı gerçəkləşdirmək davası üçün "döyuşdünüz”. Cəmiyyətə də, insanlarımıza da onu sırıdınız. 25 ildir sizin sırıdıqlarınızı geyinən çox adam da o SIRIQLINI  soyuna bilmir. Modern dünyaya, modern seçki texnologiyalarına yiyələnmir. Elə "Facebook” səhifəsində "yetənə yetir, yetməyənə bir daş atır”, söyür, təhqir edir, "satqındır” deyir. Çox acınacaqlı durumdur. 

Seçkinin maraqlı texnologiyaları var və siyasətlə məşğul olanlar, siyasəti siyasətbazlıqdan ayıranlar o texnologiyaları tətbiq edər. Tutaq ki, kimsə təklif edir ki, gəlin, seçkiyə gedək, bülletenleri etibarsız edək. Anlaşılandır. Kimsə deyir ki, gəlin seçkyə gedək, televiziyadan sözümüzü deyək, xalq eşitsin. Anlaşılandır. Kimsə deyir ki, seçkidə iştiarak edək, meydanda mübarizə aparaq, xalqla görüşək, regionlara səfər edək, insanların qarşısına çıxaq, adamları aktivləşdirək və nəinki bu seçkidən divident götürək, həm də gələcək seçkilər üçün aktiv sosial baza formalaşdıraq. Bütün bunları anladıq. Yaxud birləşək, mübarizə aparaq, hakimiyyətə güc göstərək, dirəniş edək, xalq da bizi dəstəkləsin.

Bəs əks fikir sahibləri nə deyir? Gedək yenə də evlərdə gizlənək, klaviatura döyəcləyək, "İPhone” ilə, "Samsung”la videomüraciətlər hazırlayaq və "like" toplayaq...Daha neçə il? Daha neçə il şəxsi maraqlarımızı milli və dövlətçilik maraqlarımızdan üstün tutaq? Qrant haqqında düşünək? Gözümüzü Milli Şura kimi hansısa proyektlərin bizə sırınacağına dikək yoxsa? Seçkidən sonra da bir-iki dəfə bəyanat verərsiz, bir-iki nəfər də xaricdən sizə qoşular, "narahat olar” və qurtardı. Siyasətlə yox, siyasətbazlıqla belə məşğul olurlar.

Boykot düşüncəsi indi ancaq bir şeyə yarayır.  "İPhone” ilə, "Samsung”la videomüraciətlər hazırlamağa və "like" toplamağa və bir də siyasətbazlığa...

Seçkiyə qatılanlar düz edir, seçkiyə qatılanları dəstəkləmək, onlara inanmaq lazımdır. Seçkini boykot edənlərlə yola çıxmaq əvvəlki illərdə olduğu kimi yenə də təhlükəlidir. Yarı yolda qoyacaqlar...

Rəfail Becanov





Həftənin ən çox oxunanları