Yuxarı

Əli Kərimlinin Paşinyan həsədi

Əli Kərimlinin Paşinyan həsədi

Əli Kərimli bir neçə gününün gözləmə mövqeyində keçirdikdən sonra susqunluğunu pozub. Görünür, Ermənistandakı hadisələrin, daha dəqiqi baş nazir seçkisinin nə ilə nəticələnəcəyini gözləmək üçün "Yurd” sədrinə zaman lazım idi və bu zaman mayın 8-də tamam olduqdan cəmi bir gün sonra - 9 mayda Əli Kərimli danışmaq üçün yeni mövzusunu tapıb. O başqa məsələdir ki, "Youtube”kanalında çıxışı yayıldıqdan və bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşıldıqdan sonra da baxış sayı 24 saatda 2 mindən bir qədər artıq olub. Amma bunu qoyaq internet imkanının azlığına, baxmayaraq ki, Azərbaycanda bu imkan heç də Əli Kərimliyə təsəlli verəcək qədər məhdud deyil... 

Əli Kərimlinin təbirincə desək, Ermənistanda dinc demokratik inqilab baş verib, oliqarxiya hakimiyyəti sarsılıb:"Rusiyada da ciddi proseslər gedir, Navalnı tərəfdarları mitinqlər keçirir və ilk dəfə hakimiyyətin bu mitiqlərə müdaxiləsi sərt olub”. 

Rusiyada həbs olunanların sayını da Azərbaycanla müqayisə edən Kərimli az qala özünün rəhbərlik etdiyi "mübarizə”nin keçmiş SSRİ məkanında alternativsizliyi barədə ağızdolusu danışmaq istəyərdi ki, Ermənistan nümunəsi buna imkan verməyib. Belə olanda, Kərimli bu dəfə Ermənistandakı hadisələrdən ağızdolusu danışmağa başlayıb, seçildikdən sonra ilk səfərini işğal altındakı Azərbaycan torpaqlarına edən Paşinyana həsədi isə hətta səsinin tonundan da, sifət cizgilərindən də, jestlərindən də hiss olunan "Yurd” sədri bu münasibəti soyuqqanlılığı ilə gizlətməyə çalısa da, buna nail olmayıb. Ən azından onu dinləyın çoxlarının ağlına Kərimlinin "Kaş ki, mən də Paşinyan mövqeyində olaydım” deyə düşündüyü gəlib. Əli Kərimlinin fikrincə, Ermənistanda baş verənlər demokratik dəyişikliklərdir və düşmənin mövqeyini gücləndirmiş oldu. Çıxışını özətləsək, düşmənin evində baş verənləri bilmək lazımdır nəticəsi ilə razılaşırıq. Amma bu hadisələrin ölkəmiz təsirləri üzərində dayanan Əli Kərimlinin "Ermənistan tərəfi əlavə dostlar qazandı, ölkənin geosiyasi imkanları artdı” sözləriylə razılaşmaq olmaz. Məgər indiyə qədər Ermənistanın Qarabağ məsələsində dostları az idi? Yaxud bizə dost olanlardan hansı (təbii ki, Türkiyə, Pakistan kimi istisnalarla- üməllif) Ermənistana keçmiş hakimiyyətinə "qulaqburması” verilməsinin tərəfdarı olub? 

Söhbət Azərbaycanın ərazi bütövlüyünün tanınması və münaqişənin dinc yolla həllinə dair 20 illik çıxışlardan getmir. Söhbət konkret münasibət və onun nəticəsindən gedir ki, Ermənistan bütün hakimiyyətlər dövründə dünya ölkələrindən ikili standart adlandırdığımız nəsnəyə görə xüsusi dəstək alıb. Sadəcə, siyasi mövqelər və dünya düzəni münaqişənin birdəfəlik Ermənistanın xeyrinə həllinə imkan yaratmayıb, amma işğalı pisləmək işğalçıya birdəfəlik sərhədi göstərməklə eyni olmayıb. Bunu Kərimli də bilməmiş deyil. Deməli, Ermənistanın yeni hakimiyyətinin ən azı Qarabağ məsələsində xüsusi dəstək qazandığını iddia etmək olmaz. Hər halda, heç bir ölkə Qarabağı aksiyalarla baş nazir kreslosuna yiyələnən Paşinyana peşkəş etməyəcək. Kərimlinin təbirincə desək,əgər Ermənistandakı hadisələr "xalq hakimiyyətinin bərpası”dırsa belə, bu, hakimiyyətə Qarabağı Azərbaycandan həm də de- yure qoparmaq şansı qazandırmayacaq. 

Kərimli bu dəfəki çıxışında çox həyəcanlı görünürdü. İndiyə qədər keçirdiyi və heç bir nəticə əldə edə bilmədiyi mitinqlərə haqq qazandırmaq üçün çıxışını Ermənistan təcrübəsi üzərində qurmuşdu. Hətta bir ara "velosipedi yenidən kəşf etməyə ehtiyac yoxdur” da dedi. Beləliklə, yeni mübarizə üsulu təklif edən qüvvələrə mesajını yolladı, onun 20 ildir apardığı "mübarizənin” ən doğru yol olduğunu sübut etmək üçün xeyli söz sərf etdi. 

Əlbəttə, mitinqlər bütün dövrlərdə effektiv mübarizə üsulu olub, bunu kimsə inkar etmir. Amma bu mübarizənin qarşısında gedə biləcək şəxsin liderliyi şübhə altına alınacaq qədər zəifdirsə, o zaman müzakirəyə ehtiyac yaranır. Eynilə Kərimlinin təriflədiyi, yerə-göyə sığdıra bilmədiyi Ermənistanda olduğu kimi. Kərimli də etiraf edir ki, mitinqlər kütləvi olduqda bəhrəsini verir. Bəs görəsən, Kərimli öz mitinqlərinin kütləvi olmamasının səbəbini bircə dəfə də olsun özünə etiraf edibmi? Axı bunda 20 ildir mitinq ustasına çevrilmək istəyib bunu bacarmayan Kərimlinin şəxsən payı var. "Yurd” sədri indi də yeni bəraət tapıb - "Mitinq o zaman effekt verir ki, ona xalq qoşulur”. Doğrudur, Əli Kərimli, amma xalq önündə sən gedən mitinqə qoşulmur. Əgər xalq səni dəstəkləsəydi, meydanlara çıxardı, demirik bir neçə yüz min, heş olmasa onun 10-da 1-i qədər. Eynilə həsədlə baxdığın Ermənistanda olduğu kimi. Əslində mitinqləri gözdən salan kampaniyadan gileylənən Kərimlini də anlamaq olar. Necə olur ki, siyasətdə adının "P”-sindən də bəhs etdirməyən Nikol Paşinyan birdən-birə meydan ulduzu olub hakimiyyətə yiyələnir, amma 20 ildir mitinqlər keçirən Kərimliyə danışıqları da çox görürlər? 

Müxalifəti parçalayan qeyri-müəyyən qüvvələrdən danışan Əli Kərimlidən soruşmaq lazımdır - müxalifəti kim parçalayıb ki? Müəllifi özünün olduğu projeni də başqasının boynuna yükləmək istəyi nədən doğur? 
"Paşinyan çox da populyar deyildi, mitinqdə bir neçə yüz nəfər iştirak edirdi, heç bir kütləvilik yox idi. Bir neçə min nəfərdən kütləvilik Paşinyan həbs olunandan sonra yarandı” deyən "Yurd” sədri həbs sözünü deyəndə bəlkə də udqundu. Müxalifət liderliyine iddia edən adam 20 ildə bir dəfə həbs olunmamasına rəğmən həbsdən danışdı. Amma gecdir...

Elnarə Kərimova






Həftənin ən çox oxunanları