Yuxarı

Bakıda parad, İrəvanda təlaş

Bakıda parad, İrəvanda təlaş

26 iyun-Azərbaycan Ordusunun yaranma günü münasibətilə Bakıda, "Azadlıq” meydanında möhtəşəm parad keçirildi. Paradı möhtəşəm edən təkcə nümayiş olunan silahlar, hərbi texnika deyildi, həm də ordunun gücünü dünyaya göstərmək istəyi idi.

Paradın belə möhtəşəm keçəcəyi əvvəlcədən bəlli olsa da əslində gözləniləndən də möhtəşəm oldu. Müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizi işğal altında olan bir ölkənin bu cür "əzələ nümayişi” düşmən cəbhəsini də lərzəyə gətirdi. Doğrudur, bu ölkədə keçirilən nə ilk parad idi, nə də son olacaq. Qarşıda bizi daha möhtəşəm paradlar, ən əsası qələbə paradı gözləyir. Bu dəfəki paradda isə Azərbaycan Ordusunun istifadəsində olan hərbi texnikaların, silahların yalnız bir hissəsi nümayiş etdirildi.

Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən, silahlı qüvvələrə yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub. Məlumdur ki, müstəqil Azərbaycan ilk hərbi paradını Xalq Cümhuriyyətinin yaranmasının birinci ildönümündə, yəni 28 may 1919-cu ildə keçirib. Həmin dövrdə hərbi gücümüz elə yüksək səviyyədə olmasa da, bu parad tarixə qızıl həriflərlə yazılıb. Azərbaycan tarixində 5 belə hərbi parad keçirilib. Hər biri də tarixin yaddaşına yazılıb.

Hələlik sonuncu möhtəşəm paradın isə baş tutmamasını və ya baş tutarsa belə, zəif keçirilməsini arzulayanlar da az deyildi. Əslində başa düşürük ki, bu, qorxudan irəli gələn qısqanclıqdır. Erməni tərəfi hətta paraddan öncə öz qorxularını müxtəlif vasitələrlə büruzə verirdi.Amerika Erməni Milli Komitəsi hərbi paradda "Bell 412" helikopterlərinin nümayiş olunmasına etiraz edib. Bununla əlaqədar ABŞ Konqresinə, Dövlət Departamentinə və Pentaqona etiraz məktubu göndərib. 

Sonuncu paradın ermənilərdə yaratdığı qorxu və təlaşı  təsəvvir etmək elə də çətin deyil. Hətta sosial şəbəkələrdə bununla bağlı müəyyən karikaturalar da paylaşıldı ki, əslində ermənilərin real durumu həmin şəkillərdə açıq şəkildə görünürdü.  Azərbaycan torpaqları işğal altında olsa da,  son parad bir daha göstərdi ki, bu işğal faktorunun davam etməsi sadəcə olaraq başqa amillərdən asılıdır. Təəssüf ki, ermənilər kimi, Azərbaycan Ordusunun bu göstərisindən narahat olan "sapı özümüzdən olan baltalar” da tapıldı. Ümimiyyətlə, nə qədər radikal olursan, ol, milli məsələlərdə birləşmək, eyni hədəfə vurmaq vacib məsələdir. Ancaq bu "sapı özümüzdən olan baltalar” az qala əsgərlərin çəkmələrində olan toza da etiraz edirlər. Baxmayaraq ki, həmin adamlar heç o əsgər çəkməsindəki  toz qədər də dəyərli deyillər.

Azərbaycan Ordusu öz mesajını verdi. Ordumuzun hələ deyəcəyi sözü çoxdur. Aprel döyüşləri, Naxçıvan qələbəsi kimi... Amma hələ Azərbaycan Ordusu son sözünü deməyib. Erməniləri və "sapı özümüzdən olan baltalar”ı da qorxuya salan məhz bu son sözdür. Bu son söz isə 25 ildir ki, bizə "ağlaya-ağlaya gülməyi öyrədən” Dağlıq Qarabağın işğaldan olunması olacaq. Son möhtəşəm parad isə Azərbaycan Ordusunun bu uğura, qələbəyə nə qədər yaxın olduğunu göstərdi. Həm də təkcə bizə deyil, bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu nəyə qadirdir.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları