Yuxarı

Azərbaycan uşaqlarının şok cinayətləri

Azərbaycan uşaqlarının şok cinayətləri

Kəmalə Aşumova: “Heç zaman uşağı cinayətkar adlandırmırıq, cinayətkar valideyndir” Azərbaycanda uşaq cinayətlərinin sayı artıb. Son 9 ayda 479 uşaq tərəfindən cinayət hadisəsinin qeydə alınması ciddi problemlərdən xəbər verir.  "Ümidli Gələcək" Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova da rəqəmlərin artımından narahatdır. K.Aşumova baş verən hadisələri araşdıraraq uşaqların ailələri ilə əlaqə saxladıqlarını,  cinayətə meylli uşaqları reabilitasiya mərkəzlərinə cəlb etdiklərini söyləyib: “Cinayət törətmiş uşaqların hüquqi müdafiəsi, reabilitasiyası məsələsi, onları profilaktik olaraq bu yoldan çəkindirmək üçün lazım olan bütün işləri görürük. Öncəki illərlə müqayisədə bu ilin 9 ayı ərzində 479 cinayət faktı qeydə alınıb. Bu isə ötən ilin cari dövrü ilə müqayisədə olduqca yüksəkdir. 2013-cü ilin yekun hesabatında 14-18 yaş arasında cinayət törədənlərin sayı 680, 2015-ci ildə isə bu rəqəm 672 olub. Bu uşaqlar ağır və orta-ağır cinayətlər üzrə məsuliyyətə cəlb ediliblər. Elə uşaqlar da var ki, onlarla sadəcə olaraq profilaktik işlər aparılır. Əlbəttə, bu işdə bizim təşkilatlarla yaxından əməkdaşlığımız var”. “Səbəb sosial vəziyyətdir” Elə rayonlar var ki, burada cinayət hadisələrinin artımı müşahidə edilmir. Lakin Gəncə və Lənkəran şəhərini bu qəbilə aid edə bilmərik. K.Aşumovanın sözlərinə görə,  paytaxtla yanaşı regionlarda, xüsusən də Gəncə və Lənkəranda yüksək cinayət faktları qeydə alınıb: “İki il öncə Daxili İşlər Nazirliyi ilə müzakirələr apardıq. Belə bəlli oldu ki, cinayətkarlığın ən yüksək vüsət aldığı rayonlar sırasında Gəncə və Lənkəran ön sırada cəmləşib. Məhz bu səbəbdən profilaktik tədbirlər görmək, baş verə biləcək hadisələrin qarşısını almaq üçün bu şəhərdə mərkəzimizi yaratdıq. Lakin təəssüflər olsun ki, bu gün uşaq cinayətlərinin ən çox vüsət aldığı şəhərlərdən biri olan Gəncədə mərkəzimizin fəaliyyəti dayandırılıb. Gəncədə fəaliyyət göstərdiyimiz iki il yarım ərzində müxtəlif proqramlar, layihələrimiz oldu”. K.Aşumovanın sözlərinə görə, iri şəhərlərdə uşaqlar tərəfindən törədilən cinayətlərin say artımına təsir edən amillərdən biri də sosial vəziyyətdir: “Çünki cinayət hadisələri daha çox iri axın olan şəhərlərdə qeydə alınır. Aztəminatlı ailələr iş üçün bu cür şəhərlərə axın edir, kirayə qalır.  Sahibsiz qalan, dərsdən qaçan, valideyn, müəllim nəzarətindən kənar qalan uşaqlar çox asanlıqla cinayətə meyllənirlər. Bu şəhərlərdə cinayət hadisələrinin sayının yüksək olmasının digər bir səbəbi əhalinin çox olmasıdır”. Bundan başqa ailədaxili münaqişələr də belə cinayətlərin artımına səbəb olur: “Uşaqların cinayət törətməsinin kökündə dərin sosial problemlər dayanır. Ailələrinin aztəminatlı olması, sosial münaqişələrin olması uşaqları cinayətə sövq edir. Xüsusən də natamam ailələrdə böyüyən uşaqlar arasında bu fakt daha çox qeydə alınıb.  Bu uşaqlar daxildə yaranan problemlərini cinayət törətməklə həll etməyə çalışırlar”. “Ailədəki mühit cinayətə sövq edə bilər” Uşağın törətdiyi cinayəti əsaslı olaraq araşdırmaq üçün Sosial Reabilitasiya Mərkəzlərinin fəaliyyəti də olduqca vacibdir. K.Aşumovanın sözlərinə görə, uşağı cinayətkar adlandırmaq lazım deyiı: “Heç zaman uşağı cinayətkar adlandırmırıq, cinayətkar valideyndir. Ailədəki arzuolunmaz mühitin yaranmasına səbəbkar da valideyndir. Bu səbəblər uşağı cinayətə sövq edə bilər. Müəyyən layihələrin həyata keçirilməsində Daxili İşlər Nazirliyi, həmçinin uşaq mütəxəssislərinin də bu işdə rolunu qeyd edən K.Aşumova cinayət məsuliyyətindən də söz açıb: “14 yaşdan etibarən uşağa cinayət məsuliyyəti verilə bilər. Qanunvericilikdə uşaqların ən çox 10 ilədək həbs edilməsi nəzərdə tutulur. Bu koloniyalar əslində tərbiyə müəssələri olsa da azyaşlının psixoloji durumunda dərin izlər buraxır. Prezidentə də göndərdiyimiz məktubda qeyd etmişik- 10 il iş verilməsi ilə azyaşlını psixoloji reabilitasiya etmək olmur. Onlar cəmiyyətə qayıtdıqda yenidən cinayətə meyllənirlər”. 2007-ci ildən 600-dən artıq gənc Yuvenal Ədliyyə Mərkəzə cəlb edilib, onlarla müəyyən reabilitasiya işləri aparılır... Qeyd edək ki, Azərbaycanda yuvenal ədliyyə sisteminin islahatı çərçivəsində yaradılmış, 2007-ci ilin sentyabr ayından fəaliyyətə başlayan Uşaq Hüquqları Klinikası, Cinayət Törətmiş Uşaqlar və Gənclər üçün Sosial Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən bu günədək yüzlərlə riskli davranışa meylli, cinayət törətmiş və təhlükəli vəziyyətdə yaşayan uşaqlar ailəyə qaytarılıb və yarımçıq qalmış təhsillərini davam etdiriblər. Nigar Məhərrəm





Həftənin ən çox oxunanları