Yuxarı

Bazar "razborka”sından ailə dramına

Bazar

Şəmsəddin Əliyev: "Dövlət günahkarı cəzalandıra bilməyəndə  qisasçılıq üçün zəmin yaranır”

Hacıqabulda baş verən dəhşətli qətliam günlərdir ki, mətbuatın və ictimaiyyətin gündəmindən düşmür. Baş verən qanlı olayda qəddarlıq, qisasçılıq və vəhşilik bir ailənin 4 üzvünü qurbana çevirib. Hacıqabulda yaşanan amansız cinayətin şok detalları da üzə çıxıb. Məlum olub ki, qatil əslində ədavəti olduğu şəxsi və onun ailə üzvlərini deyil, qardaş ailəyə hücum edib və qisasını alıb. Qandonduran hadisənin hansı beyinlə, düşüncə və hisslə baş verməsi mövzu baxımından dərindir. 

Maraqlı məqam ondan ibarətdir ki, nədənsə Rusiyada yaşayan həmvətənlərimiz biznes dünyasında bir-birilərini həzm edə bilmirlər. Dəfələrlə orada yaşayan və çalışan azərbaycanlılar arasında buna bənzər hadisələr, faciələr və ədavətlər yaşanıb. Ədavət qurbanlarına çevrilmiş neçə-neçə günahsız cəsədlər Azərbaycana göndərilib. Baş verən kriminal hadisələrin  əksəriyyəti isə tərəflər arasında pul, borc və ya qız üstündə yaranır. Sirr deyil ki, kriminal aləmdə özünümüdafiə və təhlükəsizliyinin təminatı üçün hər bir azərbaycanlı cibində silah gəzdirir. Bu ölkə sanki kriminal yetişdirir, tora isə daha çox Azərbaycan vətəndaşları düşür. Elə bunun bariz nümunəsidir ki, Rusiyadan odlu silahla gələn hacıqabullu qatil günahsız yerə bir ailəni yerlə yeksan etdi. 

"Polisə Dəstək” İctimai Birliyinin sədri  Şəmsəddin Əliyev "Cümhuriyət” qəzetinə  açıqlamasında deyib ki, ağır cinayətlərin dinamikadan artıq müşahidə edilməsi, qətllərin xüsusi amansızlıqla törədilməsi başqa məsələlərdən xəbər verir: "Qədimdə ağır cinayətlərə görə müstəsna cəza tədbirləri, ölüm hökmləri olub. Ölüm hökmü əsasən ağır cinayətlərin qarşısını almaq üçün bir tələb kimi qoyulub. Dövlət günahkarı cəzalandıra bilməyəndə  qisasçılıq üçün zəmin yaranır.  Cəzanın da əsas məqsədi ondan ibarətdir ki, kompensasiya, yəni əvəz ödənilsin. Cinayətkar bilməlidir ki, ona verilən cəza etdiyi ağır əmələ görədir. Hacıqabuldakı hadisədə də göründüyü kimi, qisas o qədər amansız olub ki, evdə olan bütün ailə üzvləri qətlə yetirilib. Burada ciddi eyhamlar var. Həm insanlar, həm dövlət, həm də cəmiyyətimiz üçün...Rusiyada bu gün ölüm hökmünün bərpası ilə bağlı Dövlət Duması israrlı şəkildə addım atıb. Biz cəmiyyəti sağlamlaşdırmaq istəyiriksə, cəmiyyətə zidd münasibəti olan, ona qəsd edən, şuurlu şəkildə yol verən, nəticəsini arzulayan insanların yaşamasına bu qədər stimul niyə verməliyik?”

Şəmsəddin Əliyevin sözlərinə görə, ölkədə müstəsna cəza tədbiri yoxdur və bu da Cinayət Məcəlləsində hiss olunmur: "Bu bir vətəndaş kimi subyektiv mülahizəmdi. Rusiyada böyük pullar var. Azərbaycanın müxtəlif regionlarından orada çalışan azərbaycanlıların arasında qazanc rəqabəti var. Onların arasında əsl "qladiator” döyüşü var. Rusiyanın hüquq-mühafizə orqanları bunlara geniş meydan vermirlər. Rusiya dəhlizi daralanda, Azərbaycan bəzən bunlar üçün poliqona çevrilir. Ordakı Azərbaycan vətəndaşının burada həyata keçirəcəyi planı  öncədən hüquq mühafizə orqanlarına bəlli olmur. Bizim Cinayət Məcəlləmizdə həddindən artıq dəyişikliklər olub. Düşünürəm ki, təkmil cinayət üzrə qanunvericilik yoxdur. Bu gün Azərbaycanın cinayət dinamikasında dələduzluq üzrə il ərzində 2000-dən çox hadisə baş verir. 

Onun ağır cəzası 8 ildən 10 ilə qədərdir. Ağır cinayətlərin qarşısının alınması üçün qanunvericilikdə təkmilləşmə aparılmalıdır. Nə qədər ki, belə ağır cinayətlər Milli Məclis üzvlərinin, qohumlarının arasında yoxdu, buna əncam çəkmək lazımdır. Çoxlarının başı kommersiyaya qarışıb. Təbii ki, bunlar Azərbaycanda ölüm hökmünün tətbiqini istəməzlər. Bu insanlar əgər şuurlu şəkildə cinayətə hazırlıqlıdılarsa, silah götürüb qisas almağa gedirlərsə, bunlara niyə güzəşt olunmalıdır ki?” 

Alçina Amilqızı