Yuxarı

"Həkimlərin hökmdarı”nın min il əvvəlki reseptləri

Onu Qərb mənbələrində "həkimlərin piri” və ya "həkimlərin hökmdarı” adlandırırlar. Təsadüfi deyil. Çünki onun qələmə aldığı tibbə dair kitablarda indi də min dərdə dərman olan reseptlər var. Söhbət İbn Sinadan gedir. İbn Sina və ya Əbu Əli Hüseyn ibn Abdullah ibn Həsən ibn Əli ibn Sina (latınlaşdırılmış adı Avisenna) 980-1037-ci illərdə yaşaıyb. Orta əsrlərin ən böyük təbiblərindən biri hesab edilir. Buxara yaxınlığında doğulub, az yaşasa da tibb elmində özündən sonra böyük irs qoyub. Buna görə də hələ dövründə onu "Hüdcətül-Haqq (həqiqət carçısı)”; "Şeyx-ur-Rəis (böyük, müdrik)”, "Harami bozorq (dahi təbib)”, "Şərəf-ül-Mülk (ölkənin ən şərəfli insanı)” adlandırırdılar. 

Müəllimlər ondan qorxurdu, çünki...

İbn Sina gənc yaşlarında Buxara bazarına gedər, kitabları alıb oxuyar və öz biliyini artırardı. Bazara çıxarılan kitabların hamısını oxuyub başa çatdırdıqdan sonra İbn Sinanın əmirin sarayında işləyən atası Buxara əmirindən xahiş edir ki, oğlu İbn Sinanı əmrinin kitabxanasında olan kitablardan mütaliə etməyə icazə versin. Əmirin icazəsini alan cavan oğlan kitabxanada olan bütün kitabları oxuyur. Sonra atası İbn Sinaya elm öyrətmək üçün müəllim tutur. XI əsrdə Buxara xanlığının görkəmli müəllimləri İbn Sinaya dərs verməkdən yayınırlar. Müəllimləri onun verdiyi sualların əksəriyyətinə cavab tapa bilmədiklərindən ona müəllimlik etməkdən imtina edirdilər. Çox kiçik yaşlarından qeyri-adi istedadı ilə seçilən İbn Sina 10 yaşında sərbəst çəkildə "Quran”ı oxuyur, ərəb klassiklərinin əsərlərini əzbər bilirdi. 16 yaşa qədər hüquq və fəlsəfə ilə maraqlansa da, sonralar təbabətə meyil göstərir və dünya şöhrətli təbib olur.

Hökmdarı müalicə etdi, şöhrətli oldu

İbn Sinanın şöhrəti 17 yaşında, hökmdarı müalicə etməsindən sonra yayılır. Hökmdar bu qeyri-adi oğlanı çox bəyənir və öz sarayının kitabxanasını ona həvalə edir. Böyük kitabxana İbn Sina üçün çox qiymətli tapıntı olur. 18 yaşında İbn Sina artıq həkim kimi çox dövlət adamlarını, şəxsiyyətləri müalicə edərək daha da şöhrətlənir. Ancaq böyük şöhrət həm də böyük düşmənlər qazandırır. Buna görə də tez-tez yerini, yaşadığı şəhəri tərk etməli olur. Ömrünün son illərini İsfahan və Həmədanda yaşayır. Həmədanda hökmdar onu saray həkimi, sonra isə vəzir təyin edir. İbn Sina vəzir kimi də böyük hörmət qazanmışdı. Ancaq burda da onu düşmənləri izləyirdi. İbn Sinanın İsfahan hakimi Alayddövlə ilə əlaqəsi olduğu üçün həbs edilir. Bunu eşidən Alayddövlə Həmədana hücum edərək İbn Sinanı azad edib İsfahana aparır. Qəznəvilərin İsfahanı tutması ilə bağlı yenidən Həmədana qayıdan İbn Sina bəzi tarixi mənbələrə görə 21 iyun 1037-ci ildə vəfat edib və orda da dəfn olunub. İbn Sinanın 4 cildlik "Tibb ensiklopediyası”, 5 cildlik "Təbabət elminin qanunu”, "fəlsəfi kitabları, astronomiya və metafizikaya aid əsərləri var. "Təbabət elminin qanunu" XII əsrdə latın dilinə tərcümə olunaraq bütün Avropa tibb məktəblərində uzun müddət yeganə dərslik kimi istifadə edilir. Bu kitabda insan anatomiyası, xəstəliklər, onları yaradan səbəblər, müalicə və profilaktikası barədə dəyərli məlumatlar var. İbn Sina insanın öz sağlamlığını qorumaq üçün açağıdakılara diqqət yetirməli olduğunu yazırdı:

* 1) Qida;
* 2) Geyim;
* 3) Burun vasitəsilə düzgün nəfəs almaq;
* 4) Bədən quruluşunu həmişə düzgün formada saxlamaq;
* 5) Xasiyyətini tarazlamaq;
* 6) Bədənini "lazımsız tullantılardan" təmizləmək;
* 7) Fiziki və əqli aktivlik.

Alternativ tibbin ən böyük qaynağı

İbn Sinanın min il əvvəl qələmə alınan kitablarından biri də  "El Kanun El-Sağir fit Tıbb" adlanır və ərəb dilində yazılıb. Dünyanın müxtəlif dillərinə tərcümə edilib.Kitabda bir sıra xəstəliklər və onların müalicə yolları əksini tapıb. Alternativ tibbin getdikcə inkişaf etdiyi bu dövrdə İbn Sinanın yazdıqları min il əvvəlki aktuallığını qoruyur. "Cümhuriyət” həmin kitabdan bəzi reseptləri diqqətə çatdırır:

Başağrısından qurtulmağın yolu

*Son zamanların ən çox müşahidə edilən xəstəliklərindən biri də baş ağırısıdır. İbn Sinanın yazdığına görə, baş ağrısının müxtəlif səbəbləri var: "Hərarətli baş ağırısı qandan yaranır. Əlaməti isə üzün qızarması, damarların görünməsi, nəbzin sürətlə vurmasıdır.Əlacı isə qan vermək, vücuddakı pis qanın azalmasıdır.Bu müddətdə əsasən yumurta sarısı və sirkədən istifadə etmək olar".

*İbn Sina eşqin də insanda xəstəlik yarada biləcəyini yazıb.Onun yazdığına görə, insan eşq əzabına düçar olarsa, onda hüznlü vəziyyət yaranır, indiki dillə desək, depressiyaya düşür.Bundan, yəni eşqin gətirdiyi yuxusuzluq, hətta bəzən sayıqlama hallarından xilas olmadığı təqdirdə "həkimlərin hökmdarı" şəxsin hətta ağlını itirəcəyinə dair xəbərdarlıq edir."Bu dönəmdə şorba yeyilməli və duru yeməklərlə bədən nəmləndirilməlidir. Hər gün elə adam hamama aparılmalıdır. Bənövşə yağı qoxlasın.Bu, bədənin dərmanıdır.Ruhun eşqinə gəlincə isə, bu, psixoloji xəstəlik növüdür.Ona daha çox nəsihət verin.Duyğuları mümkün qədər azaldın.Ya da daha başqa işlərlə başını qatmağa çalışın”.

*İbn Sinanın indi də keçərli reseptləri arasında biri də astmaya qarşı olandır: "Gəzərkən nəfəs alma-vermədə çətinlik, sinəsində ağırlıq varsa, ona sarı əncir, qabıqsız badam və balı qarışdıraraq vermək lazımdır.Qoz yağı ilə birlikdə noxud suyu, şüyüd yedizdirin və isti su içirin".

Böyrək daşına faydalı

*Əgər böyrəyinizdə daş varsa, min il əvvəl bu problemdən azad olmaq üçün İbn Sina bunları məsləhət görüb: "Əgər böyrəklərdə şiddətli ağrı yaranıbsa və ya sidik kisəsində qum toplanıbsa, bu, böyrəklərdə daş olmasının göstəricisidir. Xəstəyə bu dərmanlardan birini verin: Qabıqsız qarpız çərdəyi və ya çəkilmiş üzüm çərdəyi, kərəvüz. Bir dirhəm (bir dirhəm təxminən şəhadət barmağının baş tərəfindəki birinci buğumun (bəndin) ölçüsü qədərdir-müəll.) gülxətmi toxumu götürüb üyüdün, təzə və turş şəraba qatışdıraraq xəstəyə içirin.Ağır yeməklər və süd məhsulları verməyin, acı badam yağı ilə qara noxud yedirin".

*Soyuq havalarda soyuqdəymənin əlamətlərindən biri də dodaqlarda uçuqların yaranması olur. İbn Sinanın kitabında bina da dərman var. Meyan kökü yarpağını əzərək sirkə, yağ və balla qarışdırıb uçuqlayan yerə sürtün.

Şirniyyat: həm dost, həm düşmən

*İbn Sinanın şirniyyatlar barədə min il əvvəl dediklərini sonralar tibb də təsdiqlədi. "Həkimlərin hökmdarı” min il əvvəl şirniyyatlardan belə yazmışdı: "Onlar iki cürdür: ballı və xəmirli. Ballı olanlar ağızda əriyib mədəyə gedərsə, həzmə yardımçı olur.Xəmirli şirniyyatlar isə qatıdır və həzmi çətinləşdirir.Damar tıxanıqlığına səbəb olur.Şirniyyat qan yaradar, cinsi istəyi və qabiliyyəti də artırır".

Süfrədə nələr olsun?

*İbn Sina məsləhət görür ki, yeməkdən sonra ilıq su içmək faydalı deyil. Süfrədə eyni zamanda nələrin olmasına gəlincə, "həkimlərin hökmdarı” bir-biri ilə yeyilməsi uyğun olmayan yeməkləri belə çeşidləyib: "Qızartma ilə buğlama, qırmızı ət ilə balıq, qurutma ilə təzə, ət ilə süd, yumurta ilə ət, paxlakimilərlə balığı bir arada yemək doğru olmaz. Su içmək yeməkdən sonra susuzluğu yatırır, amma su yeməkdən çox olmamalıdır.İlıq suda heç bir xeyir yoxdur.Suyun soyuqluq dərəcəsi insana çox açıq şəkildə özünü büruzə verməyəcək dərəcədə olmalıdır".

Uşaq neçə yaşda məktəbə getsin?

*İbn Sinanın fikrincə, uşaq üçün təhsil yaşı 7 olmalıdır: "Bu yaşdan aşağı uşaqlar yorucu və onları narahat edəcək işləri üzərlərinə götürməməli, onları bu şəkildə təlim və tərbiyə etməyə üstünlük verilməməlidir.Çünki bu, uşağın dinamizmini qırar və gözəl yetişməsinə əngəl olar".

Çox yatmayın, axmaq olarsız...

*Həkim hesab edir ki, çox yatmaq insanı axmaq edə bilər: "Yuxu orqanları istirahət etdirir və yeməkləri həzm etdirir. İnsanı və nəfsini qoruyur.Bədəndəki təbii hərəkətlər yuxu ilə yetişir.Ancaq həddən artıq çox yuxu bədəni soyudur, insanı axmaq edir, üzünü qurudur.Yuxusuzluq isə orqanzimi qurudur, nəmini azaldır, iradəni zəiflədir.Həddən artıq yuxusuzluq ağlın tarazılığını poza bilər".

*İbn Sina məsləhət görür ki, ana südü ilə qidalandırma ən yaxşı vasitədir.Uşaqlar süddən kəsildikdən sonra isə yemək dönəmi başlamalıdır.Yeməklərin ən yumşağı ilə başlamaq lazımdır.İbn Sina məsləhət görür ki, 7 yaşından sonra 14 yaşına qədər uşaqlara meyvə suyu vermək olmaz.Çünki bu, beyin və sinir sistemini zəiflədir.

Sevil Ağazadə





Həftənin ən çox oxunanları