Yuxarı

Cavanlıq iksiri insanda gizlənibmiş

Cavanlıq iksiri insanda gizlənibmiş

Gənc qalmaq hər kəsin arzusudur. Bu arzu əsrlər əvvəl də olub, illər sonra da olacaq. Müxtəlif vasitələrlə ən azı xarici görünüşü müəyyən qədər gənc saxlamağın yolları tapılsa da, elm adamları qocalıqla mübarizədə daha effektiv vasitələr axtarır. Bu yaxınlarda Amerika və Avstraliyadan olan bir qrup alim qocalıqla mübarizədə daha yaxşı vasitə tapıldığını bildirib. Aparılan çoxsaylı araşdırmalar, təcrübələr sonunda kliniki təcrübə ilə yekunlaşıb. Alimlərin sözlərinə görə, yeni tapılan vasitə qocalıqla mübarizədə ən effektli və təhlükəsiz hesab edilə bilər. Öz araşdırmalarında alimlər yetkin adamın orqanizmində olan multipotent mesenkimal stromal kök hüceyrələrindən istifadə ediblər. Bu cür hüceyrələr yetkin insanların orqanizmində olur, sümük, qığırdaq və yağ toxumaların hüceyrələrinə çevrilə bilir. 

Kim ki, 100 il yaşamasa...

Araşdırmada könüllülər iştirak edib ki, onların orta yaş həddi 76 olub. Onlar üçün donorlar isə 24-25 yaşlı gənclər arasından seçilib. 6 ay davam edən təcrübə sonunda yaşlıların fiziki aktivliyi artıb, həyat şəraitində dəyişiklik qeydə alınıb, həmçinin iltihabı proses gedən orqanizmlərdə yaxşılığa doğru dəyişiklik hiss edilib. Amerikalı alimlər bu qərara gəlib ki, qida rasionunda müyyən qədər dəyişklik qocalığa qarşı mübarizədə əsas rollardan birini oynayır. Bu, insanın daha uzun yaşamasını təmin edə bilər. Məsələn, bir stəkan şirin içkini gün ərzində bir neçə qozla əvəzləmək erkən ölümün qaşısını ala bilər. "New England Journal of Medicine” jurnalında dərc olunan xəbərə görə, alimlərin bu araşdırması 12 il ərzində 74 mindən çox insanı əhatə edib. Təcrübədə iştirak edənlər üçün daha sağlam hesab edilən menyu hazırlanıb və bura meyvə tərvəz, balıq, taxıl məhsulları daxil edilib. Məlum olub ki, sözügedən məhsulların 20 faiz artırıldığı menyu ondan istifadə edənlərin erkən ölüm riskini 8-17 fazi azaldıb. Hətta əvvəl sağlam olmayan həyat tərzi keçirən insanlar belə menyunu dəyişməyən həmyaşıdlarına nisbətən daha uzun yaşayıb. 

Cavanlıq iksiri hardadır?

Gənclik iksiri adlanan maddə nağıllardan elmi araşdırmalara qədər uzun bir yol keçib. Zaman-zaman gənclik iksiri, qocalmanın qarşısını alan preparatın hazırlanması barədə məlumatlar yayılıb. Ancaq onların heç biri gözlənildiyi effekti verməyib. Baxmayaraq ki, hər birinin təqdimatında daha böyük ümidlər səsləndirilib. Mütəxəssislərin gəldiyi son nəticəyə görə, gənclik iksiri əslində insan orqanizminin özündədir. Belə ki, hüceyrlərin normal inkişafı üçün normal qidalanma şərtdir. Bunun üçün isə ilk növbədə xüsusi zülallar lazımdır ki, onu da hüceyrələr özləri müstəqil sintez edir. 

Sirlər insanda gizli...

İllər keçdikcə, orqanizmdə baş verən müxtəlif faktorlar nəticəsində zülalların sintezində problemlər yaranır. Bu isə hüceyrələrin qidalanmasında problemlərə səbəb olur ki, nəticədə qocalma baş verir. Sankt-Peterburqdakı akademiklər Havinsonun rəhbərliyi altında 30 il müddətində bu problemə çarə axtarıb. Uzun illər davam edən araşdırmalar nəticəsində hüceyrələrdə mövcud problemi aradan qaldırmaqda kömək edəcək vasitələr hazırlanıb. Zülalların sintezini və hüceyrələrin normal qidalanmasını orqanizmdəki daxili ehtiyatlar hesabına təmin etmək qarşıya məqsəd qoyulub. Akademiklər bu vasitə ilə heceyrələrin yaşlanmasının qarşısını almağı hədəfləyib. Gəncliyi qorumaq və onu ətraf mühitdəki proseslərdən də müdafiə etmək istəyən akademiklər düşünür ki, qida rasionuna diqqət etməklə orqanzimin yaşlanmasının qarşısını almaq mümkündür. Başqa sözlə desək, uzun ömrün sirləri məhz qidada gizlənir. 

Çox yaşamaq üçün 7 qadağa

Stomatoloq, dermatoloq, dietoloqların da gəldiyi ümumi nəticəyə görə, yaşlanmaqdan qorunmaq üçün ilk növbədə seçilən qidalara diqqət yetirilməlidir. Xüsusilə, aşağıda sadalanan 7 qidadan imtina edilməsi məsləhət görülür. Bunlar hüceyrələrin yaşlanmasına, orqanizmin qocalmasına birbaşa təsir edir. 

1. Ağ şərab: Öz mənfi təsirini ilk növbədə dişlərdə göstərir. Dişlərin saralmasına, ləkələnməsinə səbəb olur. Amerikalı stomatoloq Brayan Kantorun sözlərinə görə, alkoqol ağız boşluğunu qurudur, dişləri çürüdür. Bəziləri qirmızı şərabı bir çox xüsusiyyətlərinə görə ağ şərabdan daha təhlükəli hesab edir. Amma amerikalı stomatoloq bunun əksini düşünür. Onun sözlərinə görə, ağ çərabdakı kislota dişlərə daha tez təsir edir və kövrəkləşdirir. Son nəticədə dişlər daha tez çürüyür və həzm prosesində problem yaranır. Bunun qarşısını almaq üçün ağ şərab içdikdən sonra dərhal dişlərinizi fırçalamalısınız. Amma əgər buna imkan yoxdursa, o zaman ən azından ağzınızı adi suyla yaxalayın. Bu, şəkəri və kislotanı aparacaq.

2.Yoqurt: Bu qida təbii olduğu halda çox faydalıdır. Sümüklərin bərkiməsi üçün lazım olan kalsiuma malikdir və D vitamini boldur. Ancaq istehsal prosesində yoqurta müəyyən qədər şəkər əlavə edilir və bəzən şəkərin miqdarı artırılır. Bu isə dərinin qocalmasına səbəb olur. "Çox mqidarda şəkər istehlakı kollegenlərin istehsalına mane olur”,- deyə tibb elmləri doktoru, dermotoloq Bryus Robuinson bildirib. Dietik yoqurtların əvəzinə sadə, təbii yoqurt məsləhət görülür ki, onu meyvə ilə "bəzəyərək” daha faydalı dad ala bilərsiniz. 

3. Quru meyvələr: Yaxşı vitamin deposu hesab edilə bilərlər. Lakin onların da çatışmazlığı var. Tərkibində çox miqdarda şəkər olduğundan dişlərə xüsusilə ziyan vurur. Bununla yanaşı quru meyvələrin tərkibində sulfitlər var. Məhz bu sulfitlər orqanizmin yaşlanmasına "xidmət edir”. Amma əgər bu meyvələrdən vaz keçə bilmirsinizsə, o zaman yedikdən dərhal sonra dişlərinizi yuyun və şəkərsiz saqqız çeynəyin. Bu, həm də dişlərinizi qoruyacaq.

4. Limonad: Orqanizm üçün xeyirlidir, amma eyni zamanda limon şirəsi eyni diş emalına məhvedici təsir göstərir. Limonad özü isə ikiqat təsir edə bilər, çünki tərkibində həm də şəkər var. Bu, həm dişləri, həm də dərini korlayır. Limonad yerinə saf su için və yanında meyvə yeyin. 

5. Marqarin: Tərkinbində çox miqdarda trans yağlar var. Orqanizm üçün çox təhlükəli hesab edilir. 

İlk növbədə hüceyrələri məhv edə bilir, normal biokimyəvi proseslərin qarşısını alır, erkən yaşlanmaya səbəb olur. Müxtəlif xəstəliklərin, o cümlədən, xərçəngin yaranmasının bir səbəbi də məhz trans yağlardan istifadədir. Bundan başqa Parkinson, ürək-damar xəstəlikləri, alzaymer də trans yağlar hesabına artır. Buna görə də marqarin əvəzinə bitki yağlarından, xüsusilə də zeytun yağından istifadə edin.Yaxud əsil kərə yağı yeyin.Amerika Pəhriz və Qidalanma Akademiyasının rəhbəri Tobi Smitson erkən yaşlanmanın qarşısını almaq üçün bitki yağlarından istifadəni məsləhət görür.

6. Bekon: Duzlu ət məhsullarınin tərkibində çox miqdarda sulfit var. Buna bekonda da, digər duzlanmış ət məhsullarında da rast gəlinir. Bu isə insan orqanizminə mənfi təsir göstərir, həmçinin orqanizmin "aşınmasına” gətirib çıxarır.Qocalma prosesini sürətləndirir.Əgər siz həmin məhsullardan ümumiyyətlə, vaz keçə bilmirsinizsə, paralel olaraq çox miqdarda su için.Eləcə də dərinizə nəmləndirici kremlər sürtün.Bunu isə dermatoloq Bryus Robinson məsləhət görür.

7. Qəhvə: Bu məhsul çox istifadə edilən içkilər arasındadır. Qəhvənin çox içilməsi diş emalına mənfi təsir edir. Dişlər saralır və karies yaradır.Amerika Diş Həkimləri Asossiasiyasının mütəxəssisi Kim Herms qəhvənin gün ərzində müəyyən çərçivədə içilməsini məsləhət görür.

Sevil Ağazadə






Həftənin ən çox oxunanları