Yuxarı

Həyəcan təbili - Dünya "kökəlir”

Həyəcan təbili - Dünya

Zorakılıq uşaqları artıq çəki problemi ilə üz-üzə qoyur

Dünyada ərzaq qıtlığı, yoxsulluq həddi ilə yanaşı artıq çəki problemi də var ki, bəşəriyyətin gələcəyi baxımından mütəxəssisləri daha çox narahat edir. Yeni Zelandiyanın Ouklend Texnologiya Universitetinin (Auckland University of Technology in New Zealand) mütəxəssislərinin araşdırması göstərib ki, inkişaf etmiş ölkələrdə artıq çəki problemi özünü daha çox göstərir və artıq narahatlıq yaradacaq həddi keçib. 30 dünya ölkəsində insanların artıq çəki ilə bağlı reytinqinə əsasən ABŞ və Böyük Britaniyada daha çox kök insan yaşayır.

Bu ölkələrdə təxminən 87 faiz kişilər və 75 faiz qadınlar artıq piylənmədən əziyyət çəkir. Ümumiyyətlə, son 40 ildə piylənmədən əziyyət çəkən insanların sayı 6 dəfədən çox artıb. Əgər 1975-ci ildə dünyada bu problemlə 105 milyon adam üzləşmişdisə, 2014-cü ildə artıq çəki problemi 640 milyon insanı əhatə edib.

Həyəcan təbili: Dünya "kökəlir”

Mütəxəssislər həyəcan təbili çalır: Belə davam edəcəyi təqdirdə 2025-ci ildə dünya üzrə kişilərin 18 faizi, qadınların isə 21 faizi piylənmədən əziyyət çəkəcək. Dünya əhalisinin üçdə bir hissəsi isə 2030-cu ilə qədər artıq çəki problemi ilə üzləşə bilər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqlamasına görə, qeyri-sağlam və yetərsiz qidalanma dünyada hər üç insandan birinə təsir edir. Risk qrupuna beş yaşa qədər uşaqlar da daxildir. Onlar bu iki səbəb nəticəsində inkişafdan qalırlar. MBT-nin hesablamalarına görə, hazırda dünyada 2 milyard insan sağlam yaşamaq üçün lazım olan vitamin və mineralları ala bilmir. Bu isə bir sıra xəsətliklərin artmasına, erkən ölümlərə yol açır. Dünyada hələ də 800 milyon insan aclıq təhlükəsi ilə üzləşir.

Azərbaycanda köklər əsasən qadınlardır

Statistik məlumatlara görə, Azərbaycanda reproduktiv yaş həddində olan qadınların 30-60 %-i artıq çəkidən, 25-27%-i isə piylənmədən əziyyət çəkir. 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə aşkar edilib. Əhalinin hər 100 min nəfərinə bu göstərici 23 nəfər təşkil edib. 2016-cı ilin əvvəlinə əhalinin hər 100 min nəfərinə düşən belə xəstələrin sayı isə 51 nəfər olub. Ötən il piylənmə aşkar edilmiş uşaqların 46,8 faizi qız, 53,2 faizi oğlan olub. Piylənmə aşkarlanmış qızların 66,8 faizi 13 yaşına qədər, 33,2 faizi 14-17 yaşlarında olub. Oğlanlarda isə bu göstərici müvafiq olaraq 65,1 və 34,9 faiz təşkil edib.

Köklər daha xoşbəxtdir

Artıq çəki dünyanın problemi olsa da, bundan əziyyət çəkən insanlar özlərini başqalarına nisbətən daha xoşbəxt hiss edirlər. "Cümhuriyət” qəzeti xəbər verir ki, Bristol Universitetində aparılan bir araşdırma bu nəticəni ortaya çıxarıb. Araşdırmada iştirak edən insanlar artıq çəkinin hətta xərçəng kimi dəhşətli xəstəliyə səbəb olmasına baxmayaraq özlərini daha xoşbəxt hiss etdiklərini deyiblər. Britaniyada "Biobank”da saxlanan, yarım milyondan artıq qadın və kişinin henotip və fenotipini əhatə edəm məlumat sistemindən istifadə edilib. Həmin iştirakçılar 40-70 yaşlarında olub. 2007-ci ildə genişmiqyaslı araşdırmada iştirak ediblər. Mütəxəssislər kütlə indeksi ilə insanların özünü necə hiss etməsi arasındakı əlaqəni öyrənib. İnsanın kütlə indeksinin onun fiziki və psixi sağlamlığına təsiri araşdırılarkən olduqca maraqlı nəticələr ortaya çıxıb. Araşdırma göstərib ki, kütlə indeksi normaya uyğun olmayan insanlarda daha çox yüksək təzyiq, diabet özünü göstərir. Ancaq buna baxmayaraq bu insanların böyük əksəriyyəti həyatından da, çəkisindən də məmnun görünür. Onlar başqalarına nisbətən daha az stress keçirir və hayatlarına normal qaydada davam edirlər. Bunu isə mütəxəssislər həmin adamların kifayət qədər enerjili qidalar yeməsi, vitamin qəbulu ilə əlaqələndirir. Məhz bu məqam onlara problemlərin öhdəsindən gəlməsi üçün fiziki güc verir və psixoloji cəhətdən rahatlayır.

Zorakılıq uşaqları kökəldir?

Mütəxəssis araşdırması göstərir ki, dünyada artıq çəkidən əziyyət çəkən uşaqların sayının artması təkcə "fast food” yeməklərə meylin çoxalması ilə bağlı deyil. Belə ki, uşaqlar müxtəlif səbəblərdən artıq çəki yığır və nəticədə qorxulu xəstəliklərlə üzləşirlər. Xüsusilə, zorakılıq şahidi olan uşaq və yeniyetmələr üçün təhlükə daha böyükdür. Uşaq yaşlarında üzləşdikləri bu durum onlara psixoloji zərbə vurmaqla yanaşı səhhətlərinə də mənfi təsir göstərir. Belə ki, bu vəziyyətlə rastlaşan uşaqlarda ürək-damar xəstəlikləri riski artır. Hətta zorakılıq qurbanı olmayıb zorakılıq hallarına şahidlik edən uşaqlarda da bu təhlükə var. Amerika Ürək Assosiasiyasının "Circulation” jurnalında dərc olunan məqalədə bildirilir ki, zorakılıq şahidləri, yaxud seksual cinayətlərin qurbanı olan uşaqlarda infarkt, insult, hipertoniya, diabet kimi xəstəliklər artır. Bu xəstəliklərdən biri də artıq çəkidir ki, fiziki və seksual zorakılıq qurbanı olan, hətta bu hallara şahidlik edən uşaqlar gələcəkdə bu problemlə üzləşir. İndiki halda isə mütəxəssislər zorakılıq və xəstəliklər arasında birbaşa əlaqəni tapa bilməsələr də, bu əlaqənin varlığını bildirirlər. Xüsusilə, psixologi və bioloji təsirin çox olduğu deyilir ki, bu həm də stressdən yaranan durumdur.

Əsəb və stress "qarınqululuq” yaradır

Britaniya alimlərinin araşdırmasına görə, artıq çəkiyə səbəb olan iştahanın çox artmasının müxtəlif səbəbləri var. Bu, orqanizmdə gedən dəyişikliklərlə əlaqədar olduğu kimi psixoloji səbəblərlə də bağlı ola bilər. Psixoloq Elnaz Əkbərovanın sözlərinə görə, bəzən stress, həyəcan, hətta depressiya belə insanı çox yeməyə vadar edə bilir: "Stress, əsəb, həyəcan müxtəlif insanlara müxtəlif cür təsir göstərir. Dpressiyaya düşən insanın iştahası kəsildiyi kimi açıla da bilər. Bəziləri deyir ki, əsəbləşəndə daha çox yemək yeyir. İkinci qrup isə bunun əksini bildirir, əsəb, depressiya, psixoloji travma onlarda iştahını tamamilə kəsir.

Bəzən hətta alkoqoldan davamlı istifadə də artıq çəkiyə qədər apara bilər. Başqa sözlə desək, "qarınqululuq” yaradar”. Aparılan araşdırmalar da gösətərir ki, alkoqoldan çox istifadə insanda artıq çəkiyə meyl yaradır.

Köklük və xəstəliyə "dur” deyən siyahı

Qeyd edək ki, Hindistan mütəxəssisləri insanda artıq çəkinin səbəb olduğu müxtəlif xəstəlikləri önləmək üçün ərzaq siyahısı hazırlayıb. Həmin siyahıda yer alan ərzaqlardan istifadə hətta əlilliyə qədər apara biləcək bir çox xəstəliklərin qarşısının alınmasında xüsusi önəmə malikdir. Siyahıda meyvə-tərəvəzlə yanaşı probiotiklər də yer alır. İlk növbədə alkoqol və tütündən imtina etmək məsləhət görülür. Zəngin tərkibə malik ərzaqlardan və Aralıq dənizi pəhrizindən isitfadə məsləhət görürülür. Hind alimlərinin fikrincə, orqanizmi təmizləmək üçün müəyyən müddət ac qalmaq da xeyirlidir. Bu zaman müddət olaraq 1 həftə göstərilir. Üzüm, nar, qarağat kimi meyvələrdən bol-bol istifadənin orqanizm üçün yararı vurğulanır. Qeyd edək ki, Aralıq dənizi pəhrizi son zamanlar dietoloqların ən çox istifadə etdiyi və məşhurlar arasında da tanınan pəhriz növüdür.

Bu pəhrizdə menyuya daha çox meyvə-tərəvəz, paxlalı bitkilər, balıq və zeytun yağı daxildir. Bu menyu yağlı əti demək olar ki, qəbul etmir, həmçinin süd və süd məhsulları, toyuq ətindən də maksimum az istifadə nəzərdə tutulur. Az miqdarda şərab istehlakı pəhrizin bir hissəsidir.

Sevil Ağazadə






Həftənin ən çox oxunanları