Yuxarı

Ələsgər Məmmədoğlu: “İTV pul verirdi, onlar da dəyişəndən sonra vermədilər“

Ələsgər Məmmədoğlu: “İTV pul verirdi, onlar da dəyişəndən sonra vermədilər“

Elesger Memmedoglu“Bəyin oğurlanması” nə filmdir ki? Orta səviyyəli bir lətifədir

Tiraj baxımından Azərbaycan səhnəsinin ən yaddaqalan simalarından sayılan, sevilən aktyor Ələsgər Məmmədoğlu bir neçə gündür ki, səhhətindəki problemlərdən əziyyət çəkir. Narahatlığı ilə bağlı hələ də xəstəxanada müalicə alan əməkdar artistə baş çəkməyi biz də özümüzə borc bildik. Məqsədimiz təkcə onunla həmsöhbət olmaq deyil, həmçinin neçə-neçə ürəklərdə özünə sevgi qazanmış bu dəyərli sənərkarın səhhəti ilə bağlı vəziyyəti ilə daha yaxından maraqlanmaq idi. Halsız və zəif görünən, amma sadə və qururlu cavabları ilə diqqətimizi çəkən sənətkarla söhbətimiz maraqlı alındı.

-Səhhətinizlə bağlı narahatlığınız var. Həkimlər yenidən fəaliyyətinizi davam etdirməyə icazə verirlərmi?

Yaxşıyam. Açığı heç həkimlərdən işə çıxacağım barədə soruşmamışam. Doğrudan da sabah nə baş verəcəyini heç kim fikirləşmir. Mən özümdən götürürəm. Həmişə deyirdim ki, bu yaşıma kimi nə yaxşı ki, xəstələnməmişəm. Özümü gözə gətirdim. Sən demə, xəstəlik pis şeymiş. Gözləmədiyin adamlardan  belə addım? Fikirləşirəm ki, həmişə məni axtaran adam indi niyə zəng eləmir? Gedirsən onun fikrinə. Bunlar hamısı boş və yalan imiş. Ona görə də əsas canın sağlığıdır. O vaxt dava eləyərdik, mən iki tamaşa oynamıram. 8 tamaşada oynayaram, təki cansağlığı  və işim olsun.

-Sənət dostlarınız sizə baş çəkirlərmi?

-Nurəddin Mehdixanlı, Elxan Quliyev, bədii rəhbərimiz gəlib. İsrafil müəllim iki dəfə zəng edib.  Heç kim özünü sığortalaya bilməz ki, xəstələnməyəcək. Yaxşı ki, pis xəstə deyilik. Yeriyə və danışa bilirik.

-Təqaüdçüsünüz. Teatrda müqavilə, yoxsa ştat əsasında çalışırsınız?

-Bəli, özüm pensiya alıram. 65 yaşdan etibarən hamı müqavilə əsasında işləyir. O cümlədən mən də…

-70 yaşınıza az qalıb. Teatrdan çıxarılsanız, necə olacaq?

-Bəli, fevralın 9-da 70 yaşım tamam olur. Bu, teatrın direktorundan asılıdır. Məni teatrdan çıxara da, saxlaya bilər. Pensiya alırıq. Həyat yoldaşım çalışır. Bəsdir də, neyləyirik… İki adamıq, nə yeyirik ki… Evimiz-eşiyimiz, oturmuşuq. Hər halda bir az həyatda ağıllı yaşamaq lazımdır. Əsasən gələcək üçün yaşamaq lazımdır. O dövr mənə imkan verirdi ki, prezident təqaüdü, mükafatı, hətta Xalq artisti adı da alım. Boşluğumuza saldıq, amma indi görürsən ki, lazımdır. Lazım olan qədər “Mozalan”da da, teatrda da, televiziya tamaşalarında da çəkilmişik.

-Sirr deyilsə, əmək haqqınız nə qədərdir?

-Teatrdan 335 manat əməkhaqqı alıram.  Biz bu qədər alırıq. Başqa teatrlar 130 manat pul alır. Şuşa teatrı buna misaldır. Musiqili Komediya Teatrının Xalq artistinin əmək haqqı 280 manatdır.

-Necə düşünürsünüz, peşəkar sənətkara qiymət verilmir, ya sənət ölüb?

-Qiymət deyəndə ki, mən işə gedirəm və maaş alıram, vəssalam. Gürcüstanda isə belə deyil. Akytorların maaşı 800-dən 1800 avroya qədərdir, maaş çoxdur. Aktyora qiymət verilir. Mən Belarusda, Yalta festivalında olanda dünyaşöhrətli aktyorların hamısı orda iştirak edirdi. Orada aktyorlara hörmət başqadır. Teatrın özündə belə atmosfer fərqlidir. Moskva Satira Teatrının direktoru deyir ki, mənim artistim işləyir və bilir ki, ayın sonunda yaxşı pul alacaq. Burda sən işlədin ya işləmədin, hamıya eyni gözlə baxırlar.

-Bəs tamaşaçının əsl sənətə, sənətkara olan tələbatı sizi qane edirmi?

-Xaric qazandığı pulun yarısını reklama qoyur. Bir tamaşa hazırlayırsan, nə afişası, nə də reklamı var. Tamaşaçı evdə oturub hardan bilsin ki, tamaşa var. Reklam yoxdur axı… Biz  “Varlı qadın” tamaşasını hazırlayırdıq. 400-500 kassa bilet satırdı. İnciməyin (gülür-A.), 100 dənə rol almışam ona görə heç bu qədər məndən müsahibə götürməyiblər,  xəstələnəndən sonra isə hamı məndən müsahibə götürür. Halbuki Moskvada balaca bir rol oynayır və o rolla  həyatını qurur. Türkiyədəki seriala düşdünsə, yaxşı pul alacaqsan. Çünki Türkiyə çəkdiyini satır. Biz çəkdiyimizi sata bilmirik axı. Bizim yaxşı bir verilişimiz - “Kino klub”umuz vardı. Hardasa 10 ilə yaxın yayımlandı. O veriliş Azərbaycan kinosunu bilirsiz necə reklam etdi.  “Bəyin oğurlanması” nə filmdi ki? Orta səviyyəli bir lətifədir. O film yalnız reklam yolu ilə yayıldı. Əslində, həmin filmi zarafatla çəkmişdik. Hətta Mövlud Süleymani acıq etmişdi ki, mənim ssenarimi nə günə qoydunuz. Rus aktyorlarından biri çəkilişə girməzdən əvvəl zərfdə pulunu alır, sonra içəri girir.

-Yüngül, əyləncəli səhnəciklərin reklamı daha çox gedir, nəinki teatrın. Bu nə ilə əlaqədardır?

-Elə tamaşaların biletləri 50-80 manat olur. Camaat da gedir. Bizdə biletin qiyməti  5 manatdır, amma gələn yoxdur. İşləyib vaxtında özlərini “satıblar”, həmçinin onlara kömək də var. Vaxtında biz özümüzü “sata bilməmişik”.  Məsələn, Əjdər İbrahimovun “Qəribə adam” filmi çəkilirdi, pul yazılanda bizim üçün artıq yazılırdı. Amma indi vəziyyət elə deyil. Tamaşalara gələn tapılmır. Heydər Əliyevə niyə böyük hörmət vardı? Çünki o, ildə 2-3 dəfə tamaşalarımıza gəlirdi. Onun üçün maraqlı idi. Hamısı kəsildi. Aktyora gərək qayğı göstərəsən. O boyda Ceyhun Mirzəyevin heç fəxri adı olmadı. Böyük artist idi. Mən bütün tamaşalarda, kinolarda həvəslə oynamışam.

-O dövrdəki həmkarlarınızın çoxu dünyasını dəyişib. Onların yerini qeyri-peşəkar  gənc aktyorlar tutub. Səviyyə size qane edirmi?

-Yox, onların da arasında istedadlı gənc aktyorlar var. Dövr elə idi. Biz də həm kinolara, həm də tamaşalara çəkildik, bitdi…Rusiyaya fikir verin, onlar da bayram günlərində köhnə filmlərini fırladırlar. “I əməliyyatı”, “Karnaval gecəsi” və s.

-Oturub-durduğunuz, tərəf müqabil olduğunuz korifey sənətkarlar üçün darıxırsınızmı?

-Hamlet Xanızadə, Hamlet Qurbanov, Siyavuş Aslan, Nəsibə Zeynalova və digər aktyorlar sənətkarlıqlarından daha çox maraqlı insanlar idilər. Onlarla adam darıxmırdı. İndikilər nə artist kimi, nə də insan kimi maraqlı deyillər.

-Məhz o dövrdə film və tamaşaların daha peşəkar alınmasının səbəbi nə idi?

-Təsəvvür edin ki, Həsən Seyidbəyli kimi şəxs öz ssenarisində mənə rol yazmışdı. Ona baxdı ondan da böyük Əjdər İbrahimov ssenari yazdı, daha sonra “Qərib cinlər diyarında”  filmini Əlisəttar Atakişiyev çəkdi. O vaxt bir-birinin bəhsinə çalışmaq vardı. AzTV-də Ramiz Həsənov vardı. Onun “Evləri köndələn yar”, “Topal Teymur”, “Yaşıl eynəkli adam” kimi tamaşaları çəkildi. Dövrdən asılı olaraq hər şey yaxşı gəlirdi. Ən əsası isə çəkildiyinə görə pul da alırdın. İndi hamısı havayıdır. Bir İTV pul verirdi, onlar da dəyişəndən sonra pul vermədilər. Son iki ildə mən 6-7 festivalda oldum. Televiziya səni çağırırsa, çıxış edirsənsə, oradan çıxan kimi konvertdə pulun verilir. Bir dəfə mən “Mozalan”a çəkilirdim. Məbləğ 50 manat deyildi. Dedim azdır. Qayıtdı ki, yük daşıyırsan, bəyəm? Dedim Amerika aktyorları yük daşıyır? İstəsələr 150 manat da verərlər. Çünki dövlət onlara bu pulu verir. Özləri vermirlər.Ümumiyyətlə, pis film çəkiləndə belə mən heç vaxt demirəm ki, pis çəkiliş alınıb. Çünki pisin də əziyyəti çəkilir. Film çəkmək çox çətindir. Çəkir, pul alır və o pulla həyatını qurur. İndi bizim maaşımızı İsrafil müəllim yazır. Ola bilsin ki, heç maaş verməsin. Onda nə edəcəksən? O indi onun insafına və yoldaşlığına qalır.

-Akademik Milli Dram Teatrın daxilində nələr baş verdi?

-Bədii rəhbər davası gedirdi. Onu da Azərpaşa Nemətovu gətirib qoydular. Kimi qoyursuz qoyun. Gətirək sizi teatrın rəhbəri qoyaq. Siz birinci tamaşanı necə alındırırsınızsa, elə də gedəcək. Tamaşa yaxşı qoyulmasa, istəyirsən dünyanı dağıt, xeyri yoxdu. Yuğ teatrının bədii rəhbəri İsrafil müəllimin dostu olub. Yuğ teatrından  ora 10 nəfər gəlsin, o qədər truppaya nə edəcək? Ayda 30 tamaşa oynanılır, hamısını Yuğun aktyorları oynamayacaqlar ki.. Amma bunlar həddindən artıq Yuğ teatrını şişirtdilər. Oynasınlar da…

-Sizin bir sözünüzü hələ də xatırlayıram: “Məndən yaxşı istifadə etmədilər”. Maraqlı üz cizginiz olduğu halda niyə belə davranıldı?

-Bəli, düzdür.  Çelentano, Şaban, Qremo Ruf və s. Azərbaycan rejissorları Yurskini dəvət edəndə, o demişdi ki, sizin Fazil Salayev kimi möhtəşəm aktyorunuz var, məni niyə dəvət etmisiniz? Onun “Şərikli çörək” filmində oynadığı qırçı rolu kifayət idi. Bizim aktyorlar da çox rol oynamaq istəyirlər. Sadəcə iş yoxdur. Onlar Moskvada və Türkiyədə yaşasaydılar vəziyyət tam başqa olardı. Moskvada artist ən aşağısı üç seriala çəkilir. Armen Ciqarxanyanın 87 yaşı var. Öz tamaşası, öz teatrı var. Həsən Məmmədov 50 rolda çəkildi, amma Rusiya heç onu tanımadı. “Nəsimi” filmində oynayan Rasim Balayev o kinonun hörmətini görmədi. Əliağa Ağayev “Məşədi İbad”ı, Nəsibə Zeynalova “Qaynana”nı oynadı və bununla da tarixə düşdü.

-Baş rolda çəkilmisinizmi?

-Bəli. “Əliqulu evlənir”, “Gecə döyülən qapılar”, “Hara gedir bu dünya” , “Korol 1” və başqa tamaşalarda baş rolda çəkilmişəm. Amma nə olsun ki, əsas qiymətin necə verilməsinə baxır. Bu vaxt kənardan Əsgər Məmmədoğlunun həyat yoldaşı Nazilə Mənsimova söhbətimizə müdaxilə edir:

-İndi aktyora qiymət yoxdur. Gətirib 30 yaşında aktyora qiymət verirlər. O dövrün komanda aktyorlarından çox az qalıb. Əsgər 10-15 gündür ki, xəstədir. Amma ona dövlət səviyyəsində hələ kömək edən yoxdur. Düzdür, işçiləri yanına gəliblər. Amma başqa cür kömək olunmayıb. Mədəniyyət və Turizm Nazirliyindən heç bir dəstək gəlmədi. Yalnız həkimlər sag olsunlar, hər şeyi ona pulsuz ediblər. Qəflətən xəstələnən adama həm maddi, həm də mənəvi dəstək lazım olur.

-Mövcud durumda kifayət qədər komedik və digər seriallar çəkilir. Dəvət almısınızmı?  

-Bir dəfə də dəvət almamışam. Özü də mənim materialımdan çox efirdə gedən artist yoxdur. Çox maraqlıdır. Nə deyim… Ola bilər, müasir tələblər başqadır. Tamamilə başqa aktyorlar istəyirlər. Bəlkə maddi cəhətdən qorxurlar ki, biz çox pul istəyərik.

-Sizin kimi ustadların belə seriallara çəkilməsi istəyi sizcə maddi tələbatdırmı?

-O vaxt birinci ssenari müəyyənləşərdi. Moskvada böyük bir rejissora sual verirlər ki, yaxşı film çəkmək üçün nə etmək lazıımdır? Cavab verir ki, üç vacib tələb lazımdır: birinci ssenari,  ikinci ssenari və  üçüncü ssenari…Türkiyənin “Kurtlar vadisi” iki ölkənin taleyini həll edir. Baxın neçə illərdir ki, bu serial gedir. Fakt camaatı bu film qane edir. Əsası odur ki,  çəkdiklərini sata bilirlər. Türkiyədə ssenariyə ciddi fikir verilir. Əgər ssenari onlara reytinq qazandırmayacaqsa, onu efirə buraxmırlar. Bir məsələ də var. Baş rolda çəkilən mütləq gəlir gətirməlidir. Bizdə minlərlə xalq artisti var. Rusiyada bu ad çox böyük önəm daşıyır.

-Meydan hərəkatında olan o coşqu indi niyə yoxdur?

-Müharibə elədilər, vuruşdular. Vuruşanlar qaldı kənarda, o birilər yaxşı dolanmağa başladılar. Bir az ağıllandılar, çəkildilər dala… Mənə çatmır ki, prezident təqaüdünü və mükafatını bir qrup alır, bir qisim isə almır. Nəticədə hamı eyni işi görür. Teatr da belədir.

-Bəzən avtomobillərin səs siqnallarına Səyavus Aslanın “Adə, Ələsgər” deyə səsyazmasının şahidi oluruq. Bunu ədəbsizlik kimi hesab etmək olarmı?

-Bu hal bir yandan yaxşı, bir yandan isə pisdir. Məsələn, mən Türkiyədə, İranda da bunun şahidi olmuşam. İranda mənə yaxınlaşıb deyirdilər ki, burada hər evdə iki filmin kaseti var. Biri “Məşədi İbad, digəri isə “Bəyin oğurlanması”dır. Camaatın beyninə düşüb də, nə deyim… (gülür) Bir nəfər mənə demişdi ki, 300 manat verib sənin səsini avtomobilimin siqnalına yazdırmışam. Ona dedim ki, 150 manat verərdin mənə , özüm avtomobilində oturardım da…(gülür) Onların heç birinin xeyri olmadı. Rejissorlar bunu hiss etmədilər ki, camaat bu artisti qəbul edir. Bəlkə onun üçün bir az böyük rol çəkək, reklam edək. “Xoxan” filmi çəkildi. Fakt bu film  tamaşaçı reytinqi qazandı. “Parni iz Baku”nun aktyorları, Rəfail və Çoşqun istedadlı aktyorlardır. Amma bir məsələ var. İndi necə çəkə bilərsən “Evləri köndələn yar”ı, “Topal Teymur”u, “Mehman”ı, “Yaşıl eynəkli adam”ı ? Heç paltarlarını tapa bilməzlər.

Alçina Amilqızı

P.S. Dəyərli həmsöhbətim sonda Cebhe.info və “Cumhuriyət”in fəaliyyətinə uğurlar dilədi: “Həmişə işinizdə möhkəm olun. Cavanlığınızın qədrini bilin”.





Həftənin ən çox oxunanları