Yuxarı

“Səhnəyə nəzarət olmalıdır”

“Səhnəyə nəzarət olmalıdır”

[caption id="attachment_3503" align="alignleft" width="360"]arif babayev Arif Babayev: "Qarğa-quzgun kimi üstümə tökülüşərlər"[/caption] [caption id="attachment_3504" align="alignleft" width="190"]Rustəm Behrudi Rüstəm Behrudi: "Demokratiya anlayışını başqa cür təqlid edirik"[/caption]

Son günlər aralarında xalq artistlərinin də olduğu sənətçilərin qarşılıqlı ittiham, etikadankənar, təhqiramiz ifadələrlə müşayiət olunan qalmaqallar ictimaiyyətdə böyük narazılığa səbəb olub. Xalq artisti titulu daşıyan İlhamə Quliyeva ilə Aygun Kazımovanın çəkişməsi, Elza Seyidcahanın məsələyə qarışması, digər tərəfdən isə hüquq müdafiəçilərinin bu barədə konkret addım atılmasını tələb etmələri cəmiyyətdə maraqla izlənir.

Tərəflərin səhnə mədəniyyəti ilə uyuşmayan hərəkətlər, bir-birlərinin ünvanına səsləndirilən sərt sözlər, söyüşlər, təhqiramiz ifadələr iyrənc mənzərə yaradıb.

Münasibətini öyrəndiyimiz tanınmış sənət nümayəndələri və ziyalıların məsələ ilə bağlı cavabları da maraq doğur.

Xalq artisti, məşhur xanəndə, professor Arif Babayev qadınlar arasında olan məsələyə münasibət bildirmək istəmədiyini deyib: “Müğənnilər mehriban olsalar yaxşıdır. Səhnə mədəniyyəti ifaçılıqdan ibarətdir. Kim necə ifa edirsə, mədəniyyətini də elə nümayiş etdirir. Amma səhnəyə nəzarət olmalıdır. O məsələ barədə danışmağa isə mənim gücüm çatmaz. O məsələ ilə gücü çatanlar məşğul olmalıdır. Qınamıram, o qədər kanal var ki, o kanallar da efiri doldurmaq üçün nəsə etməlidir. Bayağı olan, lazım olmayan mahnılar, təriflər çoxdur.

Dahi Üzeyir Hacıbəyovdur. Bax, biz dahi Üzeyir Hacıbəyova nəsə deyə bilərikmi? Müğənnilər var, ifa etmir, mızıldanır, amma ona “dahi” deyirlər. Mən bunların əleyhinəyəm. Sənətkar deyəndə gözümüzün önündə Şövkət Ələkbərova dayanır. Onların səsi ilə yanaşı, həm də efir mədəniyyəti olmalıdır. Bizim Şövkətimiz, Saramız, Rübabəmiz, Fatmamız var idi. Onların həm səsi, həm efir mədəniyyəti, həm də xanımlıqları var idi. Mən uzun illərdir ki, sənətdəyəm. Bir dəfə olsun onların nə vuruşduqlarını, nə münaqişə yaratmalarını gördüm. Həmin sənətkarların çoxu ilə də dost və yol yoldaşı olmuşuq. Zeynəb Xanlarova və Rübabə Muradova ilə qastrollarda olmuşuq. Onların heç vaxt davalarını görmədim. Onlarda hər zaman dostluq, mədəniyyət, yoldaşlıq gördüm”.

Xanəndə İlhamə Quliyeva və Aygun Kazımovanı gözəl sənətkar kimi qiymətləndirərək, onların timsalında səhnə etikasının vacibliyindən danışıb: “Həmişə səhnəni xalqdan yuxarı tikirlər. Bu, böyük izzət rəmzidir ki, tamaşaçılar, baxın, ibrət götürün. Tamaşaçı ən zəif nöqtəni belə tez görür. İlk növbədə, tamaşaçıları nəzərə almaq lazımdır. Bundan əlavə gənc ifaçılar da onlardan ibrət götürür”.

Arif Bababyev gənc müğənnilərdən Röya Ayxan, Günay İbrahimli və Xatirə İslamın səsini bəyəndiyini də deyib: “Mən Röyanı çox istəyirəm. Baxmayaraq ki, onun açıq-saçıq olduğunu deyirlər. Amma onun səsini bəyənirəm. Günay İbrahimli, Xatirə İslamı da xoşlayıram. Həm də sözlərini deyən xanımlardır. Heç onların vuruşduqlarını da görməmişəm. Ağsaqqal kimi çıxıb efirdə lazımlı söz desəm, inanın ki, qarğa-quzgunlar leşin üstünə töküldüyü kimi, elə də mənim üstümə tökülüşərlər”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Rüstəm Behrudi deyir ki, mühüm problemlər bir kənarda qaldığı halda, kiminsə bir-biri ilə münaqişə etməsinə qarışmaq istəmir: “Mən belə məsələlərə qarışmaq istəmirəm. Mən hazırkı səhnə mədəniyyəti ilə razılaşmıram . Hər çıxan deyir ki, mən sənətkaram. Ayıbdır, hər adam özünü öyməz. Səhnə mədəniyyəti də bu hallardan irəli gəlir. Necə gəldi özləri üçün söz-söhbət yaratmaq, qeybət üstündə şərt tutmaq tərəfdarı deyiləm. Sənətkar sənətlə, ruhla yaşamalıdır. Bir-birinin acığına işlər görməklə, paxıllıq etməklə, söyməklə, özlərini öyməklə iş seçməz. Səhnə mədəniyyəti əsl mədəniyyətdir. Bu, həyatda insanlardan, duyğulardan üstün bir məsələdir”.

Sovet məkanında sənət adamları arasında qarşılıqlı ittihamların olmadığından söz açan xalq artisti Mübariz Tağıyev qeyd edib ki, o dövrdə müğənnilər arasında hər hansı ziddiyyətlər olsa da, onlar bunu büruzə verməyiblər: “Hazırki dövrdə bədii şuramız yoxdur. Ortaya senzura keçib.

Demokratiya anlayışını biz bir balaca başqa cür təqlid edirik. Böyüklü-kiçikli hardasa ortaq məxrəc var, onu saxlaya bilmirik. Gənclərdə də günah çoxdur. Heç olmazsa, böyük-kiçik anlamı var. O da pozulub gedib. Gənc nəsil də yerini bilməlidir. Ona görə demirəm ki, özüm də yaşlı nəslin nümayəndəsiyəm. Mən bilirəm nədən söhbət edirsiniz, amma açığını deyim ki, bu, mənə də xoş gəlmir. İnanın, mən bunu ağrı-acı ilə qarşılayıram. Çox pis... ”

 Alçina Amilqızı





Həftənin ən çox oxunanları