Yuxarı

Yaqub Zurufçuya etiraz: “Bu, cinayətdir”

Yaqub Zurufçuya etiraz: “Bu, cinayətdir”

Əslən azərbaycanlı olan müğənni Yaqub Zurufçunun Almaniyanın bir neçə şəhərlərində keçirəcəyi konsert turları ilə bağlı qalmaqal getdikcə böyüyür. Onun təşəbbüsü ilə xalq artisti, tarzən Ramiz Quliyev, qarmon ifaçısı Aftandil İsrafilov, qoşanağara ifaçısı Sadıq Zərbəliyevin də iştirak edəcəyi konsertlərin afişalarda fars adı altında təqdim olunması təkcə Avropada yaşayan soydaşlarımız tərəfindən deyil, ölkəmizdə də tənqidlə qarşılanıb.

Məsələ mətbuatda, sosial şəbəkələrdə geniş müzakirə edilib, pislənilib, konsertlərin boykot edilməsi ilə bağlı çağırışlar edilib.

Xalq artisti Ramiz Quliyev musavat.com-a açıqlamasında keçiriləcək konsert turlarında bütün çıxışların Azərbaycan musiqisini təbliğ etdiyini desə də, hazırda konsertlər yenə də afişalarda  "Perisan Concert Proudly Presents" (Fars Məhsullu Konsertin Təqdimatı) və "Konserte bozorg azəri" (Böyük azəri konserti) adı ilə təqdim olunur. Səslənən ittihamlara görə, bu, Azərbaycan milli mədəniyyətini və musiqisini "paniranizm", "panfarsizm"  ideologiyasının quyruğuna calamaq və aşağılamaq yönündə atılan addımlardır.

Xalq artisti, ustad xanəndə Canəli Əkbərov da Azərbaycan musiqisinin fars adı altında təqdim olunmasının tamamilə əlehyinə olduğunu və bu cür addımların musiqimizə qarşı cinayət olduğunu deyib: "Biz uzun illər Azərbaycan muğamını, musiqisini qoruyub saxlamağa, geniş şəkildə təbliğ etməyə çalışmışıq. Dövlətimizin də yaxından dəstəyi ilə bu gün muğamımız daha da inkişaf edir, dünyaya tanıdılır. Yaqub Zurufçuya hörmətim, aramızda salamımız var. Lakin bu gün biz sənətkarlar musiqimizin fars adı altında təbliğ olunmasını qəbul edə bilmərik. Fars gəlib mənim ana dilimdə musiqi oxuyarmı? Əgər ifa etsə, mən də üç dəfə artıq onların dilində musiqi ifa edərəm. Təbii ki, farslar heç vaxt bunu etməyiblər. Amma bu gün bizim bəzi muğam oxuyan sənətkarlarımız öz ifalarında fars ləhcələrindən, fars elementlərindən istifadə edirlər. Hər bir xalqın milli musiqisi onun pasportudur. Ondan kənara çıxmaq cinayətdir. Olmaz belə şeylər!"

Xalq artisti, tarzən Möhlət Müslümov isə məsələyə bu cür münasibət bildirdi: "Yaxşı olardı ki, istər böyük, istər orta, istərsə də, kiçik sənətkarlar harada çıxış edirlərsə-etsinlər, orada Azərbaycan sözü yazılsın. Mənim sənət dostlarım Cənubi Azərbaycanda olarkən belə çıxış ediblər.

Qaldı ki, konsertin fars adı altında qeyd edilməsi təşkilatın adı ilə bağlı olması, belə şeylər olur. Bəzən hətta sənətkarlarımızın da adını fars kimi təqdim edənlər olub. Hələ yaxşıdır ki, konserti fars adı altında veriblər, olur ki, erməni adı ilə təqdim edirlər".

Qeyd edək ki, Almaniyanın Köln, Hamburq, Frankfurt şəhərlərində keçiriləcək konsert turlarının Avropadakı Azərbaycan milli diaspor təşkilatlarının əksəriyyəti tərəfindən boykot ediləcəyi barədə məlumatlar yayılmaqdadır. Məlum olduğu kimi, Hollandiyada fəaliyyət göstərən "Avropa-Azərbaycanın Dostları Cəmiyyəti"nin sədri Elman  Mustafazadə konsertlə bağlı sosial şəbəkədə bəyanat yayıb. Təşkilat sədri musiqimizin fars adı altında təbliğ edilməsinə kəskin tənqid edib.

Almaniyada yaşayan doktor Həmdullah Süleymani Fərd qəzetimizə açıqlamasında qeyd edib ki, fars reklamını görmək hər bir azərbaycanlını kədərləndirir: "Çünki gözəl musiqi sənətimiz və sənətkarımız "Persiya", daha doğrusu, fars adı altinda bazarda satılır. İran adlanan ölkədə farslar bizim tarixi, dili, mədəniyyətimizi və bütünlüklə kimliyimizi fars adına çeviriblər. Təkcə güvən yerimiz olan Quzey Azərbaycana da indi əl bullaşdırırlar. Günahların hamısı özümüzdədir". Doktor konsertdə iştirak edən sənətkarlarımıza da səslənib: "Hörmətli Zurufçu, Ramiz və başqa dəyərli sənətkarlarımızdan xahiş edirəm, yaxşı olar ki, Quzeydə  saxlanan hünər parçamızı farslara satmasınlar. Heç görünüb ki, fars öz fars hünərini Azərbaycan, ya türk adı ilə reklam etsin? Əgər konsertin reklam forması dəyişilməsə, o konsertə ayaq qoymaram".

Almaniyada yaşayan azərbaycanlı mühacir vəkil Nağı Mahmudi da sosial şəbəkədə Yaqub Zurufçuya müraciət edərək "Bizim musiqimizi "Persian" adına təqdim etməsinlər!" deyə etiraz edib. Nağı Mahmudi "Yeni Müsavat"a açıqlamasında səslənən bəyanatlara qatıldığını, lakin konsertdə iştirak edən Yaqub Zurufçu və Aftandil İsrafilovu çox sevdiyini bildirib. O, adıçəkilən konsertlərə gedib-getməyəcəyi barədə hələ ki, bir qərara gəlmədiyini deyib.

Almaniyada mühacirətdə yaşayan milli-mədəni fəal Şərifə Cəfəri isə vurğulayıb ki, konserti boykot etmək doğru addım deyil: "İlk növbədə, mən şəxsən Yaqub Zurufçudan gözləməzdim ki, izn versin ki, Azərbaycan yerinə azəri yazılsın. Amma bu gün əgər bir fars sponsorluq edibsə və Avropanın böyük şəhərlərində Azərbaycan musiqisi səslənəcəksə, bunun nə eybi var ki? Bir qədər dərin baxsaq görərik ki, boykot etməyin zərəri özümüzə qayıdır".

Xatırladaq ki, Yaqub Zurufçu məsələ ilə bağlı "Yeni Müsavat"a açıqlamasında bildirmişdi ki, konsertin təşkilatçıları iranlı olduğundan təqdimat fars adı ilə gedib: "Onlar İrana geri döndükdən sonra bir problem yaşamasınlar deyə afişalar o cür təqdim olunub".  Zurufçu konsertlərinin boykot edilməsinə qarşı isə bu cür reaksiya verib: "Kim istəyir boykot etsin, özləri bilər".