Yuxarı

Növbə Mədəniyyət Nazirliyinə çatdı

Növbə Mədəniyyət Nazirliyinə çatdı

Əkrəm Həsənov: “Dövlət qurumlarının sayı nə qədər çox azaldılsa, o qədər  yaxşıdır”

Ölkə başçısı Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin yaradılması və nazirliyin regional idarələrinin birləşdirilərək bir ad altında baş idarə kimi fəaliyyətə başlayacağı qərara alınıb.

Bəzi ekspertlər prezidentin bu sərəncamını zəruri hesab etsələr də, bəziləri bu məsələnin kağız üzərində qalacağından ehtiyatlanırlar. Buna əsas olaraq isə bir müddət əvvəl Təhsil Nazirliyinin rayon şöbələrinin ləğv edilməsi məsələsi numunə gətirilir. Belə ki, təhsilə bağlı idarələrin regional şöbələrinin ləğv olunması məsələsi ortaya atılsa da, bu prosesin qarşısı alındı. Mətbuatda mədəniyyət və turizm sahəsi ilə bağlı son sərəncamın da icra olunmayacağı və bunun qarşısının alınması ilə bağlı fikirlər səsləndirilir. Hətta bu sahədəki struktur islahatlarının da təhsildəki məsələnin təkrarı olacağı bildirlir. Bəs regional şöbələrin ləğv edilməsinin mənfi və müsbət tərəfləri nə olacaq və bunun icrası mümkün olacaqmı? Məsələ ilə bağlı iqtisadiçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət”ə açıqlamasında bildirib ki, əslində bu sərəncamın icrası məqsədəuyğun addımdır:

“Dövlət məmurlarının və qurumlarının sayı nə qədər çox azaldılsa, bu daha yaxşıdır. Çünki bizdə şişmiş dövlət aparatı və məmur ordusu var. Bu həm də dövlət büdcəsi üçün ağır yükdür. Nə qədər çox qurum olsa, o qədər dövlət maraqlarına deyil, öz maraqlarına işləyəcəklər. Bu da gizli deyil ki, şöbələr olanda yerli icra hakimiyyəti orqanlarından asılı vəziyyətə düşmüş olurlar.

Həmçinin, təhsil sahəsindəki şöbələr yerli icra hakimiyyəti orqanlarından asılıdır, nəinki Təhsil Nazirliyindən… Eyni məsələ mədəniyyət və turizm sahəsindədir. Mədəniyyət və Tuzim işçilərinin sayının azaldılması həqiqətən də nazirliyə tabe olunmasına zəmin yaradacaq. Bir region bir neçə rayon ərazisinə aid olacaq. Bu da daha çox imkan verir ki, o qurumlarda iş getsin. İkili tabelilik olanda nəticədə iş getmir. Hesab edirəm ki, bu proses düzgündür və davam etdirilməlidir. Mədəniyyət və turizm sahəsi də çox ciddi sahədir. Təhsil sahəsi isə ondan da vacibdir”. Ekspertin fikrincə, bu məsələ tez bir zamanda icra olunacaq: “Ümid edirik ki, bu məsələ kağız üzərində qalmayacaq. İcra olunmaqla digər sahələrə də örnək olacaq”. Qeyd edək ki, 2014-cü ilin 24 iyulunda Prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalamışdı. Sonradan rayon təhsil şöbələrinin ləğvi və Regional Təhsil İdarələrinin yaradılması barədə qərar təxirə salınmışdı. 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlamalı olan Regional Təhsil İdarələrinin yaradılması prosesi təxirə salınıb.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları