Yuxarı

“Mən böyük qələt edərəm siyasətə qarışaram”

“Mən böyük qələt edərəm siyasətə qarışaram”

“Azərbaycanda heç kim deyə bilməz ki, mən konsertdən pul qazanıram” Nadir Qafarzadə: ”... mən də ona qadınlıq payımdan hədiyyə edərdim” Tanınmış müğənni Nadir Qafarzadə son günlər mediada gündəmini zəbt etmiş məsələlərlə bağlı Cebhe.info-ya açıqlama verib. Həmçinin yaxında konsert verəcəyi ilə bağlı gəzən söz-söhbətlərə də aydınlıq gətirib. Müğənni onu özündən çıxaran bir sıra məsələlərə də toxunub. “Peşəkar musiqiyə diqqət yoxdur” Sənətçi ölkəmizdə sənətə qiymət verilmədiyindən bərk-bərk gileylənib: “Ay sizə qurban olum, indi sənət və sənətə qiymət verən var? İndi sənət heç kimə lazım deyil. İndikilər hamısı gic-gic ara mahnılarla gündəmi tutublar. Bu daha çox insanı maraqlandırır, nəinki sənət. Mən Cahangir Cahangirovun “Sevgilim”, Polad Bülbüloğlunun “Tvoix qlazami” mahnısını və bir çox mahnıları lentə aldırmışam, ona qiymət verən var? Peşəkar musiqiyə diqqət və maraq göstərən yoxdur. Buna baxmayaraq mən durmadan işləyirəm, çalışıram. İşləsəm də, çalışsam da, bilirəm ki, əbəs yerədir”. “Qələt edərəm, siyasətə qarışaram” Digər həmkarlarının parlamentdə təmsil olunmaq istəklərindən və siyasətə qarışmalarından danışan müğənni fikirlərini sərt ifadə edib: “Mən böyük qələt edərəm siyasətə qarışaram! Mən siyasətdən çox uzağam. Azərbaycanımızda yetərincə istedadlı siyasətçilərimiz var. Hər kəs öz işi ilə məşğul olsa, yaxşı olar. Müğənni oxumağıyla, həkim həkimliyi ilə, müəllim müəllimliyi ilə, siyasətçi də siyasəti ilə məşğul olmalıdır. Təbii ki, söhbət peşəkarlardan və peşəkarlıqdan gedir”. “İnsanlara bayağılıq daha çox maraqlıdır” Son günlər ölkə mediasını zəbt edən müğənnilərin hamilə qalması ilə bağlı xəbərlərə də toxunan Nadir Qafarzadə belə qeyri-ciddi gündəm xəbərlərinin daha çox oxunduğunu bildirdi: “Saytları oxuyuram,görürəm ki, ancaq gündəmi belə qeyri-ciddi xəbərlər zəbt edib. Məsələn, yazılıb ki, Nadir Qafarzadə yeni bir mahnı oxudu. Bunu oxuyur min nəfər, digər bir xəbərdə yazılıb ki, filan müğənni ilə filan müğənni saçyoldusuna çıxdı, yaxud filan müğənni filan kişidən hamilədir, uşaq doğdu, boşandı. Oxunur 30 - 40 min dəfə. Deməli, oxuculara müğənninin sənəti yox, şəxsi həyatı, həyatındakı durumu maraqlıdır. Etiraf etmək lazımdır ki, bu gün sənət göstərən də azdır. Mənə elə gəlir ki, bəziləri elə bu tip xəbərlərlə gündəmdə qalmaq istəyir, ona görə buraxırlar bu xəbərləri. Görünən isə odur ki, bu gün elə insanlara daha çox hörmət var. Sənət və sənətkarlıq arxa plandadır. Digər bir maraqlı situasiya odur ki, o lazımsız xəbəri oxuyurlar və oxucu olaraq altdan rəy yazırlar ki, bizə lazımdır qalmaqalınız, bir az da sənətlə məşğul olun da. Oxucu özü özünü yandırır. Guya ki, sənətə aid xəbərləri, məlumatları oxuyur və irad bildirir. Axı, heç sənət xəbərlərini oxumursan, sənətdən xəbərin yoxdur, sənət əsərlərini dinləmirsən. Bəlkə də bu bütün dünyanın bədbəxtliyidir ki, əsl sənətə qiymət verilmir, diqqət göstərilmir. Məsələn, mən baxıram “Youtube”-də hansısa bir bayağı mahnı 3 milyon, 4 milyon izlənmə qazanıb, amma mənim yüklədiyim “Məni candan usandırdı” əsəri, “Oxu tar”, “Füzuli kantatası” bir neçə ildir yüklənib 3-4 min izləyicisi var. Deməli, insanlara bayağılıq daha çox maraqlıdır”. “Azərbaycanda heç kim deyə bilməz ki, konsertdən pul qazanıram” Yaxın zamanlarda konsert verməyə gəlincə, müğənni sponsorun olmamasından gileylənib: “Konsert vermək üçün gərək yaxşı pulun, ya da sponsorun olsun. Sponsor da yoxdur. Çünki kişi xeylağına heç vaxt sponsorluq etmirlər. Sponsorlar adətən, qadınlara pul yatırırlar. Nəyə görə qadınlara pul yatırdığı da aydın məsələdir. Mənə deyəcək ki, mən sənə nəyə görə sponsorluq etməliyəm? Deyəcəyəm ki, mən konsert verirəm, sənət nümayiş etdirəcəyəm, sənət əsərləri ifa edəcəyəm. O da deyəcək ki, sənət mənim nəyimə lazımdır? Amma qadın olsam, mənim qadınlığıma görə mənə sponsorluq edər. Mən də ona qadınlıq payımdan hansısa hədiyyə edərdim. Mən hələ indiyə qədər eşitməmişəm ki, hansısa kişi müğənnisinə sponsorluq ediblər. Xaricdə ola bilər, xaricdə sənətə, ifaya qiymət var. Bizdə isə birmənalıdır, kişilər bütün işləri özləri etməlidir. Digər dediklərimi də bütün qadın sənətçilərə şamil etmirəm, amma əksəriyyətinə şamil edə bilərəm ki, onların sponsorları, daha doğrusu, “kişi dostları” olmasa, onlar bu gün heç nə edə bilməzlər. Özüm də konsert versəm, 40-50 min xərcim çıxacaq. Konsert verdiyim sarayın icarə haqqını ödəməliyəm. Məşqlər, dekorasiyalar, musiqiçilərin geyimi, onların zəhməthaqqı, hara tərpənsən puldur. Ona görə də mən konsert vermək fikrindən daşınıram. Konsertlə qazanmayacam, əksinə, itirəcəyəm. Hələ mənim ağlım başımdadır. Əziyyətlə qazandığım pulu havaya sovurmaq istəmirəm. Kim deyirsə, mən konsertdən pul qazanıram, bilin ki, yalan deyir. Azərbaycanda heç kim deyə bilməz ki, mən konsertdən pul qazanıram”. Rövşən Əsədov