Yuxarı

Faiq Sücəddinov restoranlardan pul ala biləcəyinə inanmır: "Ölü qərardır"

Faiq Sücəddinov restoranlardan pul ala biləcəyinə inanmır:

Şadlıq evləri, kafe - restoranlar, barlar və digər obyektlərdə ifa olunan musiqilərə görə həmin obyektlərin mülkiyyətçiləri musiqi müəlliflərinə qonorar ödəyəcəklər.

Cebhe.info xəbər verir ki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilib. 

Dəyişikliklərə əsasən, toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25, digər şəhər və rayonlar üzrə 20 manat qonorar müəyyən olunur. Bu qonorar şadlıq evlərinin, kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri tərəfindən ödəniləcək. 

Yığılan məbləğ ay sonunda ümumi müəlliflər arasında bərabar sayda bölünəcək. Buna nəzarət isə həmin obyektlərdəki kameralar vasitəsi ilə həyata keçiriləcək. Müəyyən olunacaq ki, neçə gün ərzində kimlərin nə qədər mahnısı ifa olunub.

Restoran və şadlıq evi sahibləri isə hec cür bu qayda ilə razılaşmaq istəmir.

Faiq Sücəddinov: "Qərar icra olunmadıqdan sonra "ölü” qərardır”

Xalq artisti, bəstəkar Faiq Sücəddinov müxbirimizə açıqlamasında bu qanunun işləyəcəyinə ümid etmədiyini deyib:

"Qonorarı Müəllif Hüquqları Agentliyi toplamır. "Azərbaycan Müəllifləri” İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov bir qurum yaradıb. Oradan bir manat da gəlmir. Hansı qərardan danışırsınız? Şadlıq evlərində, televiziyada, haradasa konsert zallarında çıxışların qonorarını vermir. Həmin qurum illərdir fəaliyyət göstərir, amma müəlliflərə bir manat da vermir. Mənə elə gəlir ki, onlar pulları ciblərinə qoyur. Bu dəyişikliyə gəlincə, qərar icra olunmadıqdan sonra "ölü” qərardır”. 

Tünzalə Ağayeva: "Bu qayda yerli bəstəkarlar üçün də xeyirli olacaq”

Əməkdar artist, bəstəkar və müğənni Tünzalə Ağayeva isə Faiq Sücəddinovdan fərqli olaraq məlum dəyişikliyin öz bəhrəsini verəcəyi qənaətindədir:

"Dünya təcrübəsində mövcud olan bu qanunun bizdə də həyata keçirilməsi çox yaxşı bir tendensiyadır, müəllifin hüquqları qorunur. Azərbaycanda müəllif hüquqları nə qədər güclü olsa, o qədər yaxşı olar. Əcnəbi müğənnilər də mahnılarımızı oğurlamazlar. Bu qanunun icrasının tam effekt verməsi üçün bir az zaman lazımdır. Yəqin ki, bu proses bir neçə ildən sonra tam olaraq həyata keçiriləcək. Məsələn, bir neçə il öncə müğənnilər heç cür vergi ödəmək məsələsinə öyrəşə bilmirdi. Hamısına vergi vermək qəribə gəlirdi. Bununla da vergidən yayınma halları olurdu. Amma indi artıq bu proses sistemə düşüb. İnsanlar artıq başa düşür ki, dövlətə vergi ödənilməlidir. İnanıram ki, bir neçə ilə bu sistem oturuşacaq, öz bəhrəsini verəcək. Xaricdə müəlliflər kassa biletlərindən, disklərin satışından, yaxud da ki, iTunes üzərindən qazanmaqdan başqa, klip və ya mahnılarının haradasa səslənməsinə görə yığılan bəlli bir məbləği əldə edirlər. Düşünürəm ki, bu qayda yerli bəstəkarlar üçün də xeyirli olacaq. Axı bəstəkar toya gedə bilmir, bu da maddi dəstəkdir. Bəstəkarın işi mahnı yazmaqdır. Onun bəstəsini 10 müğənni oxuyub pul qazanır, amma bəstəkarın haqqı heç cür özünə çatmır. Burada da haqq öz yerini tuta bilər”.

Aytən Həsənova