Yuxarı

Nazirlik öz sənədinə şübhə ilə yanaşır

Nazirlik öz sənədinə şübhə ilə yanaşır

Ali məktəbi bitirən şəxsə diplom verilir, sonra həmin şəxs imtahandan keçirilir. Son illər Azərbaycanda təhsil sistemində baş verən proseslər, dəyişikliklər cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Orta və ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin aşağı olmasından tutmuş, məzunların bilik səviyyələrinin sıfra bərabərliyinə qədər mövzular müzakirə predmetidir. Hətta xaricdə təhsil də günümüzün ağrılı reallıqları sırasındadır. Bu istiqamətdə "Cümhuriyət"in ortaya çıxardığı müxtəlif suallara "Demokratik Dəyərlərə Dəstək" İctimai Birlyinin sədri Taryel Bayramov cavab verir. -Taryel bəy, bir gənc kimi Azərbaycan gənclərinin təhsil almasını necə qiymətləndirirsiniz? - Məlumdur ki, təhsil dövlətin əsas siyasətini təşkil edir. Təhsil siyasətini təşkil etmək üçün dövlət vaxtaşırı islahatlar həyata keçirir, qanunlar qəbul edir. Təhsilin güclü olduğu dövlətlərdə ayrı-ayrı sahələr də yaxşı inkişaf edir. Əslində, bu gün elə bir dövrdür ki, insanları sovet dönəmində olduğu kimi diploma görə deyil, peşəkarlığına, bilik və bacarığına görə qiymətləndirirlər. Yəni, normal mütəxəssis və ya normal peşə təliminə yiyələnmiş texniki kadr kimi. Prosesə o tərzdən baxmaq lazımdır ki, biz hələ də sovet düşüncəsindən ayrılmayaraq diplom almaq həvəsilə yaşayırıq. Bu gün bizim cəmiyyətdə sanki bir dəb kimi hamı diplom əldə etmək eşqindədir. Buna görə də valideynlərin diktəsi, normal təhsil almaq iqtidarında olmayan gənclərin arzusuyla Rusiyada, Ukraynada peşəkarlıqdan və dünya təhsil səviyyəsindən kifayət qədər geri qalan universitetlərdə gənclərimiz diplom növbəsinə dayanıblar. Azərbaycanın özündə də ali təhsil almaq imkanları olduqca rahat və standartlardan xeyli uzaqdır. Buna görə də peşəkar mütəxəssis ölkədə kəmiyyət baxımından çox, keyfiyyət baxımından yox dərəcəsindədir. -Kifayət qədər prosesə tənqidi yanaşırsınız, dediklərinizi necə əsaslandıra bilərsiniz? -Mən təhsil sistemi ilə yanaşı, peşəyə yiylənmə ilə bağlı da tənqidi fikir irəli sürə bilərəm. Deyilən fikirlər kifayət qədər əsaslıdır. Təhsil Nazirliyi və bu işə məsul olan şəxslər dünya standartlarına cavab verən Amerika və Avropada gənclərin təhsil almasına maraq göstərmir və bu istiqamətdə təbliğat aparılmır. Əksinə, Ukrayna, Rusiya, Gürcüstan və s. ölkələrin ali məktəbləri ilə bağlı ciddi təbliğat həyata keçirilir. Çünki, adıçəkilən ölkələrdə təhsil almaq daha asandır və keyfiyyət olduqca aşağıdır. Ölkəmizdə isə orta məktəblər artıq sıradan çıxıb. Abituriyentlər repititor yanında hazırlıq keçir. Ali məktəbləri qurtaran gənclər isə olduqca zəif təsir bağışlayırlar. Bunu əslində, hökumət özü də etiraf edir. Artıq bir neçə ildir ki, məktəblərə müəllimlər xüsusi attestasiyadan keçərək götürülür. Yəni Təhsil Nazirliyi özü verdiyi diplomun keyfiyyətinə özü də şübhəli baxır. -Taryel müəllim, sizcə, gəncləri görmək istədiyini təhsilə çatdırmaq üçün nələri dəyişmək olar? -İlk növbədə, hökumət Avropa dəyərlərinə, orada olan təhsilə, peşəkarlığa diqqət yetirməlidir. Sadə bir misal deyim, Moldovadan, Gürcüstandan bütün göstəricilərə görə, çox-çox öndə olan Azərbaycan demokratik dəyərləri qəbul etmədiyinə görə Avropaya sərbəst gedib-gələ bilmir. Amma adıçəkilən ölkələr vizasız gediş-gəiş imkanına malikdir. Bu isə orada olan gənclərin daha normal təhsil almasına və bacarıqlara yiyələnməsinə şərait yaradacaq. Bizim ali təhsilli və təhsili olmayan gənclər isə Rusiyanın qara bazarlarında xırda ticarətlə məşğul olur.  





Həftənin ən çox oxunanları