Yuxarı

“Nazirlik rüşvətin qarşısını ala bilmir”

“Nazirlik rüşvətin qarşısını ala bilmir”

Korrupsiyaya və İnhisarçılığa Qarşı Mübarizə İctimai Birliyinin sədri Elşən Allahverdiyevin “Cümhuriyət”ə müsahibəsi.

Elşən müəllimlə söhbətdə təhsil sistemində rast gəlinən  korrupsiya və digər neqativ hallardan danışdıq:

- Elşən müəllim, Azərbaycanın təhsil sistemində daha çox hansı çatışmazlıqar özünü göstərir?  - Təhsil dövlətin əsas sütunudur. Təhsili güclü olan dövlətlər hər sahədə güclü görünürlər. Təəssüf ki, bizim cəmiyyətdə təhsilin güclü olduğunu iddia etmək özü gülüş doğurur. Belə ki, orta məktəbdən başlayan proseslər Azərbaycanda təhsilin bütün mərhələlərində özünü göstərir. Konkret olaraq bu gün orta məktəblərin formal mövcudluğu, şagirdlərin saysız-hesabsız kurslara, repititor məşğələlərinə getməsi hamıya məlumdur. Bütün televiziyalarda kurslar reklam edilir. Məgər Təhsil Nazirliyi görmür bunları? Mən hələ aşağı siniflərdə olan dərsliklərin keyfiyyətini demirəm. 20 ildən artıqdır ki, məktəblərdə qeyri-qanuni pul yığılmasının qarşısı alınmır. Belə bir psixoloji vəziyyət yaranıb ki, insanlar müəllimə pul verməyi qürur məsələsi hesab edirlər. Bundan savayı bütün məktəblərdə hazırlığa gedən abituriyentlər məktəb rəhbərliyilə “razılığa” gəlirlər. Abituriyentlər ali məktəbə hazırlaşarkən ağır psixoloji təzyiq altında olurlar. Hər gün beş fənndən hazırlığa getmək, orta məktəbdə yoxlama, komissiya gəlmək qorxusu, minlərlə test yerinə yetirmək, ara-sıra sınaqlara getmək və s. Bu fonda yüksək bal toplayıb ali məktəbə daxil olan tələbə heç bir halda özünü ifadə edə bilmir.

- Necə düşünürsünüz, vəziyyəti necə dəyişmək mümkündür? -Konket olaraq əməli addımlar atılmalıdır. Orta məktəblərin dərs proqramı ilə ali məktəblərə hazırlıq imtahanlarının sualları uyğunlaşdırılmalıdır. Müasir dünyagörüşlü direktorlar təyin olunmalıdır və “pulyığma” əməliyyatına son verilməlidir. Regionlarda və Bakıda fəaliyyət göstərən kolleclərdə və ali təhil məktəblərində ciddi islahatlar aparılmalıdır. Maddi-texniki baza həm də keyfiyyətli təhsillə davam etməlidir. Təkcə Zaqatala, Şəki, Gəncə, Lənkəran, Quba, Ağcabədidə olan təhsil ocaqlarının kadr potensialından danışsaq, o zaman məsələ aydın olar. Demək olar ki, bütün kolleclər ingilis dilli pedaqoq hazırlayır. Bu nə dərəcədə keyfiyyətdir. Soruşa bilərsiniz burada korrupsiya halları hardadır. Bəli, o ixtisaslar, o heyət və hətta o məktəblər ona görə mövcuddur ki, onlar kimlərəsə pul verib həmin ixtisasları sistemdə saxlayırlar. Bu ölkəyə nə qədər ibtidai sinif müəllimi, nə qədər ingilis dili müəllimi, nə qədər yol polisi lazımdır? Hamı bilir ki, yol polisinə işə necə düzəlirlər. Deyilənlərin hamısını aradan qaldırmaq üçün iradə lazımdır.

- Daha çox mövcud vəziyyəti təhlil edərkən kimləri günahlandırmaq olar?  - Məsələ burasındadır ki, bu, illərlə oturuşmuş problemdir. Sadəcə yeni gələn vəzifə sahibləri müəyyən çərçivədə çabalamaq istəyirlər və köklü problemlər həll edilmir. Buna görə də yuxarıda “iradə lazımdır” dedim. Keyfiyyətsiz dərsliklərdən tutmuş kadr hazırlığına qədər bütün məsələlərin həlli üçün səy göstərilməlidir. Eyni zamanda müəllimlərin maddi durumu da göz önündədir. Təbii ki, Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, ali məktəblərin bu prosesdə kifayət qədər rolu olmalıdır. Eyni zamanda hesabatlılıq təmin olunmalıdır. Belə ki, ictimaiyyətə məlumat verilməlidir ki, nə işlər görülüb, çətinliklər nədir və s. İctimai nəzarət mexanizmi təhsil sistemində işləməlidir. Bu çox vacibdir. Buna görə də demək olar ki, bu gün Azərbaycan təhsil sisteminin Avropa və Amerika təhsil sisteminə çatmasına yox, yaxınlaşmasına hələ çox var.

Yeganə





Həftənin ən çox oxunanları