Yuxarı

“Ginnesin Rekordlar kitabına düşmək istəyirəm”

“Ginnesin Rekordlar kitabına düşmək istəyirəm”

“Əksinə, gözümdə güclənmə hiss edirəm” O bir dəqiqədə 25 min söz oxuyur. Söhbət bir neçə gün bundan öncə hər kəsin heyrət etdiyi 8-ci sinif şagirdi Fatimə Zülfüqarlıdan gedir. Bir dəqiqə 25 min söz oxuyan Fatimə bunun üçün 3 ay öz üzərində işləyib. Müsahibimiz Fatimədir. İlk sualımız da məhz onun bu istedadı ilə bağlıdır. -Fatimə, necə oldu ki, belə bir istedadının fərqinə vardın?  -Əvvəl dərslərimi çətinliklə oxuyurdum. Bir dərsi oxumaq üçün uzun zaman xərcləyirdim. Bu da mənim üçün vaxt itkisi demək idi. Əlavə musiqi ilə və digər məşğuliyyətlərlə məşğul ola, istirahət edə bilmirdim. Sonradan interner vasitəsilə belə bir sistemin, proqramın olduğunu öyrəndim. Və başladım hazırlaşmağa. -Nə proqramıdır ki?  -Sürətli oxuma proqramı ilk dəfə Çində hazırlanıb. Ondan sonra isə zamanla bunu türklər də mənimsəməyə başlayıb. Hətta Türkiyənin bir televiziya proqramında da bir neçə gənc bu istedadını nümayiş etdirmişdi. Mən bu haqda araşdırma apardım, gördüm ki, Azərbaycanda da belə bir proqram var və başladım hazırlaşmağa. Bu proqramın ilkin variantında ancaq sürətli hesablamalar olub. Sonradan isə təkmilləşərək sürətli oxumanı da proqrama əlavə ediblər.  Mən də həvəsə düşdüm. Əvvəlcə görməni təkmilləşdirmək üçün onlayn şəkildə göz məşqləri etməyə başladım. Sonra isə maraqlandıq ki, Azərbaycandan Cəmilə Quliyeva adlı müəllimə onun kursunu keçib və şagirdlər hazırlaşdırır. Onun yanına getdim və bu bacarığımı onun sayəsində daha da təkmilləşdirdim. -İlk dəfə sürətli oxuya başlayarkən nə qədər söz oxuyurdun?  -İlk dəfə başlayanda dəqiqədə 52-56 söz oxuyurdum. Lakin ilk dərsimizdə Cəmilə müəllimə ilə hazırlaşandan dərhal sonra sınaqlar elədim və ilk dərsdən sonra 200-250 söz oxumağa başladım. Müəlliməm də inanmadı buna. O düşündü ki, bu sadəcə göz partlamasıdır. Amma davamlı şəkildə olduqdan sonra onlar gördülər ki, xeyr, bu göz partlaması deyil. Hətta bir həftəlik dərslərdən sonra mən dəqiqədə 1500 söz oxumağa başladım. -Bu müəlllimin sənin üzərində ciddi çalışması idi, yoxsa müstəqil çalışmaların bəhrə verdi?  -Hər ikisinin də mühüm rolu oldu. Bəzi müəlllimlər var ki, bildiklərini də şagirdlərinə düzgün tədris edib aşılaya bilmirlər. Lakin Cəmilə müəllimə öz bilik və bacarığını mənə düzgün şəkildə tədris etdiyi üçün bu daha çox effekt verdi. Mənim bu gün bu uğura imza atmağımda Cəmilə müəllimənin də əvəzsiz əməyi var. Mən də öz üzərimə düşənin öhdəsindən gəlməyi bacardım. O mənə gün ərzində bir saat sürətli oxumağı məşq etməyimi bildirsə də mən evdə saatlarla buna vaxt ayırırdım. Dayanmadan çalışırdım. -Bəs bunun texnikası, sirri nədən ibarətdir?  -Bunun əsas texnikası düzgün oturuş, düzgün baxış qaydasıdır. Hər bir elementin xüsusi əhəmiyyəti və sürətli oxuya təsiri var. Məsələn, kitabı oxuyarkən başı deyil, gözləri hərəkət etdirmək lazımdır. Bundan başqa xüsusi məşqlər var ki, gözün hərəkətini gücləndirir, göz əzələlərini inkişaf etdirir. İlk zamanlar bu məşqlərə başlayarkən gözlər, göz əzələləri möhkəm ağrıyacaq. Bir müddət sonra isə göz əzələləri inkişaf etdikdən sonra özünüz dəyişikliyi hiss edəcəksiniz. -Hədəflərin varmı sürətli oxu ilə bağlı? Səncə, sən daha çox məşqlər etsən, nə qədər söz oxuya bilərsən? Bunu davam etdirəcəksən, yoxsa bu qədər bəs edər? -Maksimum dərəcədə öz üzərimdə işləyəcəm ki, rekorda imza atım və mənim rekordumu heç kim yeniləyə bilməsin. Bu rəqəmlərin neçə olacağı haqqında dəqiq heç nə deyə bilmirəm. 1 dəqiqədə 100 min də ola bilər. -Bu gözlərin zəifləməsi ilə nəticələnməz ki? Gözündə zəiflik hiss edirsənmi? -Xeyr, əksinə. Gözümdə daha da güclənmə hiss edirəm. Lap əvvəllər sürətli oxuya başlamamışdan qabaq gözümdə zəiflik hiss edirdim. Lakin sürətli oxuya başladıqdan sonra, göz məşqlərini etdirdikdən sonra gözümdə güclənmə hiss etdim. Həkimlər də baxış keçirdiblər və məlum oldu ki, mənim görməm -3-dən (mənfi 3) -1-ə (mənfi 1) qalxıb. Yəni görmə qabiliyyətim daha da güclənib. Normal insan 120 dərəcə görmə qabiliyyətinə malikdirsə, məndə artıq 180 dərəcədir gözümün görmə sahəsi. -Əvvəl dərslərin hazırlanmasına nə qədər vaxt sərf edirdin və bu gün nə qədər vaxt sərf edirsən? -Bu gün dərslərimin hazırlanmasına 15-20 dəqiqə vaxt sərf edirəm və mükəmməl şəkildə öyrənirəm. Çünki bir dərsi oxumağa bir dəqiqə kifayət edir. Mən onu bir neçə dəfə təkrar-təkrar oxuyuram ki, daha mükəmməl yadımda qalsın. Ona görə də ümumi dərslərimi hazırlamağa 15-20 dəqiqə sərf edirəm. Əvvəl isə dərslərimi hazırlamağa 5-6 saat vaxt sərf edirdim. Yaxşı yadımda saxlamaq üçün çox oxuyurdum. Bu da mənim gözümün zəifləməsi ilə nəticələnmişdi. Az öncə qeyd etdiyim kimi artıq sürətli oxumağa başlayandan sonra bir dərsi bir neçə dəfə oxumaq mənim 2-3 dəqiqəmi alır. Nə də gözlərim gücə düşmür.  -Sürətli oxuda özünə rəqib kimi görürsən?  -Rəqib deyəndə ki, indiyə qədər ən yüksək göstərici türkiyəli Tarıka məxsusdur. Onda isə 11 mindir sürətli oxu və anlamada. Mən isə hal-hazırda 25 min göstəricilərim var. Sürətli oxumaq əsas şərt deyil. Əsas şərt onu anlamaq və oxuduğunun 80 faizini dayanıqlı yadda saxlamaqdır. Bu barədə başqa rekorda imza atan hələ ki, rastıma çıxmayıb, bəlkə daha yüksək göstəricilər var. Həm də hesab edirəm ki, mənim rəqibim yoxdur. -Əhatəndə olanlardan, sinif yoldaşlarından sənə inanmayanlara, göstərdiyin nəticələrə şübhə ilə baxanlara münasibətin necədir? -Mən kimisə inandırmaq məcburiyyətində deyiləm. Hərdən çox təkid edirlər, mən də deyirəm ki, istədiyiniz kitabı gətirin, oxuyum özünüz görün. Fərqli - fərqli kitablar oxusam da yenə də onlar düşünürlər ki, mən bu kitabı öncədən oxumuşam. Amma bu elə deyil. Mən bütün kitabları oxumamışam ki. Düzü, özümə də çox təəccüblü gəlir bu. -İstənilən mövzuda kitabları bu sürətlə oxumağı bacarırsan, yoxsa ancaq bədii kitabları belə oxuya bilirsən?  -Hərdən elə kitablar olur ki, çox rəqəmlər olur və mən onun hamısını yadımda saxlaya bilmirəm. Və yaxud tarixlər, terminlər olur deyə onlar tam dəqiqliyi ilə yadımda qalmır. Bunun üçün bir neçə dəfə oxumalıyam kitabı. Amma bədii kitabların özəlliyi odur ki, onu təkrar oxumağa ehtiyac olmur. İlk oxunuşdan anlayıram və danışa bilirəm. -Tam olaraq sürətli oxumada nə proses gedir? -Tam olaraq gedən proses odur ki, mən kitabın səhifəsinin tam orta hissəsinə baxıram. Gözümün görmə sahəsi genişləndiyi üçün eyni zamanda kitabın əvvəlini və axırını da görüb oxuya bilirəm. Ona görə də səhifənin ortasında bir saniyə baxmaq mənə kifayət edir. Sonra gördüklərimi danışan zaman isə o gördüklərim gözümün önünə gəlir və mən rahat şəkildə oxuduğumu danışa bilirəm. -Hansı məktəbdə təhsil alırsan? -Elitar gimnaziyanın 8-ci sinifində oxuyuram. -Sürətli oxuma zamanı musiqi də dinləyirsən. Bəs bu sənin kitaba konsentrasiya olmağına, fikrini cəmləməyinə mənfi təsir etmir?   -Xeyr. Elə mən bu proqrama başlayanda mahnı ilə başlamışam deyə indi də musiqi ilə oxuya bilirəm. Elə bu proqramın özəlliyi də ondan ibarətdir ki, beyin inkişaf edir. Həm musiqi dinləyib musiqini başa düşürəm, həm də fikrim kitabda oxuduğumun yanında olur. Beyin yarımkürələrinin hər ikisi də aktiv şəkildə işləyir. Bu sürətli oxuma həm də yaddaşı gücləndirir, beyinin fəaliyyətini gücləndirir. -Sürətli oxuduğun kitablar müvəqqəti yadında qalır, yoxsa uzun müddət bu yaddaşına həkk olur? -Xeyr, müvəqqəti yadımda qalmır. Normal qaydada hamının yadında necə qalırsa, mənim yadımda da elə qalır. Bir həftə bundan qabaq oxuduğum kitabdan sual versələr, cavab verə biləcək qədər yaddaşımda qalır. -Bəs sürətli oxudan başqa hansı bacarıqların, məşğuliyətin var? -Sürətli oxudan sonra boş vaxtlarım çox olur. Üzgüçülüklə məşğul oluram. Bununla yanaşı, sürətli şəkildə piano ifa etməyi və gitarada da ifa etməyi bacarıram. -Qarşında hədəfin nədir? -Arzum və hədəfim 700 bal toplayaraq universitetə qəbul olmaqdır. Onun üçün də daim oxuyuram və hazırlaşdığım sahə üzrə biliklərimi digər kitablardan zənginləşdirirəm, eyni zamanda mütaliəmi də genişləndirirəm. 18 yaşım tamam olduqda isə sürətli oxu üzrə Ginnesin Rekordlar kitabına düşmək istərdim. “Fatimə ən uğurlu şagirdimizdir” Fatimə Zülfiqarlının bəhs etdiyi Cəmilə müəllimə (Quliyeva) ilə də həmsöhbət olduq. O “Cümhuriyət” qəzetinə müsahibəsində şagirdinin göstəriciləri ilə qürur duyduğunu bildirdi: “Bu sürətli hesablama və sürətli oxuma proqramı maraqlı olduğu üçün Türkiyəyə gedib orada öyrəndim. Öyrəndikdən sonra bunun metodikasını öyrətdilər bizə. Sonra gəldik Azərbaycanda bunu tədris etməyə. Fatimə isə bu proqramda ən uğurlu şagirdimizdir. Mən onun belə nəticələr göstərəcəyinə hələ də inana bilmirəm. Çox möhtəşəmdir, şagirdim ilə qürur duyuram”. -Cəmilə xanım, iddialara görə bu cür sürətli oxuma gözlərin zəifləməsinə gətirib çıxarır. Bu doğrudurmu? -Xeyr, əsla belə deyil. Çünki göz həkimləri belə gözləri zəif olanlara müalicə metodu kimi bu üsulları məsləhət görürlər. Gözləri zəif olanlar da bu metodlarla görmə qabiliyyətlərini artırırlar. Bu əksinə, görmə qabiliyyətini daha da kəskinləşdirir və yüksəldir. -Sürətli hesablama proqramında ən yüksək göstəricilər nə qədərdir? -Dəqiqədə 100-150 misal həlletmə qabiliyyətinə malik uşaqlarımız var. Sürətli hesablamadan fərqli olaraq sürətli oxuma yaddaşın da inkişafına daha çox təkan verir. -Sizin özünüzün sürətli oxu göstəriciləriniz nə qədərdir? -Mən bunun sırf öyrətmə, tədris metodikasını öyrənmişəm. Yeni başlayanda göstəricim dəqiqədə 800 idi. -Sizcə, bu gedişlə sürətli oxuda maksimum hansı nəticəni əldə etmək olar?  -Bu gedişlə dəqiqədə 100 min söz də oxuma potensialı var. İnşallah proqramı davam etdirmək istəyirik. -Son olaraq valideynlərə nə demək istərdiniz? -Valideynlərə məsləhətim budur ki, övladlarını da bu proqramlara cəlb etsinlər. Onlar da sürətli oxuma ilə dərslərini tez hazırlayıb digər məşğuliyyətlər üçün də vaxt tapa biləcəklər. Həmçinin bu proqram vasitəsilə uşaqların da yaddaşları 10 dəfədən daha çox güclənəcək, bu da onların oxumaq, öyrənmək potensiallarının yüksəlməsi deməkdir. Rövşən Əsədov  





Həftənin ən çox oxunanları