Yuxarı

Kərkükdən həyəcanlı mesaj

Kərkükdən həyəcanlı mesaj

Fövzi Əkrəm Tərzi: “İnsanlarımız ölür, yurdundan didərgin düşür, torpağımız əldən gedir”

Mosul şəhərinin İŞİD terror qruplaşmasından azad ediməsi üçün hərbi əməliyyatların başlanmasından bir həftə ötür. Artıq koalisiya qüvvələri şərq və şimal istiqamətindən Mosula xeyli yaxınlaşıb. Eyni zamanda, türkmənlərin yaşadığı Kərkük şəhəri İŞİD terrorçuları tərəfindən son 4 gündə ardıcıl hücumlara məruz qalıb. Dünən daha dörd intiharcı İŞİD yaraqlısı Kərkükə hücum edib. Türkmən icmasının daha çox yaşadığı Tilafər şəhəri isə İŞİD-in işğalı altındadır. Hazırda türkmənlərin vəziyyəti çox gərgindir və onlar könüllü silahlanaraq öz torpaqlarını qorumaq məcburiyyətində qalıblar.

“Cümhuriyət” qəzeti İraqda, o cümlədən, türkmənlərin yaşadığı bölgələrdə yaranmış vəziyyətlə bağlı ətraflı məlumat almaq üçün İraq parlamentinin sabiq üzvü və türkmən təmsilçisi, İraq Kərkük Yazarlar Birliyinin rəhbəri Fövzi Əkrəm Tərzi ilə əlaqə saxlayıb.

“Türkmənlər sahibsiz qalıb”

- Əkrəm bəy, Hazırda İraqdakı vəziyyətlə bağlı çoxsaylı informasiyalar gəlir. Türkmənlərin yaşadığı bölgələrdə də vəziyyətin gərgin olduğu bildirilir. Gerçək məlumatı biz sizdən eşitmək istərdik. Hazırda vəziyyət necədir? - Hazırda İraqda vəziyyət agırdır, təlaşlıdır, qarışıqdır. Türkmən bölgələrində vəziyyət çox gərgindir. Xüsusilə də türkmənlərin daha çox yaşadığı və İraqın ən böyük şəhərlərindən olan Tilafər şəhəri 2014-cü ildən İŞİD terrorçularının işğalı altındadır. İŞİD Təlafərin tarixini, varlığını, şanını, infrastrukturunu yox edib. Necə ki, ermənilər Qarabağı ələ keçirdikdən sonra Azərbaycanın bu bölgədəki hər şeyini məhv etdilər, İŞİD də eyni əməli Tilafərdə törətdi. Hətta türkmənlərin yaşadığı Xurmatu kəndinə kimyəvi silahla da atəş açdılar. İraq türkmənlərinin halı çox bərbaddır, onların varlığı yox olmaq təhlükəsi ilə üzləşib. Mən sizin yaratdığınız bu imkandan istifadə edib türk dünyasına səslənmək istəyirəm. Onlar mənim fəryadımı eşitməklə yanaşı, bizə yardım etsinlər, yaralılarımıza kömək göstərsinlər. Tələbələrim mənə yardım göstərsinlər. Türk dünyası əlibağlı qalıb. Mən 1990-cı illərdə Azərbaycanı görmədən Qarabağ üçün bir dastan yazmışam. Amma indiyə qədər bir yaralımız orada müalicə olunmadı. Bir yaralımıza, şəhidimizə belə sosial mediada da olsa informasiya dəstəyi verilmədi. Təəssüf edirəm. Ərəblərin 22 dövləti var, bir-birlərinə sahib çıxırlar. Xristianların Vatikanı var, Avropa Parlamenti var, arxası var. Yalnız türkmənlərə sahib çıxan yoxdur. İnsanlarımız ölür, yurdundan didərgin düşür, torpağımız əldən gedir. Füzulinin məmləkəti yağmalanır, Nəsiminin yurdu qətliama uğrayır. Bunun qarşısında türk dünyası əlibağlı qalıb və seyr etməkdədir. Bu sitəmə görə 3 milyon İraq türkmənləri türk dünyasına gileylənir.

“Dərmanlara ehtiyacımız var”

- Yaralı türkmənləri hazırda hansı xəstəxanalara aparırlar? Onların müalicəsi harada mümkündür? - Dörd gün öncə terrorizmə qarşı 65 dövləti birləşdirən koalisiyaya məxsus təyyarə Kərkükdən 35 kilometr aralıda, Dahuk vilayətində İmam Hüseynin Aşura mərasiminə toplaşan qadınları səhvən vurub. Halbuki orada nə İŞİD var, nə ordu var, nə də silahlılar var. O qadınlar İmam Hüseynin xatirəsinə ehsan verirdilər. 90 nəfərdən artıq qadın, uşaq şəhid oldu. Qalanları da ağır yaralıdır. Yüksək səviyyəli xəstəxanalarımız da yoxdur. Onların həyatını xilas etmək üçün həkim çatışmır. Eyni zamanda, Tilafərdə, Kərkükdə, Mosulda yaralananlara sahib çıxan lazımdır. Dərmanlara çox böyük ehtiyacımız var. Bütün türk dünyasının dəstəyinə ehtiyacımız var. Təəssüf ki, Birləşmiş Millətlər Təşkilatı başda olmaqla bütün dünya ağzı bağlı qalıb. Amma orada ölən bir xristian, ya bir erməni olsaydı, indi bütün dünya ayağa qalxardı, Roma papası işə qarışardı. Ölənlər türkmən olduğuna görə, heç kim yanımızda dayanmır. Bu hadisə heç informasiya kimi belə verilmədi.

- Yaralıları Türkiyəyə aparmaq mümkün deyil? - Əvvəlcə belə bir razılaşma var idi. Amma sonra iki dövlət arasında narazılıq yarandığına görə bu mümkün olmadı.

- İki gün öncə Türkiyə silahlı qüvvələri də Mosul uğrunda savaşa qoşuldu. Türkiyənin havadan və toplardan atəş açmaqla İŞİD üzərinə hücuma keçməsi türkmənlərin durumuna müsbət təsir etmir? - Türkiyə hərbçiləri əsasən Başika bölgəsində toplaşıb. Amma İraq hökuməti bunu qəbul etmir və bildirir ki, hər hansı xarici güc tankı, topu ilə gəlib İraqa daxil ola bilməz. Çünki hər iki dövlətin arasında rəsmi razılaşma yoxdur.

- Amma Kürdüstan Muxtariyyəti Türkiyə silahlı qüvvələrini İraq ərazisinə dəvət etdi... - Məsud Bərzaninin bu müraciəti ilə İraq hökuməti razılaşmır. Sadəcə olaraq, həmin torpaqlar Bərzaninin nəzarətində olduğu üçün oradan Türkiyə ordusuna yol veriblər.

“63 dövlət birləşib İraqı 3 hissəyə bölmək istəyir”

- ABŞ-ın müdafiə naziri Eşton Karter həm Ankarada, həm də sonra İraq hökuməti ilə danışıqlarda Türkiyənin Mosul əməliyyatına qoşulmasını istədiklərini dedi. Eşton Karterin bu mövqeyinin Türkiyə silahlı qüvvələrinin İraqa girməsində rolu nə qədər oldu? - Amerika 2003-cü ildən İraqa daxil olub. İraqın parçalanmasına dair Co Baydenin planı var. İraqı sünni, şiə və kürdlərdən ibarət üç hissəyə bölmək istəyirdilər. Amma həmin planda türkmənləri nəzərə almırdılar və yox etmək istəyirdilər. Eşton Karter də Amerikanın öz maraqlarını nəzərə alıb buna razılıq verdi ki, Türkiyə Rusiya ilə yaxınlaşmasın. Amma İraqın baş naziri Heydər Əl Abadi bunu qəbul etmədi və rədd etdi. İndi də 63 dövlət birləşib İraqı 3 hissəyə bölmək planı hazırlayıblar. İnşallah bu da baş tutmaz. Çünki İraq qədim Mesopatomiya torpağıdır.

- Narahatlıq doğuran məsələlərdən biri də bölgədə məzhəb savaşının baş qaldırmasıdır. Türkmənlər arasında da sünni və şiə müharibəsinin başvermə ehtimalı nə qədərdir?  - İraqda məzhəb müharibəsinin olmadığını deyə bilmərik. Amma türkmənlər arasında belə bir savaşın olmadığını deyə bilərik. Bizim üçün millət davası var. Amma Tilafərdə bu müəyyən qədər ola bilər. Çünki 2014-cü ildən bəri İŞİD Tilafərdə sünniləri saxlayıb. Şiələrin hamısı dərbədər oldu. Kimisi Bağdada, kimisi Kərbəlaya, bir başqası Ankaraya qaçdı, mühacir oldular. O bölgədə vəziyyət yaxşı deyil və qorxuludur. Biz Tilafərin nüfuzlu adamları ilə Ankarada və İstanbulda görüşdük. Mən bu görüşdə dedim ki, gərək onlar həyatında yeni səhifə açsınlar, qardaş olsunlar. Qan davası millətimizi məhv edər. Halbuki, 1920-ci illərdə türkmənlər ingilislərə qarşı qəhrəmancasına mübarizə aparıblar. Onlar çox mərd insanlardır.

- Tilafərin də Mosul kimi yaxın günlərdə işğaldan azad ediləcəyi üçün əməliyyat başlanacaqmı? - Hazırda İraq Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin qüvvələri hazır vəziyyətə gətirilib. Bütün güclərin arasında da razılaşma əldə olunub. İŞİD Suriyaya qaçmağa başlayıb. Onların aralarında bir təlaş, qorxu, fikir ayrılığı var. Dünən İraqın baş naziri “Həşti-Şəbi”nin Tilafəri azad etməsinə icazə verib. İnşallah, çox qan tökülmədən buna nail olarıq. Çünki İŞİD gedərkən binaları , heykəlləri partladır, insanları qətlə yetirir. Biz də çalışırıq ki, insanlarımız çox zərər görməsin.

- İraq Türkmən Cəbhəsinin lideri Ərşad Müslim Salehi bildirmişdi ki, 500 nəfər türkmən öz vətənini İŞİD-dən azad etmək üçün könüllü silahlanıb və əməliyyata qatılmağa hazırdır. Həmin o könüllülər döyüşə qatılıblarmı?  - Mən beş min nəfər könüllü silahlanmış türkməni özüm görmüşəm. Onlar daha çox Tilafərdəndir və artıq əməliyyatda iştirak edirlər. Onlar Tilafəri xilas edəcəklər. Amma peşmərgə asayiş qüvvələri bu məmləkətə sahib çıxsaydı və asayişi təmin etsəydi, İŞİD bu əraziləri işğal etməzdi. Ona görə də Kərkük və bütün türkmən bölgələri ilə bağlı bir narahatlıq var. Biz millətə müraciət edirik ki, öz torpaqlarına aslan kimi sahib çıxsınlar. Üzr istəyirəm, belə bir deyim var:“Qurd olmasaq, itlər bizi yeyər”.

- Bir neçə gündür İŞİD terrorçuları Kərkükə basqın etdilər. Şəhəri tam azad etmək mümkün olub, yoxsa orada hələ İŞİD-çilər qalır? - Onların sayı 100 nəfər idi. 50-dən artıq maşınla şəhərə daxil olan İŞİD-çilərin böyük əksəriyyəti snayperlər idi. Nəticədə xeyli türkmən öldürüldü. Polis və əsgərlərdən bir neçəsi qətlə yetirildi. Həmd olsun ki, terrorçuların hamısı məhv edildi və biri də sağ qalmadı.

“PKK İraqda qalmamalıdır”

- Türkiyə Mosul-Sincər bölgəsinin PKK-nın nəzarətinə keçməsindən narahatdır. Belə bir təhlükə nə qədər realdır? - İraqın Konstitusiyasında deyilir ki, heç bir terrorçu bizim ərazimizdə nə qala bilməz, nə də torpağımızdan keçə bilməz. Dünyada terrorçu kimi tanınmış hər bir təşkilat İraq ərazisini tərk etməlidir. Eləcə də PKK qonşu dövlətə-Türkiyəyə zərər verdiyinə, insanları qətlə yetirdiyinə, evləri yandırdığına görə, İraqda qala bilməz. İraq hökuməti onlara ölkədə qalmaq üçün hər hansı fürsət verməyəcək. İndi hökumət bir az zəifdir, İŞİD-lə qarşı-qarşıyayıq. Ona görə istəmirik ki, ikinci bir cəbhə açılsın. Zamanı gələndə PKK da ölkəni tərk edəcək. İraq yalnız iraqlılar üçündür.

- İraq ordusu Mosulun beş kilometrliyinə qədər irəliləyib. Şəhərin azad edilməsi nə vaxta qədər başa çata bilər? - Biz çalışırıq yavaş-yavaş, tələsmədən irəliləyiş olunsun ki, itkilər olmasın. Bundan əvvəl Fəllucədə, Tikritdə, Makfulda, Ələmdə yol verilən səhvlər ucbatından itkilər verdik. Amma indi dövlət də, hökumət də əməliyyatı yüksək səviyyədə təşkil edib.

- Bəs bu mübarizədə Azərbaycandan gözləntiləriniz nədir?  - Mən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. İndi də Azərbaycanın səfiri Ramiz bəy gəlib. Azərbaycanın bayrağı Bağdadın qəlbində dalğalanır. Bu da məni çox sevindirir. Amma qardaş qardaşdan gileylənə bilər. Azərbaycandan xahiş edirik ki, bizə sahib çıxsın. Bizə əmilik, dayılıq edin. Bir dua etsəniz, yenə bizi sevindirmiş olarsınız.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları