Yuxarı

“Yaxşı yaşamağımız Qərbə də sərf etmir”

“Yaxşı yaşamağımız  Qərbə də sərf etmir”

 

Vüsal Qarayev: “İnsanları  banklar özlərindən asılı vəziyyətə salıb”

Dövlət büdcəsindəki valyuta ehtiyatları sürətlə əriyən, işsizlik ordusuna hər gün yüzlərlə vətəndaşı qatılan Azərbaycanda vəziyyət anbaan çətinləşir. Total böhranın sosial partlayış və siyasi kataklizimlərə yol açması təhlükəsi qarşısında, kəskin bahalaşma dalğası da qabarır. Ölkənin əsas gəlirlərini neft qiymətlərinə hesablayan hökumət vəziyyətdən çıxış yolu da tapa bilmir. Keçirilən səthi - ad dəyişmək səpkisində olan islahatlar da yaxın gələcək üçün müsbət heç nə vəd etmir.

“Cümhuriyət” ölkə daxilində baş verən ictimai-siyasi prosesləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayevlə müzakirə edib.

- Vüsal bəy, artıq Azərbaycanda insanlar gecələrdən qorxurlar. Tarixin bir çox mərhələsində “bu tarixdən o tarixə keçən gecə”lərdə başımıza ağır işlər gəlib. İndi də gecə yatıb səhər qalxırıq ki, qiymətlər qalxıb, manat “ölüb”. Müxalifət də, cəmiyyət də səssizdir. Hökumət də istədiyini edir. Nə fikirləşirsiniz, bizə nə olub?

- Bu bir sual öz içində 3-4 sual gizlədir. Bu suallara cavab vermək üçün uzun zaman lazımdır. Qısa da olsa, cavab verməyə çalışacam. Ötən əsrin 90-cı illərinin əvvələrində məlum proseslər zamanı bildiyiniz kimi azərbaycanlılar dünyanın ən mübariz, cəsur xalqı seçilmişdi, əlində olan az imkanlarla imperiyaya qarşı çıxıb, öz azadlığını əldə etmişdi. Düzdür, sonradan bunun azadlıq olmadığını gördük, necə deyərlər, yağışdan çıxıb, yağmura düşdük. Deməyim odur ki, Azərbaycan xalqı heç vaxt bugünkü qədər qorxaq olmayıb. Bu xalq artıq hər mənada biganələşib özünə. Mədəniyyətimiz, təhsilimiz, milli mənliyimizə də biganə olmuşuq. Niyə? Çünki inamımız itib. Televiziya kanallarımız boşuna səviyyəsiz, düşük verilişlərlə doludur? Xeyr! Bu məqsədyönlüdür. Xalq da bu qədər bayağı hərəkətlərdən biganələşir. Artıq heç kimdə mübarizə əzmi qalmayıb. İnsanları banklar özlərindən asılı vəziyyətə salıb. Cəmiyyət ölüm sükutuna bürünüb, çünki acdır, borcludur. Sovet hakimiyyəti dağıldıqdan sonra bu xalqın yaşadığı ən çətin dönəmlərdən biridir.  Müxalifətin susmağına gəldikdə isə susanlar elə hakimiyyətin özündən maliyyələşən fiqurlardır. Amma danışanlar da var. Məsələn, AXCP olaraq bütün sosial, siyasi, iqtisadi məsələlərə dərhal və ən sərt şəkildə münasibət bildiririk. Problemlərdən çıxış yolları da göstəririk. Amma bu hökumət heç kimi eşitmir.

“Səmərəsiz xərclər çoxalır, xalqa qalan qazan dibidir”

- İşsizləri, günəmuzd işləyən vətəndaşları olan ölkənin hökuməti minlərlə manat məvacib alan deputatların maaşlarını qaldırdı. Necə olur ki, hökumət maaşlarından narazı deputatları tez eşidir, xalqın istək və tələblərinə susur?

- Öncə onu deyim ki, harda olursa-olsun, bir iqtidarın illərdir hakimiyyətdə qalması özü absurddur. Ölkənin çoxlu sərvəti var. Bu sərvətlərimizdən kimlərsə bəhrələnir. Dövlətin qazancları səmərəsiz xərclənir. Xalq isə yoxsuldur. Etiraf edilməli məsələdir. Qazan dibinə möhtac qalıb. Deputatı ona görə eşidir ki, o deputat hökumətin yarıtmazlığını ört-basdır etmək, bunu ictimaiyyətdən gizlətmək üçün lazımdır. Çünki həmin deputatları bu xalq seçməyib. Müəllimin, həkimin, jurnalistin də maaşı ona görə qaldırılmır ki, onların dəyəri qalmayıb.

“Xaos dərinləşəcək, bundan qaçış yoxdur”

- Belə getsə, nə baş verə bilər?

- “Belə getsə” deyəndə ki, artıq belə gedir və biz xaosun içindəyik. Bu, konkret belədir. Aclıq, işsizlik, rüvşətxorluq, korrupsiya, monopoliya, məmurların işləməsinə imkan vermədiyi qanunlar, ədalətsiz məhkəmələr, məmur özbaşınalığı daha nələr-nələr - bütün bunlar bizdə cəmləşib. Belə getsə, nə olacaq? Heç nə! Getdikcə xaos dərinləşəcək. Bundan qaçış yoxdur.

- Məgər, Azərbaycanı vətəndaşlar üçün normal yaşayışı olan ölkəyə çevirmək bu qədər çətindir?

- Çətin deyil. Sadəcə məsələ qəliz və dərindir. Mən bunu tam dərinliyi ilə açıqlaya bilmərəm, bu sahənin ekspertləri daha yaxşı izah edə bilərlər. Amma onu deyə bilərəm ki, bizim yaxşı yaşamağımız  daxildə də, xaricdə də kimlərəsə sərf etmir. Bizi xaos, aclıq içərsində saxlamaq istəyən qüvvələr də hökumətin yarıtmazlığından istifadə edib istəklərini reallaşdırırlar. Bizim hər birimizin yüksək səviyyədə yaşaması üçün Allah bu ölkəyə nə lazımdırsa, verib. Amma bu imkanlardan yalnız bir qrup oliqarx-məmur, rüşvətxor məmurlar istifadə edir. İndiyə qədər Qərbdən hansısa ciddi addım görübsünüzmü? Görə bilməzsiniz. Olanlar da sadəcə gözdən pərdə salmağa xidmət edib. Çünki, onların da öz maraqları var və bu maraqlar təmin olunursa, söz də bir şey deyəcəklər, əməldə başqa oyun oynayacaqlar.

Mənsur

 





Həftənin ən çox oxunanları