Yuxarı

“AYB-yə qarşı mübarizə sənət davası deyil”

“AYB-yə qarşı mübarizə sənət davası deyil”

“Qaraqanın məqsədi sənət deyil, kitabını satmaqdır”\\Ömər Xəyyam: “Bu davanın kökündə ev, qonorar, pul və məişət çərçivəsində olan məsələlər dayanır”\\Yazıçı Ömər Xəyyam (Xəyyam Mazanov) “Cümhuriyət”ə müsahibə verib. Müsahibədə günümüzün ədəbi, ictimai-siyasi reallıqları və yazıçının yaradıcılığı müzakirə mövzuları olub.\\“Ən yaxşı vətənşdaş mövqeyi peşəkar olmaqdır”\\- Azərbaycanın sosial-iqtisadi vəziyyəti ağırdır. Günah kimdədir: korrupsioner hakimiyyətdə, passiv müxalifətdə, yoxsa öz taleyinə biganə cəmiyyətdə?\- Davamlı narahatlıq və gərginlik keçirirəm. Yəqin ki, mövqeyimi soruşursan. Ən yaxşı vətəndaş mövqeyi peşəkar olmaqdır, şair Qismət öyrədib bunu mənə. Əgər sən jurnalist, mən yazıçı, deputat, məmur öz işində peşəkar olsa, hər şey yaxşı olar. Problemlərin hamısı qeyri-peşəkarlıqdan irəli gəlir. Bundan narahatam. Nazim Hikmət demiş, çıxacaq qaranlıqlar aydınlıqlara. Günah səndədi, məndədi.\\- Əsl vətəndaş olmağın yolu nədən keçir?\- Vətən insanlardır. Necə ki, incəsənətin dili, dini, irqi, milliyyəti, torpağı yoxdur, mənim üçün vətən anlayışı da belədir. Məsələn, isveçli bir yazar da mənim üçün vətəndaşdır. Yaxşı bir erməni sənətkar da vətəndaşdır. Dünyanı sərhədsiz, insanları din, dil, cins, irq, milliyyət fərqi olmadan sevirəm. İnsanın olan yer vətənimdir. Amma deyim ki, vətəndaş olmağın yolu vətəndən keçmir.\\“Dəfələrlə davalara çağrılmışam”\\- Amma cəmiyyətin demək olar ki, mütləq əksəriyyəti millətçidir, mental dəyərlərə bağlıdır. Yəni, belə düşüncə adamı üçün burada yaşamaq asan olmamalıdır.\- Dəfələrlə təhqir və tənqid olunmuşam, davalara çağırılmışam. Bütün hallarda millətçilik anlayışı mənə görə bayağıdır. Ümumiyyətlə, normal insanlar bunu müzakirə etməməlidirlər. Bu məsələni çoxdan aşmaq lazım idi. Mən dünya vətəndaşlığının, bəşəri insan olmağın tərəfindəyəm.\\“Ədəbiyyat adamı ədalətin yanında olmalıdır”\\- İstər dediyiniz problemlər, istər zövqlü oxucu qıtlığı, kitab bazarındakı böhran, istərsə də ədəbiyyata dövlət qayğısının olmaması baxımından Azərbaycan yaradıcı adamların yaşamaları üçün ideal ölkə deyil. Məhz bunlara görə bir çox yazıçı ölkədən gedib, bir qismi də gedəcəyi mesajını verib. Siz nə düşünürsünüz?\- Gediblər, amma mövzularına baxıram, yenə də Azərbaycandakı siyasi-iqtisadi, ictimai-sosial problemlərlə bağlı məqalələr yazırlar. Deməli, fiziki olaraq-bədən kimi gediblər, təfəkkür olaraq yenə də yerlidilər, burdadılar. Orda gedib qəhrəmanlıq eləmək də bir iş deyil. Seymura, Əli Əkbərə ümidlərim böyükdür, onlar yetərincə xidmətləri olan, intellektual, peşəkar yazıçılardır, yəqin ki, təfəkkür olaraq da gedəcəklər bizdən.\\Burda qalmaq da çətindir. Sənətdə maddiyyat ikinci dərəcəlidir. Mənim üçün bir prinsip var: sənət sənət üçündür. Heç vaxt kütlə üçün yazmamışam. Kütləvi olan hər şey bayağıdır. Yazıçı olmaqçün mənəvi rahatlıq lazımdır. Siyasi, iqtisadi və ictimai problemlər insanları mənən rahat olmağa qoymur. Ədəbiyyatçı bütün hallarda haqq və ədalətin tərəfində olmalıdır. Adam yazırsa, artıq bu, əxlaq müstəvisindədir. Əxlaqın içində də haqq, vicdan və ədalət var. Bizim cəmiyyətdə də bir az mənəvi yoxsulluq var. İçimizdə də bir qaşıq istedad var, bəzən buna xəyanət etməyə məcbur oluruq. Məişət qayğıları adamı narahat edir. Buna görə məcburam ki, köşə, kiminsə haqqında yazı yazım. Bununla da istedadıma xəyanət edirəm. Biz mövcud reallıqda yazıçılığa iş kimi yox, hobbi kimi yanaşırıq. Məsələn mənim işim jurnalistikayla bağlıdır, amma arada hobbi kimi nəsə yazıram. Lakin xarici yazıçılar ədəbiyyata iş kimi yanaşırlar. Biz səhər yerimizdən qalxıb üzümüzü qırxıb, əynimizi geyinib işə gedirik, onlar da yazı prosesinə elə gəlirlər. Azərbaycanda bu tarixən olmayıb. Hələ ki, getmək barədə düşünmürəm.\\- Bəs niyə ədəbiyyat bizdə iş ola bilmir?\- Niyə Azərbaycanda ciddi fizik, ciddi həkim, ciddi müəllim, insana əmtəə, mal kimi baxmayan məmurluq sistemi yoxdursa, buna görə də ciddi ədəbiyyatçı yoxdur, olmayacaq. Problemə kompleks yanaşmaq lazımdır. Azərbaycanda kitab bazarı yoxdur. Bizdəki yazıçıların əksəriyyəti kitablarını çap etdirmək üçün istedadlarına xəyanət edirlər: digər sahələrdə işləyirlər, saytlara köşə yazırlar, qəpik-qəpik pul yığıb kitab çap etdirib, sonra əllərində qapı-qapı düşüb satırlar. Yazıçılar tanıyıram ki, “JEK”lərə, bələdiyyələrə, icra strukturlarına gedib, kitablarını dəyər-dəyməzinə satırlar. Yazıçı bu işlə məşğul olmalı deyil. Bunun üçün kitab satış sistemi yaradılmalıdır. Burada nəşriyyatdan tutmuş PR, reklam, dizayn işləri, kitabın oxucuya, yarmarkalara, kitabxanalara çatdırılması prosesi olmalıdır.\\“Ola bilər bayağı yazmışam...”\\- “Sarışan hallar”a daxil olan, olmayan bir sıra hekayənizi oxudum. Əksəriyyətində mövzu eynidir: erotika və qadın. Niyə məhz bu mövzulara köklənmisiz? Erotikadan yazmaq daha rahatdır, ya mövzu qıtlığı var, yoxsa bu oxucu tələbidir?\- Heç vaxt oxucunu fikirləşib yazmamışam. İlk baxışda elə görünür ki, orada qadın və erotika var. Hekayələrdə ümumiyyətlə, erotika yoxdur, bunlar psixoloji xəstəliklərdən, psixoloji gərginliklərdən əziyyət çəkən insanların hekayələridir. Orada uydurulmuş bir obraz var: KA. O, mən deyiləm, onun prototipi də yoxdur. KA bir adamın qadına, dünyaya psixoloji münasibətidir. KA obraz deyil. Qaldı ki, erotikaya, bu bayağı mövzu deyil, ciddi mövzudur. Bu bizim yaradılışımızdır. Sən, mən, qardaşım, atam, anam bu prosesin nəticəsində yaranmış adamlarıq. Bizim tanıdığımız müqəddəs adamlar da cinsi aktla yaranıblar. Mənim anam bu prosesdən yaranıb. Bu necə bayağı bir mövzu ola bilər? Ola bilsin ki, mən bayağı yazmışam, mövzunu dərinliyi ilə çatdıra bilməmişəm. Bu başqa məsələdir. Mövzu özü ciddidir və bununla çox ciddi yazıçılar məşğul olublar. Başlanğıc - bu ki ciddi məsələdir?!\\- Amma elə bil mövzu olaraq ədəbiyyata baxışınızla, insanları daha çox maraqlandıran məsələlərə yanaşmanızda eynilik var. Məsələn, təklif edirsiniz ki, sevişmək istəyən gənclərə evinizin qapısı havayı açıqdır.\- Vaxtı-vaxtında orqazm olmayan insan vəhşiləşir. Bu, insanlarda da, heyvanlarda da belədir. Vaxtı-vaxtında sevişmək lazımdır. Biz əxlaq müstəvisində ruhsal məqamlardan həzz alıb, rahatlaşan kütlə deyilik. Məsələn, mən Tolstoyu oxuyanda, bir qadından aldığım həzzi ala bilirəm. Yəni, mənəvi zövqlə orqazm yaşaya bilərəm. Amma bunun Azərbaycanda çox adamda olduğunu düşünmürəm. Qoy, insanlar sevişsinlər. Buna görə də sevişmək istəyən gənclərə bu şəraiti yaratmağa hazıram. Çünki insanlar polis, adamların qorxusuyla parklarda, bloklarda, küçələrdə gərginlik içində sevişirlər. Qorxu altında olan sevişmədən həzz ala bilmirlər, gəlib bizdə sevişsinlər.\\- Normal sevişsək, Qarabağı geri ala bilərik?\- Düzdür, sevişə-sevişə heç kəs gedib Qarabağı gətirməyəcək. Lakin iki il orqazm olmayan qadın üçün Qarabağ önəmli deyil. Çünki o, hələ özünü işğal edən qara qüvvələrdən azad edə bilməyib, qaldı ki, gedib ermənilərdən Qarabağı azad etsin. O, hələ özünü kəşf etməyib. Bu insandan nə yaxşı ana, nə müəllim, nə fizik, nə də sənətkar olar.\\- Hekayələrə qayıdaq, bunlarda daha çox əcnəbi sayılan, bizə yad adalara üstünlük verirsiniz. Bunun izahı nədir?\- Orada KA obrazı var, onun adını Kərim də qoya bilərdim. Amma KA obrazın yox, situasiyanın adıdır. Üç obraz var: birinin adını Təranə, birinin Sənubər, birinin də adını Babaxan qoy. Bununla hekayənin keyfiyyəti, dadı qaçacaq, nəticədə hekayənin verdiyi mesajı ala bilməyəcəksən. KA, Agrippa adam adı deyil. Bu adlarda iştirak edən hərflərin öz mənaları var, bunu ancaq mən bilirəm.\(ardı var)\\Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları