Yuxarı

Şuşanın işğalındakı sirr pərdəsi: "Dağlarda toy” əməliyyatı

Şuşanın işğalındakı sirr pərdəsi:

"Şuşa Allahın ümidinə buraxılmışdı”

Ümidvar Məmmədli: "Hökumətin zəifliyi nəticəsində Şuşanı itirdik”

"Şuşaya yol Daşaltı və Xocalıda açıldı”

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından (1992-ci il mayın 8-də) 25 il ötür. Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Əsrarəngiz gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Şuşanın müdafiəsində cəsarətlə döyüşənlərdən biri də Şuşa Birlik Cəmiyyətinin sədr müavini, Qarabağ qazisi Ümidvar Məmmədlidir. Onun Şuşa ilə bağlı yaraları hələ də təzədir. Şuşa ilə bağlı təəssüratlarını Cebhe.info ilə bölüşən müsahibimiz alınmaz qalanın işğal xatirələrindən danışıb.

  • Biz Şuşanı niyə itirdik?
  • -Şuşa ilə bağlı danışanda çox böyük gərginlik keçirirəm. Çünki Şuşa Azərbaycanın qədim şəhəridir. Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Niyə? Çünki o, böyük bir mədəniyyət və ziyalılar şəhəridir. Şəhəri, milləti bölmürəm. Amma  XVII-XVIII və XIX əsrlərdə kütləvi surətdə mütəfəkkirlər əsasən Ordubaddan, Şəkidən, Şamaxıdan və Şuşadan çıxıb. Təkcə Şuşa 500-dən artıq elmlər doktoru, ziyalı yetişdirib.  Xudu Məmmədov yazırdı ki,  Şuşa, Qarabağ elə bir məkandır ki, Məkkəyə bənzəyir. Şuşadan 20 general, 6 Sovet İttifaqı Qəhrəmanı, 5 Milli Qəhrəman və s. çıxıb. Şuşa Dağlıq Qarabağın tərkibinə qatılandan sonra bu şəhərin əhalisinin sayı tədricən azalmağa başladı. Əgər XIX əsrin sonu XX əsrin əvvəllərində Şuşada 90 min əhali yaşayırdısa, Sovet hakimiyyəti dövründə 14-15 min nəfərə gəlib çatmışdı.  İşğal olunmamışdan əvvəl isə Şuşanın təxminən 22 min əhalisi vardı. 1920-ci ildə qərara alındı ki, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılsın və mərkəzi Şuşa olsun. Əslində bu, ermənilərin məkrli siyasəti idi. Şuşanı əgər o vaxt Dağlıq Qarabağın tərkibi elan etsəydilər, avtomatik olaraq orada erməniləşmə gedirdi və onların sayı artırdı.  Həmin dövrdə misgərlər, sənətkarlar etiraz etdilər ki, əgər Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılırsa, Şuşa onun mərkəzi ola bilməz. 1923-cü ildə məsələ müzakirə olundu. Qərara alındı ki, Xankəndinin adını Stepanakert qoysunlar və bu mərkəz şəhər olsun.Yeganə Azərbaycan rayonu idi ki, Dağlıq Qarabağın tərkibinə qatıldı. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Vilayət də bir "qara yara” idi.  Bu cür muxtar qurumları yaratmaqda Sovet hökumətinin məqsədi Gürcüstan və Azərbaycana təsir imkanlarını saxlamaq idi. Bu rus şovinist siyasəti idi. Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi 4,4 min kvadrat kilometr idi. Təəssüf ki, indi həmin ərazi 10 dəfə artıqdır. Zaman-zaman Azərbaycan torpaqlarının bir hissəsi Rusiyaya, Ermənistana və Gürcüstana verildi. Şuşalıların canfəşanlığı, cəsurluğu və nümayişi olmasaydı, Şuşanı Dağlıq Qarabağın mərkəzi elan edəcəkdilər.

"Müdafiə qərargahı Şuşada yaradılmalı idi”

  • Şuşa nə vaxt müdafiəsiz qaldı?
  • -Ermənilər hər zaman Azərbaycan torpaqlarını öz adlarına çıxıb. Eləcə də Qarabağı özününküləşdirib... Qarabağ heç vaxt ermənilərin olmayıb. Bunu tarix də, hamı da yaxşı bilir. Dünyanın ən qədim xalısı var. Bu pazırıq xalısıdır ki, Sak tayfalarının sərkərdələrindən birinin qəbrindən tapılıb. Həmin xalı hazırda Sankt- Peterburq şəhərində muzeydə saxlanılır. Ermənilər həmin xalını da özününküləşdirirdilər. Sonra bütün dünya alimləri sübut etdilər ki, həmin xalı Qarabağda toxunub. Ermənilər qoyun yox, donuz saxlayırdılar, onların necə gəbəsi ola bilərdi?  Əslində Sak tayfaları qədim türk tayfalarıdır. Onlar Hun tayfalarının bir qoludur.  Yəni, tarixdə erməni toponiminə aid heç bir şey olmayıb. Sovet hakimiyyəti dövründə ermənilər inkişaf etməyə başladılar. Beləcə də bu hadisələrin kökü yarandı. Şuşanın işğal olunma   səbəbləri çoxdur. 1960-cı ildə Şuşada rayon statusunu götürdülər və bütün idarə, müəssisələri Xankəndinə verdilər. 1965-ci ildə yenidən Şuşa rayon elan olundu.  Yəni, həmin dövrdən etibarən ermənilər öz işlərini görürdülər, məkrli siyasəti davam etdirirdilır. Hələ o dövrlərdən rus şovinistləri dənizdən-dənizə fikrini ortaya atmışdılar. Azərbaycanın üçdə iki hissəsi, Gürcüstanın isə üçdə bir hissəsi ilə Ermənistan dövləti yaradılmalı idi. Məhz Şuşa da Dağlıq Qarabağın ərazisinə düşdüyünə görə onlar üçün ilk növbədə Şuşanı götürmək idi. İgidyan soyadlı bir nəfər çıxışında bildirmişdi ki, Qarabağ bizimdir. Qorboçov isə demişdi ki, bəs Şuşanı neyləyək? Yəni, hələ o vaxtdan bunu düşünürdülər. Bu, əslində mesaj idi. Amma bunu Bakı heç düşünmədi. Şuşanın işğalı çox acınacaqlı bir məsələdir. Çünki mərkəz, o zamanki hakimiyyət Şuşanın müdafiəsini təşkil etmirdi. Tək qoymuşdular. Məsələn, hərbi qərargah Ağdamda yaradılmışdı. Halbuki, bu qərargah Şuşada yaradılmalı idi. Bizim informasiyalar Ağdama, oradan isə mərkəz Bakıya gedirdi. Hökumətin zəifliyi nəticəsində Şuşanı itirdik. Əslində Xocalı da getməyə bilərdi... Xocalı hadisəsindən sonra Azərbaycan hökuməti ayılmalı idi ki, Qarabağ əldən gedir. Kütləvi qırğınlar, faciələr oldu, amma heç bir tədbir görülmədi.  Xocalı gedəndən sonra artıq Şuşaya yol açıldı. Müdafiəsinə ögey münasibət bəslənildiyinə görə Şuşanı itirdik. Yoxsa ki, qədirbilən, qeyrətli şuşalılarımız çox idi. Onlar müdafiəni özü-özlüyündə təşkil etmişdilər. Şuşanın getməsinin bir yolu da Daşaltı əməliyyatı idi.  Azərbaycanda Milli Azadlıq Hərəkatı vaxtı Azadlıq meydanında tələb olunurdu ki, Milli Ordu yaradılsın. Təəssüflər olsun ki, Azərbaycan rəhbərliyində olan o vaxtki şəxslər bunu etmədilər. Məcburən iki batalyon və Müdafiə Nazirliyi yaradıldı. Bu, ona görə edildi ki, Milli Ordunu yarada bilməyəcəklərini sübut etsinlər. Bütün bunlar Şuşanın getməsinə xidmət edirdi. Şuşanın işğalına bir həftə qalmış şəhərin gedəcəyi  İranda müzakirə edilmişdi. Yəni, mayın 3-də məlum idi ki, ermənilər ayın 9-nu qələbə günü kimi qeyd edəcəklər. "Dağlarda toy əməliyyatı” qurublarmış... Azərbaycan hökumətində heç bir prinsipial mövqe olmadı. Heç bir  azərbaycanlı, ən namərdi belə istəməz ki, torpağı ermənilərə verilsin. Sadəcə zəiflik göstərildi, diqqət yetirilmədi. Kimsə vəzifəsindən, kürsüsündən qorxdu. Amma Şuşada yuxarı vəzifədən tutmuş aşağı təbəqəyə qədər hamısı rayonun müdafiəsində iştirak etdi. Həm texnika da çox az idi. 366 məntəqədə 55-ə yaxın BTR vardı.  2-3 tank və texnika ilə şəhəri necə müdafiə etmək olar? Şuşanın işğalı günü 200 nəfərə yaxın şəhid verdik. Şuşanın müdafiəsinə təkcə şuşalılar deyil, digər rayonlardan da qeyrətli oğullarımız gəlmişdi. Şuşa mərkəz tərəfindən idarə olunmurdu, bununla belə döyüşçülərimiz onun müdafiəsini qəhrəmanlıqla yerinə yetirirdilər. Şuşaya dövlət tərəfindən heç bir kömək olunmadı, sadəcə Allahın ümidinə buraxılmışdı. Düzdür, digər rayonlardan qeyrətli oğullarımız axışıb gəlirdi. Bu, başqa məsələdir. Şuşa işğal olunur, bəs sən nəyə gərəksən, a Bakı? Bu məsələ çox düşündürücüdür... Hər dəfə hansısa rayonun işğalı vaxtı yığışırıq "Fatihə” oxuyuruq, şəhidlərimizi ziyarət edirik. Bununla iş düzəlməz. Fikrimcə, bu problem siyasi yolla həll olunmayacaq. Erməniləri vurub torpaqdan çıxarmaq lazımdır. Bunun başqa yolu yoxdur. Arxasında kimlərin durmağından asılı olmayaraq, milləti bir yerə yığıb torpaqlarımızı azad etməliyik. Şükürlər olsun ki, hazırda ordumuz çox güclüdür, kifayət qədər texnikamız var. Biz inanırıq ki, torpaqlarımızı azad edəcəyik. O inam olmasa biz yaşamarıq.

"Belə informasiyalar cəmiyyəti çaşdırır”

  • Şuşadakı batalyonun Bakıda olan siyasi qüvvələrlə hər hansı yaxınlığı var idimi?

-Onu deyirlər, boş söhbətlərdir. Mərkəzi Komitə olan yerdə hansısa siyasi qüvvə heç nə edə bilməz. Əgər dövlət səviyyəsində müdafiə olunmurdusa, hansısa batalyondan 5 nəfər getməklə şəhəri verə bilməz. Belə informasiyalar cəmiyyəti çaşdırır. O dövrdə könüllülərdən ibarət dəstələr döyüşə gəlirdi. Onlar da yaxşı bilirdi ki, ölümə gəliblər. Eyni zamanda orada hansısa oyun oynamaq mümkün deyildi. Qızğın döyüş getdiyi bir vaxtda hansı oğul harasa informasiya ötürə bilər? Mən inanmıram ki, Azərbaycan xalqının içində satqın olsun. Sadəcə Azərbaycan dövlətinin gücü çatmadı ki, Şuşanı saxlasın. Niyə axı satqınları öz içimizdə axtarmalıyıq? Bu düzgün deyil. O vaxtı Sovet hakimiyyəti dövrü idi. Ordu onun, cəbhə onun, top onun, topxana onun idi.

  • Konkret Şuşanın işğalı kimə lazım idi?

-Şuşanın işğalı yalnız ermənilərə lazım idi. Vaxtilə əlimizə xəritələr keçmişdi. Şuşanın adını orada Şuşanik qoymuşdular. Ermənilər 70 il bu mübarizəni aparıblar. Onlar Şuşanı öz şəhərləri kimi hesab edib dünyaya da belə informasiyalar yayırdılar. Şuşa müqəddəs yer idi. Bu gün Şuşa alınmalıdır. Çünki bu şəhər mədəniyyət ocağı  olmaqdan əlavə həm də qeyrət simvoludur. Biz səfərbər olunub yalnız döyüşməklə torpaqlarımızı almalıyıq. İnanırıq ki, üçrəngli bayrağımız Xankəndində dalğalanacaq.

  • Ramiz Qəmbərovun ölümündən sonra Şuşa işğal olundu. Şuşanın müdafiəsində onun rolu nə qədər idi?

-Ramiz Qəmbərov qəhrəmandır. Qəhrəmanlar isə müzakirə olunmur. Onun qəhrəman olmasının siyasi məsələyə heç bir dəxli yoxdur. Torpağın getməsi və ya alınması bir nəfərə bağlana bilməz. Ramiz Qəmbərov kimi oğullar Şuşada yüzlərlə olub və indi də var. Biz Şuşada yüzlərlə şəhid verdik. Onları bir-birindən ayırmaq düzgün deyil. Ramiz Qəmbərov əslində örnəkdir. Biz hələ istərdik ki, onun Bakıda heykəli ucaldılsın. Ümumiyyətlə, o nəsildən üç nəfər qəhrəman çıxıb. Şuşanın getməsinin onunla əlaqəsi yoxdu. Bu, Moskvada qurulmuş bir oyundur. Ermənilər yüz il əvvəldən  Şuşanı almaq niyyətinə düşmüşdülər.

  • Deyilənə görə, Elbrus Orucovun Şuşanın işğalında xüsusi missiyası olub. Bununla bağlı nə deyə bilərsiniz?

-Bu cür söhbətləri kiminsə haqqında deyirlər. Boş şeylərdir. Mən obyektiv insanam. Baxın, mənim torpağım gedib, mən də Elbrus Orucovu pisləyərəm, söyərəm, buna nə var ki... Bu  dövlət səviyyəsində olan məsələ idi. O vaxt hansı general qoyulsaydı, Şuşa gedərdi. Sadəcə Bakıdakı Mərkəzi Komitə Şuşanın müdafiəsini düzgün təşkil etməli idi. Ordu yaratmalı idi, texnika yeritməli  idi. Tutaq ki, mən satqınam, Şuşanı satıram. Bəs kənarda nə qədər rayonlar, qüvvələr var. Dur, təyyarə ilə, raketlə vur. Qoy biz də içində ölək. "Filankəs satqındır, torpaqlar satıldı”, bunlar boş söhbətlərdir. Zəiflik, savadsızlıq göstərmək isə ayrı bir məsələdir. Hər halda bu hamımızın yarasıdır və onu sağaltmaq üçün millət olaraq birlik nümayiş etdirib erməniləri ərazilərimizdən çıxarmalıyıq.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları