Yuxarı

AXCP sədri Razi Nurullayevin Türkiyə mətbuatına müsahibəsi

AXCP sədri Razi Nurullayevin Türkiyə mətbuatına müsahibəsi

"Avropa Birliyi  Türkiyəni regionda güc olaraq görmək istəmir”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev Türkiyənin nüfuzlu "Yeni Akit” qəzetinə müsahibə verib. Cebhe.info müsahibəni sizə təqdim edir.

"Türkiyə NATO-nun vuran əlidir”

-Razi bəy, təxminən bir ay bundan qabaq qardaş Türkiyə referendumdan çıxdı və yeni bir dönəmə qədəm qoydu. Necə düşünürsünüz, Türkiyə regionda balans yaradıcı faktor olmaq istiqamətində bundan sonra da sürətlə öz yoluna davam edəcəkmi? 

-Türkiyə dünya iqtisadiyyatının 16-cısıdır. İqtisadi cəhətdən güclü və asılı olmayan dövlətlər güclüdürlər. Türkiyə də gücünü iqtisadi inkişafının artması nəticəsində qazandı. Təbii ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın da şəxsi siyasi keyfiyyətlərini danmaq olmaz. Onun iradəsi sayəsində Türkiyə hər zamankından daha güclü, daha çox təsir gücünə malik bir dövlətə çevrilib. Qeyd etməliyəm ki, Türkiyənin cənab Ərdoğanın istədiyi formatda güclənməsi və regionda prosesləri diktə etməsi dünya güclərinə sərf etmir. Avropa Birliyi bundan xoşlanmır və əminliklə demək olar ki, Türkiyəni də regionda güc olaraq görmək istəmir. Bunun üçün də Türkiyənin əl-qolunun bağlanması üçün müəyyən gizli işlər aparılacaq, amma ümid edirəm və inanıram ki, qardaş ölkə bu çətinliklərdən də üzüağ çıxacaq.  

Hazırda, Avropa Birliyində söz sahibi olan Almaniya ilə Türkiyənin münasibətləri çox gərgindir. Almaniya belə görünür ki, öz hərbçilərinin İncirlik hərbi bazasından İordaniyaya köçürülməsi ilə bağlı qərar verəcək. Fransada erməni lobbisi çox güclüdür və bu ölkənin siyasətinə təsir gücünə malikdirlər. Ona görə də birmənalı olaraq Fransa da Türkiyənin regionda söz sahibi olmasında maraqlı deyil. Avstriya ilə münasibətlər zatən hər zaman kəskin olub və bu günə kimi də Avstriya Türkiyənin Avropa Birliyinə daxil olmasına nəinki qarşı çıxır, hətta onun müzakirəsini belə bloklayır. Avstriya xarici işlər naziri Türkiyə barəsində xoşagəlməz fikirlər dilə gətirir.
Hazırda demək olmaz ki, keçirilən referendum Türkiyəni gücləndirib və ölkəni sabitləşdirib. Əksinə, hələ ki, ölkəyə hücumlar var və bu hücumlar gəlməkdə davam edəcək. Referendumun nəticəsi olarar Ərdoğanın daha da güclənməsi dünya güclərinin planlarına daxil olmayan məsələ idi. Bu məsələyə başqa bir rakursdan da yanaşaq. Əslində, Avropa Birliyi və dünya gücləri Türkiyəni güclü və regionda söz sahibi görmək istəyir. Amma Türkiyənin başında cənab Ərdoğanı görmək istəmir. Dünya güclərinin Türkiyəyə qarşı diş qıcaması coğrafi və dövlət olaraq Türkiyəyə deyil, cənab Ərdoğana qarşıdır.
Türkiyə NATO-nun Yaxın Şərqdə görən gözü, vuran əlidir. Bu fakt imkan verir ki, Türkiyə regionda balans rolunu qoruyub saxlaya bilsin və daha da güclənsin. Rusiya ilə əlaqələrin normallaşması və Suriyaya qarşı Türkiyənin təzyiqinin azalması bu amilə kömək edən faktorlardır.    

"Türkiyə İsraillə dost ola bilər”

-Sizcə, bu yolda Türkiyə kimə daha çox bel bağlayır? Rusiya ilə münasibətlər istidir, hətta buna qeyri-rəsmi müttəfiqlik də demək olar, Aİ ilə münasibətlər gərgindir, məncə Türkiyə çox ciddi manevrlər edib türk islam coğrafiyasını bir araya gətirmək üçün cəhdlər edəcək. Siz necə proqnoz verirsiniz? 
-Türkiyənin bel bağlayacağı ən yaxın dostu Azərbaycandır. Lakin Azərbaycanın hələ ki, dünya proseslərinə ciddi təsir imkanları yoxdur. Türkiyə ABŞ-a bel bağlaya bilər. Amerika ilə nə qədər çox didişsə də, narazılıqlar olsa da, sonunda Amerika ilə dil tapa bilir və biləcək. Çünki dünyəvi müsəlman dövləti kimi Türkiyə Amerikaya lazımdır. Bəlkə də Türkiyə türkdilli müsəlman dünyasına bir qapıdır. Misir isə ərəbdilli müsəlman ölkəsinə bir qapıdır. Səudiyyə Ərəbistanı və Qətər də bu rola iddiaçıdır. Azərbaycan da dünyəvi müsəlman ölkəsidir və bu sahədə iki qardaş ölkənin birgə səyləri də ABŞ-ı Türkiyənin və Azərbaycanın yaxın dostu edə bilər. Lakin İsrail faktorunu unutmaq olmaz. 

Fələstinli qardaş və bacılarımızın maraqlarına ziyan vurmadan, o cümlədən İran dövlətini incitmədən İsrail ilə dostluq münasibətlərinin qurulması vacidbir. Zənnimcə, Türkiyə İsrail ilə dost ola bilər və bu zaman İsrail səmimi olaraq Türkiyənin dostuna çevrilər. Yaxın Şərqdən kənarda isə bizim dostumuz və qardaşımız Pakistan dövlətidir. Hətta əlimdə imkan olsa, mən Türkiyə-Azərbaycan və Pakistana "bir millət, üç dövlət” deyədim. Pakistan bizim qardaşımız və həqiqi dostumuzdur.

"Türkiyə nə qədər çalışsa da Ermənistan heç zaman dost olmayacaq”

-Türkiyənin Ermənistan- Azərbaycan münaqişəsində hansı mövqedə olduğunu bilirik. Son dönəmdə Azərbaycan siyasətində təbiri caizsə, daşlar yerindən oynayır. Bu baxımdan sizcə Türkiyə öz geosiyasi maraqlarına uyğun davranıb daha fərqli bir mövqe nümayiş etdirə bilərmi? 
-Türkiyə bir neçə il öncə futbol diplomatiyasını işə saldı, sonra sərhədləri açmaq üçün işləmlər başlatdı. Həm Türkiyənin daxilində, həm də geniş Türk dünyasında qınaqlara səbəb oldu. Nəticə etibarilə də ermənilər nəinki bunu alqışladılar, hətta Türkiyənin siyasi elitasının bu xöşgörülüyündən sui-istifadə edərək onun üzərinə daha da sürətlə getməyə başladılar. 

Mənə elə gəlir ki, Türkiyə gərəkən dərsi almışdır və bir də Türk xalqlarının əsəbləri ilə oynamaz. Bizdə bir deyim var. Deyirlər ki, beş barmağının beşini də bala batırıb onların ağzına soxsan, yenə deyəcəklər ki, zəhərdir. Türkiyə nə qədər çalışsa da Ermənistan heç zaman dost olmayacaq. Bu tarixin dərinliklərindən sübut olunaraq gələn acı həqiqətlərdir.    

"Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir”

-Regionda güclənən faktor, yəni güclü Türkiyənin fonunda Azərbaycanla münasibətlərin gələcəyini necə görürsünüz?
-Türkiyənin güclü olması elə Azərbaycanın güclü olması deməkdir. Regionda güclü Türkiyə Azərbaycanı da söz sahibi edəcək. Bunun üçün də biz Azərbaycan türkləri olaraq buna ancaq və ancaq sevinir, Türkiyənin dərdini dərd, sevincini sevincimiz görürük. Bu, bizim üçün belə deyilərsə, "göy girsin, qırmızı çıxsın” ("Gök girsin, kızıl çıksın").

Türkiyə-Azərbaycan münasibətləri iqtidarların münasibətinə söykənən dostluq deyil. Bu münasibətlər iki xalqın qardaşlıq tellərinə bağlıdır. Təbii ki, Türkiyə istər güclü olsun, istər zəif, fərq etməz. Bizim münasibətlərimiz Türkiyənin gücü və zəifliyi üzərində qurulmur. Amma doğrudur ki, güclü Türkiyə fonunda güclü Azərbaycan da olacaq. 

"Cümhuriyət”





Həftənin ən çox oxunanları