Yuxarı

Qətər böhranının gizlinləri

Qətər böhranının gizlinləri

Vüqar Zifəroğlu: "Suriya müxalifətinin siyasi qanadını Səudiyyə Ərəbistanı, hərbi qanadını Qətər dəstəkləyir”

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Maldiv adalarının Qətərlə diplomatik əlaqələri kəsməsi Yaxın Şərqdə ciddi siyasi böhran yaradıb. Bu problem öncə, Qətərin İranla yaxın münasibətlər qurması ilə izah edilsə də sonradan ərəb ölkələrini qarşı-qarşıya qoya biləcək başqa səbəblər meydana çıxdı. Dini-ideoloji zəmində baş verən ziddiyyət geosiyasi və hərbi münaqişə həddinə çatıb. Qeyd edilən məsələ ilə bağlı sualları "Oğuz" Müstəqil Araşdırmalar qrupunun rəhbəri, Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu cavablandırdı.

-Qətərin İranla gizli əlaqələrinin olması və terrorizmə dəstək verməsi barədə beş ərəb dövlətinin ittihamı nə dərəcədə realdır? Qətər əmiri Şeyx Təmim bin Həmid əl-Taninin isə regional güc kimi İranın və islam dünyasına təsir imkanı böyük olan Fələstinin "Həmas” təşkilatı ilə əlaqələri yaxşılaşdırmağı təklif etdiyi bildirilir. Halbuki, İranın şiələr yaşayan Yəmənə və Bəhreynə təsir imkanlarının daha yüksək olduğu gözlənilirdi.

- Yaxın Şərq əslində tarixi müəyyən qədər əvvələ gedib çıxan, lakin siyasi nöqteyi-nəzərdən ilk dəfə açıq şəkildə ortaya çıxan bir "Ərəb qarşıdurması”na meydan olmaqdadır. Yeddi ərəb ölkəsi, bölgədə kifayət qədər ciddi tutumu və Qərblə münasibətlərində dayanıqlı və sabit siyasətə malik olan Qətəri hədəf almaqdadırlar. Rəsmi Dohanın ünvanına səslənən ittihamlar kifayət qədər ciddidir: Qətər terrora dəstək verməkdə günahlandırılır. Səbəb kiçik, lakin strateji əhəmiyyətə malik olan bu ərəb ölkəsi rəsmilərinin "Hizbullah” və "Hamas”a yönəlik açıqlamalarda onları terror deyil, "dirəniş” təşkilatları kimi qəbul etməyin lazım olduğunu açıqlamalarıdır. "İxvan-ül Müslimin” hərəkatına kifayət qədər ciddi siyasi və ideoloji dəstək saxlayan bu sünni ərəb ölkəsinin birdən-birə İrana bağlı olan təşkilatlara belə isti münasibət sərgiləməsi, hələ bunun ABŞ prezidentinin kifayət qədər ciddi müzakirə predmeti olan Yaxın Şərq səfərindən çox az müddət sonra baş verməsi, təbii ki, ciddi səbəblərlə əlaqədardır.

-Yaranmış diplomatik böhranın kökündə ideoloji ziddiyyətlərin dayandığına dair məlumatlar yayılıb. Söhbət konkret olaraq, Səudiyyə Ərəbistanını idarə edən və səudlarla birgə müasir Səudiyyə Ərəbistanı dövlətini qurmuş Əbd əl-Vahabın davamçılarının Qətər əmirini vəhabiliyə xəyanətdə ittiham etməsindən gedir. Hətta Səudiyyə Ərəbistanının hərbi müdaxilə və ya qiyam yolu ilə Qətərdə hakimiyyəti dəyişəcəyi barədə proqnozlar səslənir.

- Ərəb ölkələri arasında siyasi rəqabət daha çox Qətər və Səudiyyə Ərəbistanı arasında gedir. Bu isə son dərəcə mürəkkəb və rəngarəng olan İslami siyasi-ideoloji hərəkatda özünəməxsus yeri olan mühafizəkar-sələfi cərəyanda liderliyi üstləmə cəhdiddir. Qətər, Misirdə yaranmasına rəğmən mühafizəkar cərəyanlar arasında kifayət qədər ciddi mövqeyə malik olan "İxvan” - "Müsəlman qardaşlar” hərəkatına dəstək verərək, səudların 20-ci əsrin əvvəllərindən etibarın öz nəzarətləri altında saxladıqları sələfi-mühafizəkar hərəkata müdaxilə imkanları əldə etməkdə idi. "Ərəb baharı”ndan sonra ard-arda Tunis, Əlcəzair və Misirdə "əxi”lərin əldə etdikləri siyasi qələbələr, heç şübhəsiz ki, həm də Qətərin qələbələri idi. Sonrakı proseslərdə bu hərəkatın öz mövqelərini itirmələri, hətta bir çox ölkələrdə qadağalara məruz qalmaları da şübhəsiz ki, Qətərin mövqelərinə zərbə endirmək məqsədi daşıyırdı. Bu qarşıdurmanın pik həddi isə, 2013-cü ilin iyulunda Misirdə yaşandı. Məhz "Müsəlman Qardaşlar”ın iqtidarda olduğu dönəmdə Qətərin həmin ölkəyə investisiya yatırımı 8 milyard dollara çıxdı. Əslində, bu durum açıq şəkildə Qətərin maddi gücü ilə həm Misirdə, həm də Misir üzərindən bölgədə "yumşaq güc” olmaq hədəfinin bir əlaməti olaraq da qəbul edilə bilərdi.

Sünni-mühafizəkar hərəkatın önəmli ismi olan ixvançıların əleyhinə düzənlənən hərbi çevrilişə sünni-mühafizəkar hərəkatın digər önəmli həlqəsi olan sələfilər tam dəstək verdilər. Beləliklə, Yaxın Şərq üçün çevriliş qapısı, Qərb ölkələrinin səssiz dəstəyi və küçə aksiyalarının əli ilə yenidən açıldı. Düz 3 il sonra - 2016-cı ilin iyulunda eyni ssenarini Türkiyədə gerçəkləşdirmək istəsələr də türk millətinin iradəsi buna fürsət vermədi.

"Sələfilər Misirdəhərbçilərə dəstək verdilər”

-Deməli, sələfilik və ixvan arasında ideoloji və siyasi qarşıdurma açıq, həm də daha dərin müstəviyə keçir?

-Qətər isə "İxvana” tam mənası ilə dəstək verən ən başlıca dövlətdir. Bu ilk növbədə "İxvan”ı Səudiyyə Ərəbistanından gələn radikal Vəhabiliyə (xəvaric və sələfiliyə) alternativ ciddi islami axın olaraq görmələrindən irəli gəlir. Eləcə də "İxvan”ı Birləşmiş Ərəb Əmirliklərinin təzyiqinə qarşı yararlı olan güclü siyasi alət kimi istifadə edirlər. Vurğulamaq lazımdır ki, "İxvan”-Sələfi qarşıdurmasının nəticəsidir ki, Misirdə Mursi iqtidarı hərbçilər tərəfindən hakimiyyətdən salınarkən yerli sələfilər orduya dəstək verdiklərini gizlətmədilər.

Təkcə Misirdə deyil, son 2 ildə Liviya və Suriyada da bu iki ərəb ölkəsinin maraqları ciddi şəkildə kəsişməkdədir və onların dəstəklədikləri qüvvələr kəskin şəkildə fəqrli yönlərdə təmsil olunmaqdadırlar. Hətta, bu iki ölkə Liviyada iki fəqrli hökuməti də dəstəkləməkdədir. Belə ki, Suriyadakı müxalifət içində parçalanmalar bir-biri ilə rəqabət içində olan bu iki ölkənin fərqli qruplaşmaları dəstəkləmələrinə yol açmaqdadır. Qətər əgər, yerli sünni-ərəb əşirətlərinə yardım və dəstək verirsə, Səudiyyə daha çox üçüncü ölkələrdən gələn və müxalifət tərəfində döyüşən qüvvələri dəstəkləyir. Hər iki ölkə Əsədin devrilməsində həmfikir olsalar da, müxalifət içində öz güclərini artırmaq niyyətindədirlər və post-Əsəd dövrünə öz maraqlarına uyğun alternativlərini formalaşdırmağa çalışır. Burada diqqət çəkən məqam odur ki, müxalifətin siyasi qanadında Səudiyyə Ərəbistanı, hərbi qanadında isə Qətər nüfuzludur.

Buradan belə nəticə çıxartmaq olar ki, məhz Trampın məlum səfəri zamanı Səudiyyəyə olan tam dəstək və bu ölkənin lider mövqeyinin qabardılması, ABŞ-ın bölgədəki hərbi mövcudluğunun kilid adı olan Qətəri qıcıqlandırdı. Nəticədə məlum açıqlamalar səsləndi. Nə qədər qəribə səslənsə də Livana qədər uzanan "Şiə dəhlizi” formalaşdırmaq niyyətində olan, İraq və Suriya iqtidarına tam təsir etmək gücü ilə Aralıq dənizinə çıxış əldə edən, Yəmən və Bəhreyndə nüfuz qarşıdurması yaşadan İran, bu gün ərəblərin biri-birilərini qorxutmaları üçün istifadə etdikləri ünvan olmaqdadır.

"Qətərin təcridində önəmliməqam məhz İrana olanloyal münasibətdir”

Ərəb ölkələri arasında baş verən ideoloji və geosiyasi rəqabət İranın bölgədədki mövqelərini möhkəmlədə bilərmi? Yoxsa, ərəb dövlətlərinin Qətərə qarşı birləşməsi İranı Ərəbistan yarımadasından sıxışdırıb çıxartmağa kömək edəcək?

- Əslində bu rəqabətdə İran da önəmli ünvandır. Hələ iki il əvvəl Qətərli diplomatların Livanda "Hizbullah” rəhbərliyi ilə görüşmələri və ardınca da bu ölkənin xarici işlər naziri əl-Saninin Suriya problemində İranın rolunun "həyati əhəmiyyət” daşımasını açıqladığına diqqət çəkmək istərdim. Ümumiyyətlə, bölgədə İranı ciddi təhdid olaraq görən Səudiyyədən fərqli olaraq, Qətər əmiri Şeyx Təmim bölgədə güclü bir İran istəyir. Yəni burada biz daha loyal münasibətin şahidi olmaqdayıq. Qətərin təcridi siyasətində önəmli məqam məhz İrana olan bu loyal münasibətdir. Trampın iqtidara gəlişi ilə İranla münasibətlərdə yaşanan gərginliklər fonunda Yaxın Şərqə səfəri bu ölkəyə münasibətlə bağlı Səudiyyə Ərəbistanı ilə aparılan məsləhətləşmələr, ABŞ-ın İrana münasibətində izləyəcəyi siyasətin konturlarını dəqiqləşdirməyə xidmət edirdi. Səudiyyə Ərəbistanı İranın təcridində önəmli mərkəz halını aldı. Yüz milyardlarla dollarlıq silah razılaşması, əslində bunun bir əlaməti idi. Burada diqqət çəkən başqa bir məqam odur ki, İran ilə birlikdə dünyanın ən böyük təbii qaz qaynaqlarına sahib olan, 15 milyard təsdiqlənmiş neft ehtiyatı olan Qətər, geosiyasi durumu səbəbi ilə İran ilə birlikdə hərəkət etdiyində Fars Körfəzi regionundakı proseslərə dəngələrinə ciddi təsir edə biləcək gücdədir. Bu səbəbdən Səudiyyə Ərəbistanı Qətəri İrana qarşı koalisiyanın işinə zorla da olsa, çəkmək məcburiyyətindədir. Bunu edə bilmədikdə isə təsir imkanlarını minimuma endirməklə təcrid etməyə çalışacağı artıq indidən aydındır.

-Baş vermiş diplomatik böhranı "İxvan”ın İranla birləşərək ərəb dünyasında güclənməsinin qarşısını almaq da adlandırmaq olar?

-Qətərin "İxvan”la münasibətləri çoxşahəli və hərtərəflidir. Məsələn, dünya media bazarında kifayət qədər ciddi nüfuza malik və söz sahibi olan "Əl Cəzirə” kimi televiziya kanalının "Müsəlman qardaşların” ixtiyarına verilməsi bunun ən bariz nümunəsidir. Yaxın Şərq mütəxəssisi Alan Qreşin təbirincə desək, bu gün "Əl Cəzirə” "İxvan”ın vəkilliyini edən bir media orqanına çevrilib.

Lakin Səudiyyə Ərəbistanı və təbii ki, oradakı hakim ideoloji axın "İxvan”a münasibətdə fərqli mövqedədir. Bu gün "İxvan” Səudiyyə Ərəbistanında rəsmən qadağan edilib. Bu isə ilk növbədə, nəinki ərəb, hətta bütünlükdə İslam dünyası üçün öz modelini (vəhabilik) qəbul etdirməyə çalışan səudların, "İxvan”da özləri üçün təhlükə görmələri ilə bağlıdır. Rəsmi şəkildə isə, başlıca bəhanə kimi Səudiyyə Ərəbistanının "qardaşlar”ı, Səddam Hüseynin 1990-cı ildəki Küveyt işğalına səssiz qalmasına görə bağışlamaması göstərilir. Qeyd edək ki, bu faktın özü digər ərəb ölkələrindən fərqli olaraq kiçik, lakin son dərəcə zəngin olan Küveytin, "İxvan”la hər zaman məsafəli davranmasının başlıca səbəbidir. 2002-ci ildə Səudların şahzadə ailəsinə mənsub olan daxili işlər naziri Nayifin "İxvan”la bağlı dedikləri, münasibətlərin nə dərəcədə pis olmasını göstərən ən bariz nümunədir: "Heç bir tərəddüd etmədən onu söyləyə bilərəm ki, problemlərimizin tək səbəbi "Müsəlman qardaşlar”dır”.

Hətta Suriya müxalifəti formalaşdırıldığı zaman belə, Səudiyyə Ərəbistanı "İxvan”ın orada yer almasına qarşı kəskin mövqe nümayiş etdirdi. Eyni mənfi münasibəti Birləşmiş Ərəb Əmirlikləri də sərgiləməkdədir. Bu isə "İxvan”ın dəfələrlə Əmirliklərdə bir İslam dövləti quracaqlarını bəyan etmələri ilə bağlıdır. Ərəb Əmirliklərində "İxvan” üzvü olmaq qeyri-rəsmi şəkildə qadağandır və hərəkatla əlaqədə şübhəli bilinən hər kəs dərhal həbs edilir. Qeyd edək ki, Misir inqilabından sonra BƏƏ 3 milyard dollar həcmində yardım edəcəyini bəyan etsə də, "İxvan”ın seçkilərlə hakiməyyətə gəlməsi nəticəsində bu pul ödənilmədi.

Qeyd etmək lazımdır ki, "İxvan” nümayəndələri əllərinə düşən ilk fürsətdə həm Səudiyyə Ərəbistanı, həm də Birləşmiş Ərəb Əmirliklərini ittiham etməkdədirlər. Məsələn, 2012-ci ilin mart ayının 5-də "Əl-Cəzirə”də yayınlanan proqramda "İxvan” vaizi və Qətər şöbəsinin rəhbəri Yusuf əl-Karadavi, suriyalı mühacirlərin BƏƏ-dən deportasiya edilməsi səbəbi ilə Allahın qəzəbinə gələcəklərini söyləyib.

-Sizcə, Qətər ətrafında gərginlik artacaq, yoxsa rəsmi Doha İranla münasibətlərinə yenidən baxmaqla vəziyyətdən çıxış yolu tapa bilər?

-Qətərə qarşı birliyə keçən ölkələrin sayının artacağı istisna deyil. Təbii ki, bu zaman irəli sürülən başlıca arqument məhz İran faktoru olacaq. Bu zaman rəsmi Dohanın "hakerlərlə bağlı” gətirdiyi son dərəcə qeyri-müəyyən və inanılması mümkünsüz olan "səbəb” şübhəsiz ki, qəbul edilməyəcək. Hər halda Qətərin bundan sonra Səudiyyə Ərəbistanının liderliyi və heç şübhəsiz ki, Qərbin xeyir-duası ilə formalaşdırdığı "sünni-ərəb” koalisiyasına və İrana sərgiləyəcəyi münasibətindən çox şey asılı olacaq. Altı ərəb ölkəsi ilə yanaşı, Maldivin Qətərlə ilişkilərini kəsmələrini bəyan etmələrinin zamanlaması diqqət çəkir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları