Yuxarı

Azəri milləti varmı?

Azəri milləti varmı?

Bəxtiyar Tuncay: "Türkiyədə bizə kamalistlər "azəri” deyir”

Bir neçə gün əvvəl türkiyəli tarixçi-alim İlbər Ortaylı "azəri adlı millət yoxdur, bunu Stalin uydurub” fikrini səsləndirib.Tarixçi-alimin bu fikri Azərbaycan ictimaiyyətində böyük müzakirələrə səbəb olub.Qeyd edək ki, sovet dövründə Azərbaycan vətəndaşlarının milli mənsubiyyəti azərbaycanlı kimi göstərilirdi.1918-ci ildən 1937-ci ilə qədər Azərbaycan pasportunda milliyyət "türk” olaraq yazılıb.1937-ci ildən 1995-ci ilə qədər pasportlarda milliyyət qrafasına "azərbaycanlı” yazılıb.Yeni şəxsiyyət vəsiqəsində artıq milliyət qrafası yoxdur.Yəni şəxsiyyəti təsdiq edən sənədlərdə Azərbaycan Respublikası vətəndaşlarının milliyyəti göstərilmir.

Ümumiyyətlə, Azərbaycan əhalisi necə adlanmalıdır?"Azəri” kəlməsi nə zamandan işlədilməyə başlayıb?"Cümhuriyət” qəzeti məsələnin bu və digər suallarını AMEA-nın böyük elmi işçisi, türkoloq alim Bəxtiyar Tuncaya ünvanlayıb.

"Onların təfəkküründə türk yalnız Türkiyə vətəndaşlarıdır”

- Tarixən "azəri” milləti olubmu?

- "Azəri” ifadəsi Stalinin yox, ondan öncə İrandakı Pəhləvi rejiminin sifarişilə səsləndirilib.XX əsirin əvvəllərində azərbaycanlıların guya türk yox, iranlı olmasını sübut etmək üçün "azəri” sözünü uyduran Əhməd Kəsrəvi olub.Stalin də həmin fikri Əhməd Kəsrəvidən götürüb.Rusların da məqsədi Azərbaycanın ta qədimdən türkdilli dövlət olmamasını sübut etmək olub.Guya burda farslar yaşayıb, Səlcuqlar gələndən sonra türkləşiblər. Bu, həm İran, həm də fars imperialistlərinin maraqlarına cavab verirdi. "Azəri” ifadəsinin işlədilməsi tamamilə səhvdir.Amma tarixdə azərbaycanlılara qısaldılmış şəkildə "azəri” deyiblər.Bu barədə ilk dəfə XIX əsirdə Qacarların göstərişilə çox sayda alimin farsca yazdığı bir kitabda "azəri türklərinin dili” ifadəsi yazılıb.Azəri ifadəsi ilk dəfə ərəb qramatikləri arasında işlənib, bundan qədimi yoxdur. Azərbaycan sözünün qısaldılması haqqında mübahisələr var. Bir çoxları deyir ki, "azərb” olmalıdır, az qismi isə deyir ki, "azəri” olmalıdır. Ərəblər ölkənin adını daha çox "azərb” şəklində ifadə ediblər.

Lakin problem burdadır ki, uzun müddət Türkiyədə də "azəri” ifadəsi işlədilib.Bunun da başlıca səbəbi odur ki, Mustafa Kamal Atatürkün dövründə Türkiyənin konstitusiyasına sərt bir maddə salındı.Başqa bir qanunda da göstərilib ki, həmin maddə dəyişilə bilməz.Həmin maddədə göstərilib ki, bütün Türkiyə vətəndaşları tükdür.Bu maddədən belə nəticə çıxır ki, Türkiyə vətəndaşı olan erməni, kürd, laz millətləri türkdür, ancaq Türkiyə vətəndaşı olmayan azərbaycanlılar, qazaxlar, özbəklər türk deyil.Bu, maddə konstitusiyaya məqsədyönlü şəkildə salınmışdı.Buna görə də Mustafa Kamal Atatürkün davamçıları bizi həmişə "azəri” adlandırıb.Çünki onların təfəkküründə türk yalnız Türkiyə vətəndaşlarıdır.Bu, tarixi faktdır.Kamalistlərdən öncə Türkiyədə azərbaycanlıları "azəri” adlandırmayıblar.Sünni-şiə müharibələrində Osmanlı türkləri bizə ya "əcəm” (ərəb olmayan), ya da "qızılbaş” deyiblər.Türkiyədə AKP hakimiyyətə gələndən sonra dünyaya baxış dəyişib.Demək olar ki, MHP-nin düşüncəsi qalib gəlib.MHP ideologiyasında türk ancaq Türkiyə türklərinə yox, bütün türklərə aid olan ifadədir.Amma hələ də kamalistlərin düşüncəsi dəyişməyib.Ən yaxşı halda Azərbaycan türkü demək olar. Əsasən rus, fars və erməni imperialistləri bizim türklüyümüzü inkar etmək üçün "azəri” ifadəsini işlədirlər. Təəssüflər olsun ki, Azərbaycan müstəqil olandan sonra Avropa terminologiyasında da "azəri” sözü möhkəmlənib.Əgər Hollandiyaya, Almaniyaya getsək, milliyyətimizi soruşanda Azərbaycan türküyəm desək də, onlar mütləq "azəri” yazacaqlar.

"Talışları da türkdilli adlandırmaq olar”

- Azərbaycanlıları Oğuz türkü adlandırmaq olmazmı?

- Anadoludan tutmuş Altaya qədər bir türk milləti var. Onsuz da parçalana-parçalana gedirik. Digər tərəfdən Azərbaycan türklərinin etnogenezində təkcə Oğuzlar yox, Qıpçaqlar da iştirak edib.Ona görə də bizim dilimiz türkologiya elmində Oğuz-Qıpçaq türkcəsi adlanır.Çünki dilimizdə Qıpçaq elementləri də çoxdur.Məsələn, payız fəslinin Oğuzcası təmiz deməkdir.Dilimizdə bu kimi misalları çox çəkmək olar.

Türk elə türkdür.Sadəcə fərqləndirmək üçün Azərbaycan, Anadolu, özbək, qazax türkü ifadələrindən istifadə edilib.Kimin hansı termini işlətməsi, onun siyasi baxışlarından doğur. O insanlar ki, turançıdır və gələcəkdə türk dünyasını vahid bir millət kimi görür, onlar türk sözünü bütün türk xalqlarına şamil edir. O insanlar ki, bu ideyaya inanmır və düşmən münasibəti bəsləyir, onlar daha çox "azəri”, "qazax” və.s terminlərdən istifadə edir. Üstəlik türk xalqları ifadəsini heç vaxt işlətmirlər, əvəzində türkdilli xalqlar deyirlər.Türkdilli xalqlar məsələsi də ikimənalıdır.Bəli, dilləri türk olduğu üçün türkdilli demək olar.Amma türkdilli ifadəsi daha geniş səslənir.Bu gün talışları da türkdilli adlandırmaq olar.Çünki onlar türk dilini bilirlər və əksərən bu dildə danışırlar.Türkiyədə kürdləri də türkdilli adlandırmaq olar.Amma türkdilli olmaq həmişə türk olmaq demək deyil.Əgər kimsə turançıdırsa, gələcəkdə onun türkdilli xalqlar ifadəsi işlətməsi məqbul deyil.Mütləq türk xalqları və yaxud türklər deməlidir.Bu, hər bir insanın siyasi düşüncəsindən asılıdır.Kimin hansısa məsələni hansı terminlərlə ifadə etməsini analiz etməklə onun siyasi düşüncəsini çox asanlıqla müəyyən etmək olur.

- Bəxtiyar müəllim, bu il aprelin 16-da Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirildi. Türkiyədə yaşayan bütün millətlərin, milli azlıqların və etnik qrupların türk adlandırlması konstitusiyanın 15-ci maddəsində əks olunmuşdu.Avropa Birliyi Türkiyəni öz sıralarına qəbul etmək üçün həmin maddənin ləğvini tələb edirdi.Türkiyədə aprel ayında keçirilən referendumdan sonra 15-ci maddəyə dəyişiklik edilibmi?

- Bu barədə dəqiq məlumatlı deyiləm. Yəqin ki, bu maddə ləğv olunsaydı böyük bir partlayış olardı.Zənnimcə, bu maddəni dəyişə bilməzlər.Çünki konstitusiyaya elə bir şey salıblar ki, bu maddə heç vaxt dəyişə bilməz.Buna görə də inanmıram ki, yaxın zamanlarda bu maddəni dəyişsinlər.Bu maddənin ümumilikdə türk dünyasına böyük ziyanı var. Kürdlərin içində inqilab ruhunun oyanmasının əsas səbəblərindən biri də budur.Kürdü türk elan edirlər.Halbuki, kürd türk deyil və onun öz milli dili və adı var. AKP gələndən sonra Türkiyə tarixində ilk dəfə kürdlərə kürd deyilməyə başlandı.Bundan əvvəl kürd adını işlətmək ümumiyyətlə, qadağan idi.Düşmənçiliyin də əsas səbəbi bu idi.

- Bizə "azərbaycanlı”, yoxsa "azəri” deyilməlidir?

- Qətiyyən, "azəri” deyilməməlidir. "azərbaycanlı” deyilə bilər, amma bu ifadə yalnız Azərbaycan türklərinə yox, ölkədə yaşayan bütün millətlərə şamil olunmalıdır. Əgər "azərbaycanlı” sözünü yalnız Azərbaycan türklərinə şamil etsək, o zaman bu, çox təhlükəli, qorxulu və düşmən bir fikir olar.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları